Karantin ehtimalı ciddiləşir – bu şəxslər yenidən risk altındadır!backend

Karantin ehtimalı ciddiləşir – bu şəxslər yenidən risk altındadır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrlər dünyanın bir sıra ölkələrində, eləcə də qonşu Türkiyədə koronavirusa yoluxma sayının artması, eləcə də yeni ştamın ortaya çıxması Azərbaycanı da zəruri profilaktik tədbirlər görməyə məcbur edir. COVİD-19-a yoluxmaların sayı artarsa, karantin tədbirləri qaçılmazdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu mediaya açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib.

Onun sözlərinə görə, COVİD-19-un yeni ştamı olan “Eris”in bir xüsusiyyəti var ki, insanların immun sistemində gizlənə bilir. Bu xüsusiyyətinə görə yeni ştam insanlarda ağırlaşmalara səbəb ola bilər: “Bu səbəbdən insanlar maksimum şəkildə qorunmalıdırlar. Əsasən də vaksinasiyası olmayan insanlar təhlükə altındadır. Həmçinin yanaşı xəstəlikləri, onkoloji, revmatoloji xəstəliyi və immun sistemi aşağı olanlar risklə üz-üzədir. Hamilə və azyaşlılar xüsusən özlərini qorumalıdırlar. Bol maye qəbul etməli, maskadan istifadə olunmalıdır. Havalar soyuduğu üçün mövsümi infeksiyaların yayıldığı bir dönəmdəyik”.

Həkim-infeksionist qeyd edib ki, sərhədlər açıq olduğu üçün insanlar diqqətli olmalı, özlərini qorumalı və vaksinasiya olunmalıdırlar. Çünki immun sistemi aşağı olanlar nəinki koronavirusun “Eris” növünə, bütün ştamlara yoluxa bilərlər: “Qida rejiminə xüsusi diqqət yetirmək lazımdır. Həmçinin gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə saxlamaq, toplum olan yerlərdən uzaq durmaqla insanlar özlərini və yaxınlarını qoruya bilərlər”.

Bəs xəstəliyi keçirmiş, lakin peyvənd olunmamış insanlar üçün risk dərəcəsi necədir? Azərbaycanda hazırda hansı vaksinlər istifadə olunur və kifayət qədər vaksin varmı? Peyvənd olunmaq üçün hara müraciət edilməlidir?

TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, artıq bir neçə aydır ki, COVİD-19-un “Omikron” ştamına uyğun alt variant olan EG.5 dünyada sürətlə yayılmaqdadır, buna eyni zamanda “Eris” adı da verilib: “Xüsusilə də ABŞ, Çin, Avropanın bir sıra ölkələrində yeni və sürətli yoluxmalara səbəb olub. Bu ilk dəfə deyil. Bundan öncə də COVİD-19-un müxtəlif mutasiyalarını, ştamlarını biz müşahidə etmişik. Lakin dəyişməyən bir həqiqət var ki, hələ heç bir yeni yaranmış ştam özündən öncəkilərə nisbətən daha ağır gedişə malik olmayıb. Sadəcə, bu ştamın özündən əvvəlkilərlə müqayisədə yoluxuculuq sürəti daha yüksəkdir. Qısa bir zamanda kütləvi şəkildə yoluxmalara  səbəb ola bilər. COVİD-19-un yeni variantı əgər ölkəmizdə də aşkarlanarsa, təbii ki yoluxma sayında çoxalma olacaq. Lakin hər kəsə məlumdur ki, cəmiyyətin böyük əksəriyyəti bu xəstəliyi keçirib və sağalıblar. Bizim ölkədə COVİD-19-a qarşı peyvəndləmə göstəriciləri də qənaətbəxşdir. Vaksinlərlə bağlı hər zaman beynəlxalq tibbi qurumların tövsiyələrini biz nəzərə alırıq. Hələ ki  COVİD-19-un   “Omikron” ştamının EG.5 variantına qarşı Ümumdünya Səhiyyə Təşkilatı və digər nüfuzlu səhiyyə qurumlarının xüsusi bir tövsiyəsi açıqlanmayıb”.

İnfeksionist əlavə edib ki, hər zaman olduğu kimi,  COVİD-19-un bütün mutasiyalarına, variantlarına qarşı həssas əhali qrupu, risk qrupuna  daxil olan şəxslər diqqətli olmalıdır: “Yanaşı xəstəliyi olanlar, xroniki xəstəliyi olanlar, COVİD-19-a qarşı peyvənd olunmamış vətəndaşlar üçün hər zaman müəyyən qədər təhlükə mövcuddur”.

Həkim qeyd edib ki, hazırda yeni mutasiya ilə yoluxma hallarına rast gəlinməyib: “Belə bir hal öz təsdiqini tapmayıb”.

Dünyada COVİD-in yeni ştamlarının sürətlə yayılması narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 1 ayda dünya üzrə yoluxanların sayı 38% artıb.

APA xəbər verir ki, Avropada yoluxmaya artım 39, Sakit okeanın qərbində 52, Aralıq dənizinin şərqində isə 113 faiz təşkil edir.

Yoluxmaların artmasına koronavirusun sonradan ortaya çıxan yeni variantlarının, xüsusən də “Eris” olaraq bilinən Eg.5 və “Pirola” adlandırılan BA.2.86-nın səbəb olduğu qeyd edilir.

Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-da gündə 650 mindən artıq amerikalıda COVİD aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5% artıb. Son həftə ərzində ABŞ-da COVİD-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7%, ölüm halları isə 4,5% artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalılara COVİD-19-a qarşı vaksin olunmağı tövsiyə edib.

Almaniya, Fransa, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda da yoluxma sayında kəskin artım qeydə alınıb. Almaniyada gündəlik yoluxmaların sayının son dörd həftə ilə müqayisədə iki dəfə artdığı açıqlanıb. Almaniyada “Eris” və digər alt variantlara qarşı təsirli olduğu iddia edilən yenilənmiş peyvəndlər bu gündən etibarən tətbiq olunmağa başlasa da, Fransada peyvənd kampaniyası 2 həftə erkənə alınıb. Fransadakı peyvənd kampaniyasında ilkin olaraq XBB.1.5-ə uyğunlaşdırılmış yeni Pfizer peyvəndi istifadə ediləcək.

O cümlədən Latviyada yayda test nəticələri 5-10% pozitiv olduğu halda, hazırda bu rəqəm artıq 25%-ə yaxınlaşır. Ölkə əhalisinə bir həftə evdə qalmaq və digər şəxslərlə kontakt qurmamaq, küçəyə çıxan zaman isə respiratorlardan istifadə tövsiyə olunur.

Rusiyanın Altay vilayətində COVİD-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə karantinə bağlanıb. “Suqruntenfqaz”da yenidən maska rejiminə keçid müzakirə olunur.

ÜST risk zonasında olanları, əsasən də immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 18-də vaksinlərin dominant XBB.1 ştamlarına uyğunlaşdırılmasını tövsiyə edib. Avropa bazarlarında XBB.1.5-i hədəf alan üç yeni vaksin hazırlanıb. Avropa Səhiyyə Agentliyi sentyabrın 1-də BioNTech-Pfizer-in RNT peyvəndinin Avropada marketinq icazəsini təsdiqləyib. Modernanın oxşar peyvəndi də sentyabrın 15-də təsdiqini alıb. Novavax-dan zülal əsaslı peyvənd isə hələ qiymətləndirilmə mərhələsindədir. Avropa Səhiyyə Agentliyi qeyd edir ki, hər üç peyvənd ümidverici effektivlik əlamətləri göstərir.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyev APA-ya açıqlamasında bildirib ki, hazırda qonşu ölkələrdə COVİD-19-un yeni variantı aşkarlanıb: “COVİD-19-un yeni ştamı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir. Hazırda Azərbaycanda koronavirusun “Eris” variantının yayılması barədə rəsmi məlumat yoxdur. Vətəndaşlarımıza bildirmək istərdim ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və s. aiddir”.

“Artıq bir neçə aydır ki, COVİD-19-un alt variantı olan EG.5 – elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. Xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub”.

Bunu isə TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva APA-ya açıqlamasında deyib. O bildirib ki, bu hal ilk dəfə deyil, daha öncə də COVİD-19-un digər ştamlarında qeydə alınıb.

“Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştamm özündən öncəki ştamdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştamlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur.

Hazırda ölkəmizdə COVİD-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinməyib. İnsanların böyük əksəriyyəti COVİD-19 xəstəliyini artıq keçirib və sağalıb. Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir.

COVİD-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVİD-19-un bütün ştamlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir”, – şöbə müdiri qeyd edib.

Yeri gəlmişkən, Hindistanın cənubundakı Kerala ştatında “Nipah” virusuna yoluxanların sayı artır. Xarici KİV xəbər verir ki, bu ölümcül xəstəliyin müalicəsi yoxdur. Rəsmi olaraq “Nipah” virusundan biri uşaq olmaqla, beş ölüm halı qeydə alınıb. Hökumət ştatda məktəbləri və ofisləri bağlayıb, 9 kənddə mühafizə zonası elan edilib. Ştatın baş naziri Pinarayi Vajayan bildirib ki, virus 2 milyon insanın yaşadığı Kojikode şəhərində aşkarlanıb. Nazir sakinləri qorxmamağa, ehtiyatlı olmağa çağırıb. Qeyd edək ki, virus yoluxmuş şəxslə fiziki təmas zamanı da ötürülür. Xatırladaq ki, virus ilk dəfə 1999-cu ildə Malayziyada aşkarlanıb, o zaman 300-ə yaxın insana yoluxub, onlardan 100-dən çoxu dünyasını dəyişib. Bu, 2018-ci ildən bəri Keralada “Nipah” virusunun dördüncü yayılmasıdır.