Karantinin sərtləşdirilməsi labüddür – Həkimbackend

Karantinin sərtləşdirilməsi labüddür – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkədə virusdan qorunma tədbirlərinə riayət olunmur, ona görə də yoluxma və ölüm sayları artıb. Böyük dövlətlərdə yoluxma sayını faizlə ifadə edib ölkə əhalisinin sayına nisbətdə müqayisə etsək, böyük fərqi görəcəyik”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Publika.az-a Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm deyib.

Həkim qeyd edib ki, insanların əksəriyyəti qapalı məkanlarda karantin qaydalarına riayət etmir: “Mən təhlil aparmışam. ABŞ-ın əhalisi 332 milyondan, Rusiyanın əhalisi 145 milyondan çoxdur. Azərbaycanda isə əhali sayı 10 milyon 122 min nəfərdən çoxdur. ABŞ-ın əhalisinin sayı Azərbaycandan 33, Rusiyanınkı isə təxminən15 dəfə çoxdur. Ölkə əhalisinin sayını nəzərə alsaq, yoluxma digər böyük dövlətlərlə müqayisədə həddindən artıq çoxdur. Yoluxanların və virusdan dünyasını dəyişənlərin sayını faizlə ifadə etsək, ölkələrin əhalisinin ümumi sayına bölüb hesablasaq görərik ki, bizdə ölüm və yoluxma rəqəmləri 10 milyon əhali üçün həddindən artıq çoxdur”.

Ə.Rüstəmin sözlərinə görə, kafe və restoranlar da qaydalara riayət etmir: “Restoranlarda masanın ətrafında 4 stul varsa, orada 2 nəfər əyləşməlidir. Ancaq 4 nəfər oturur, hələ əlavə stullar da qoyub 6 nəfər əyləşir. 12 nəfərlik masada 6 nəfərin oturmalı olduğu halda biz 20 nəfərin əyləşdiyinin şahidi oluruq. İstənilən avtobusa minin, görəcəksiniz ki, qaydalara əməl olunmur. Avtobuslarda ən çox halda oturacaqların sayı qədər sərnişin olmalıdır. Hətta hər sırada bir nəfər oturmalı, yanındakı yer boş saxlanmalıdır. Ancaq vəziyyət əksinədir, avtobuslarda nəfəs almaq mümkün deyil”.

Həkim keçirilməsi qadağan olunan, ancaq gizli formada, səssiz-sədasız baş tutan yas və toy mərasimlərində hökm sürən vəziyyətə də münasibət bildirib: “Yas mərasimlərində də durum eynidir. Polis orada dayanmalıdır ki, yasa heç kəs gəlməsin, gəlsələr belə, say 10-dan çox olmamalıdır. Hazırda musiqisiz şəkildə, açıq havada həyətdə oturub toylar təşkil edirlər. Ora da nəzarət olunmalıdır. Hazırda Naxçıvanda yoluxma azdır, biz Naxçıvan modelini tətbiq etməliyik”.

Ə.Rüstəm karantin qaydalarının sərtləşdirilib-sərtləşdirilməyəcəyindən də danışıb: “Mən sərt tədbirlərin qəti əleyhinəyəm. Ancaq hadisələrin gedişi, yoluxma sayındakı artım göstərir ki, karantin qaydalarının sərtləşdirilməsi labüddür. Bununla bağlı isə bütün qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Çünki biz real rəqəmlər barədə məlumatsızıq, onların hamısını isə bu qurum bilir”.

Həkim xüsusilə yaz fəslində aktivləşən, bəzilərində allergiyadan qaynaqlanan qripi koronavirusdan fərqləndirməyin yollarından danışıb. O bildirib ki, bütün qrip törədiciləri viruslardır: “Qripi törədən bütün viruslar da taclı viruslardır, yəni koronavirusdur. Bu da onlardan biridir. COVID-19 da həmin qripdir. Fərq ondadır ki, bunun yoluxuculuğu daha çoxdur. Onu fərqləndirmək üçün yeganə üsul test analizləridir. Məsələn, əgər bir cütlükdə eyni əlamətlər varsa, onlar analiz verərlərsə, cütlüklərdən birində koronavirus, digərində isə adi virus, yəni qrip müəyyən oluna bilər. Əlamətlər demək olar ki, eynidir. Bunu yalnız analiz verərək müəyyən etmək olar”.