“Karantin günlərində tez-tez toy-nişan məclislərinə dəvət alırıq…”- sənətçilər elə şeylər danışdılar ki…backend

“Karantin günlərində tez-tez toy-nişan məclislərinə dəvət alırıq…”– sənətçilər elə şeylər danışdılar ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koronavirus pandemiyasına görə, ölkədə mart ayından etibarən toy-nişan mərasimlərinin keçirilməsi qadağan edilib. Buna baxmayaraq hər gün qanunları pozub, övladlarına toy-nişan etmək istəyənlərlə bağlı xəbərlər yayılır. Təbii ki, onların hamısı qanuna müvafiq qaydada məsuliyyətə cəlb edilir. Çox təəssüf ki, qanuna qarşı çıxanların arasında yüksək vəzifə tutan şəxslər də var və onların demək olar ki, hər biri məsuliyyətə cəlb edilib.

Bu günlərdə ictimaiyyətin müzakirəsində olan Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi və bu toyun ətrafında baş verənlər artıq hər kəsə məlumdur.

Karantin günlərində təşkil edilən həmin toyda iştirak edən məmurlar, o cümlədən sənətçilərdən Azad Şabanov, saksafonçu Teymur Süleymanbəyli də cərimə olunublar.

Hadisə göstərdi ki, təkcə bəzi məmurlar deyil, eləcə də bir qism sənətçilər də qoyulan qaydalardan yayınmağa çalışırlar.

Maraqlıdır, sənətçilərdən daha kimlər pandemiya dövründə toy-nişan məclislərinə dəvət alıblar və onların bu təkliflərə cavabları necə olub?

NOCOMMENT.az xəbər verir ki, Musavat.com-un əməkdaşı məsələ ilə bağlı bir neçə sənətçi arasında sorğu keçirib.

Əməkdar artist, müğənni Nüşabə Ələsgərli pandemiya günlərində, toy-nişan məclislərinə təkliflər aldığını etiraf edib:

“Əlbəttə ki, təkliflər gəlir. Məsələn, bir müddət bundan əvvəl açıq havada ad günü mərasimi ilə əlaqədar sənətçi kimi məni dəvət etmişdilər. Buna anındaca etiraz etdim. Cavabında isə dedilər ki, açıq havada keçirilən məclislərə icazə var. Bununla belə mən yenə razı olmadım.

Qeyd etdiyim kimi, bu həm qanun baxımından düzgün deyil, həm də koronavirusa yoluxmaqdan qorxuram. xeyli sayda tanıdığım insanlar bu virusdan vəfat etdi. Bundan sonra koronavirusdan daha çox qorxmağa başladım. Baş verənlər onu göstərdi ki, bu məsələ ciddidir, onunla zarafat etmək olmaz”.

Əməkdar artist bir neçə gün öncə vəzifəli şəxslərin toy qadağası ilə bağlı qaydaları pozmasına da münasibət bildirib:

“Mən bu olaya çox təəssüf edirəm. Həmin şəxslər ağsaqqal, qanunlara səs verib, təsdiqləyən insanlardır. İndi onların özlərinin qanunları pozması böyük təəssüf doğurur”.

Xalq artisti, məşhur qarmon ifaçısı Aftandil İsrafilov isə sorğumuza cavab olaraq aşağıdakıları bildirdi:

“Dövlətimizin qoyduğu qanunlar var, hamımız onlara riayət etməliyik. Artıq neçə aydır ki, toylarla bağlı qadağa var. Amma görürsən ki, kimsə özbaşınalıq edib, bu qadağanı pozur və nəticəsi də çox pis olur, öz cəzasını alır”.

Tanınmış şairə və tamada Nazilə Səfərli isə bu günə qədər çoxlu sayda məclislərə dəvət aldığını bildirdi:

“Əlbəttə ki, dəvətlər gəlib. Ad günü, xınayaxdı, hətta nikah məclisi üçün müraciət edənlər olub.

Adama çox şey təklif edərlər, gərək düşünəsən.

Qanunlara hər kəs tabe olmalıdır. Həm, koronavirusa yoluxmaqdan çox çəkinirəm.

Bu yaxınlarda oğlumun ad günü idi. Yalnız ailə daxilində keçirdik. Hətta ata-anam belə gəlmədi. Həmçinin həyat yoldaşımın da ad gününü bu cür qeyd etdik.

Bu dövrdə toy, məclis keçirmək sadəcə ayıbdır. Bu toy çörək deyil ki, təcili yeyəsən. 2 il də gözləmək olar”.