Karantin rejimi qaydalarını pozan sahibkar həbs edildi – RƏSMİ AÇIQLAMAbackend

Karantin rejimi qaydalarını pozan sahibkar həbs edildi – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu vaxtda mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə maneə törədən hüquqazidd əməllərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Qaradağ rayon sakini Cavanşir Dilavərovun ölkə ərazisindəki xüsusi karantin rejiminin tələblərini pozaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı daxil olmuş məlumat əsasında Qaradağ rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Cavanşir Dilavərovun sanitariya-gigiyena və karantin qaydalarını pozaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yaşadığı evin zirzəmisində çayxana işlətməsinə əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd edilən obyektin fəaliyyət göstərməsi və orada müştərilərin olması müəyyən edilib, eyni zamanda Cavanşir Dilavərovun törətmiş olduğu qanunsuz əməlləri etiraf etməsi audio-video çəkilişlə qeydə alınıb.

Faktla bağlı toplanmış material üzrə Qaradağ rayon prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb və qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə göndərilib.

Məhkəmənin müvafiq qərarına əsasən Cavanşir Dilavərov inzibati məsuliyyətə cəlb olunaraq barəsində 10 gün müddətinə inzibati həbs seçilib.