Kağız pullar yığışdırılacaq? – Açıqlamabackend

Kağız pullar yığışdırılacaq? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmi 7 milyard 890 milyon manata çatıb. Bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40.7 faiz və ya 2 milyard 282 milyon manat artım deməkdir.

Bəs nağdsız ödənişlər kağız pulu tamamilə sıradan çıxara bilər?

NOCOMMENT.az xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, orta və uzunmüddətli dövrdə kağız pulların dövriyyədən çıxması qaçılmazdır:

“Rəqəmsal iqtisadiyyata keçid bu prosesə ciddi təkan verir. Həm rəqəmsal valyutalar, həm də kriptovalyutalar ödəniş imkanlarını genişləndirir və nağdsız iqtisadiyyata keçidi sürətləndirir. Azərbaycanda da son dövrlərdə bankların tətbiq etdiyi müxtəlif təşviqedici faktorlar və qlobal kredit bazarlarının təsiri ilə nağdsız ödənişlərin həcmi artır. Kartlardan istifadənin artması, eyni zamanda ticarət münasibətlərinin və istehlak vərdişlərinin dəyişməsi ilə də əlaqədardır. Onlayn ticarətin miqyasının genişlənməsi bu keçidi daha da sürətləndirir”.

İqtisadçı qeyd edib ki, bu prosesin müəyyən riskləri də mövcuddur:

“Texniki problemlər, kibercinayətkarlıq, şəxsi məlumatların ələ keçirilməsi və hesablardan pul vəsaitlərinin oğurlanması kimi təhlükələr rəqəmsal ödəniş sistemlərinin əsas problemləri arasındadır. Lakin ümumilikdə götürdükdə bu risklər nağd vəsaitlərin istifadəsi ilə müqayisədə daha aşağıdır. Çünki nağd pulun saxlanması, itirilməsi və saxtalaşdırılması da ciddi problemlər yaradır. Digər tərəfdən nağd pulun emissiyası üçün əlavə xərclər tələb olunur, bu da iqtisadi baxımdan əlavə yükdür”.

R.Həsənovun sözlərinə görə, bu aspektləri nəzərə alsaq, kartlar və digər rəqəmsal valyutalar vasitəsilə ödənişlərin həyata keçirilməsi daha məqsədəuyğundur:

“Bununla belə, təhlükəsizlik məsələlərinə diqqət yetirmək vacibdir. Məlumatların üçüncü şəxslərin əlinə keçməməsi üçün güclü parolların tətbiqi, etibarlı onlayn platformalardan istifadə və fərdi məlumatların qorunması kimi tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır. Bu kimi addımlarla rəqəmsal ödənişlər zamanı yaranacaq riskləri minimuma endirmək mümkündür”.