Kanadanın keçmiş ədliyyə naziri və tanınmış kanadalı hüquq müdafiəçisi İrvin Kotler hüquq-mühafizə orqanlarının onun həyatına sui-qəsdin qarşısını aldığını təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
BBC-nin verdiyi məlumata görə, keçmiş nazir oktyabrın 26-da Kanada Kral Atlı Polisindən gözlənilən hücumla bağlı xəbərdarlıq alıb. Polis sui-qəsdin hazırlanmasında iştirak edən azı iki nəfərin izinə düşüb.
Hüquq-mühafizə orqanları heç bir təfərrüat açıqlamayıb və ya şübhəlilərin saxlanılıb-saxlanmadığını bildirməyiblər. Lakin bu yaxınlarda polis cənab Kotlerə onun həyatı üçün təhlükənin xeyli azaldığını xəbərdar edib.
Kanadanın “The Globe and Mail” qəzeti öz mənbələrinə istinadən gözlənilən sui-qəsd cəhdinin açıqlanmasını ilk xəbər yayıb. İrvin Kotler 2003-2006-cı illərdə Kanadanın Ədliyyə Departamentinə və Baş Prokurorluğuna rəhbərlik edib. 1999-2015-ci illərdə Kanada parlamentinin üzvü olub. Cənab Kotler uzun onilliklər ərzində insan hüquqları ilə bağlı fəaliyyətlərlə məşğul olub, İranda siyasi məhbusların maraqlarını vəkil kimi təmsil edib və İsraillə sıx əlaqələr saxlayır.
2008-ci ildən cənab Kotler İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması ideyasını fəal şəkildə təbliğ edir (Kanada bu ilin iyun ayında SEPAH-ı terror təşkilatı kimi tanıyıb). O, Raoul Wallenberg İnsan Haqları Mərkəzinin sədridir və antisemitizmlə mübarizə üçün bir sıra təşkilat və təşəbbüslərə rəhbərlik edir. Kanada kəşfiyyatının məlumatına görə, keçmiş nazir İran üçün prioritet hədəfdir. 2023-cü il oktyabrın 7-də İsraildə baş verən hadisələrdən sonra Kanada hüquq-mühafizə orqanları cənab Kotleri 24 saatlıq mühafizə altına alıblar və bu, bu günə qədər aradan qaldırılmayıb. O, gülləkeçirməz avtomobil, silahlı mühafizəçilər və digər qoruyucu tədbirlərlə təmin olunur.