“Karenə Qarabağa getmək qəti şəkildə qadağan olunmuşdu” – Dəmirçiyanbackend

“Karenə Qarabağa getmək qəti şəkildə qadağan olunmuşdu” – Dəmirçiyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yola salmaq üzrə olduğumuz həftənin ən möhtəşəm hadisəsi, heç şübhəsiz, aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etməsi oldu.

Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb. Dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident zamanı artıq keçmişdə qalan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlandığı günlərə qısa ekskurs edib. Dövlət başçımız deyib ki, otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı. “Ancaq bizim problemlərimiz ondan daha əvvəl başlamışdı, daha dəqiq desəm, 1987-ci ildə. Çünki 1987-ci ildə Heydər Əliyevin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər. Heydər Əliyevin istefasından iki həftə keçməmiş bir erməni millətçisi – Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir”, – deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Heydər Əliyevin dövründə heç vaxt buna cürət edə bilməzdilər:

“Ona görə dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, 1970-1980-ci illərdə Azərbaycana rəhbərliyi dövründə bütün separatçı meyillərin qarşısı elə yerindəcə alınırdı. İndi tarixə baxın, sanki heç nə dəyişilməyib. Sovet vətəndaşı, özünü akademik sayan Fransada bu açıqlamanı verir və artıq bu mövzu ortalığa atılır. Biz yaxşı xatırlayırıq ondan sonra hansı proseslər baş vermişdi. Faktiki olaraq Dağlıq Qarabağı Azərbaycandan ayırmışdılar. Xüsusi idarəetmə komitəsi yaradılmışdı. Moskvadan bir adam göndərilmişdi. O da sırf ermənipərəst bir adam idi. Faktiki olaraq bizim problemlərimiz o vaxtdan başlamışdır. O vaxt Azərbaycana qarşı çirkin informasiya kampaniyası aparılırdı. Bütün bunları yaşlı nəsil yaxşı xatırlayır”.

Bəli, Prezident İlham Əliyev tam haqlı idi. Yaşlı nəsil o günləri yaxşı xatırlayır. O günlər orta nəsil nümayəndələrinin də yaddaşında sözün mənfi mənasında silinməz izlər buraxıb.

NOCOMMENT.az Teleqraf.com-a istinadən hadisələri gənc nəsillərə çatdırmaq, onlarda həmin dövrdə baş verən hadisələr haqqında real və dolğun təsəvvür yaratmaq, Ulu öndər Heydər Əliyevin Azərbaycanın milli maraqlarını necə qoruduğuna, erməni separatizminin baş qaldırmasına necə imkan vermədiyinə dair növbəti yazısını təqdim edir.

Bu dəfə ermənilərin öz dilindən baş verənlərə güzgü tutmaq qərarına gəldik. Beləliklə, Karen Dəmirçiyanın (Karen Dəmirçiyan 1974-1988-ci illərdə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub, 10 iyun 1999-cu ildə Ermənistan parlamentinin spikeri seçilib, 27 oktyabr 1999-cu ildə parlamentdə törədilən terror aktı nəticəsində öldürülüb-S.Həmid) dul arvadı Rimma Dəmirçiyanın vermiş olduğu müsahibəni ixtisarla təqdim edirik.

– Rimma Ağasiyevna, Karen Dəmirçiyanın Heydər Əliyevlə münasibəti necə idi?

– Dəmirçiyanla Heydər Əliyev arasında münasibətlər zahirən (müsahibədə “vneşne otnoşeniya” sözü işlənir) olduqca yaxşı idi.

– Dostcasına deyildi…

– Yox! Dostcasına deyil, amma yaxşı idi. Onları “Möhtəşəm üçlük” adlandırırdılar: Əliyev, Dəmirçiyan, Şevardnadze. Karen aralarında ən gənc idi. Digər ikisi ondan böyük idilər. Hər birinin öz uğurları var. Şəxsən mən isə həm Nanuli Şevardnadze, həm də Zərifə Əliyeva ilə yaxın münasibətdə idim. Zərifə Əliyeva məndə hər zaman müsbət emosiyalar yaradırdı.

Bununla yanaşı, bu ahəngdar münasibətlərdə gizli bir gərginlik var idi… Məsələn, Karenə Qarabağa getməyin qəti şəkildə qadağan olunduğunu az adam bilir. Ermənistanın birinci katiblərin heç birinin ora getmək hüququ yox idi.

– Bu artıq səksəninci illərin sonundan belə idi, yoxsa daha əvvəldən?

– Həm əvvəllər, həm də 80-ci illərdə. Hətta mən gedə bilmirdim. SSRİ Ali Sovetinin belə bir deputatı var idi – Babken Yesayeviç Sarkisov. O, əslən Qarabağdandır. Bir dəfə mənə dedi ki, arvadı ilə Qarabağa getməyə hazırlaşır və məni də özüylə götürəcək. Lakin sonra bu ideyadan imtina etdi, onlar mənsiz getdilər. Görünür, Moskvada icazə verilməmişdi.

Bir gün Karen hirsli şəkildə evə gəlib dedi: “Kütlələr toplanır, Bakıda mitinqlər keçirilir, amma mənim Azərbaycandakı ermənilərlə görüşmək üçün ora getməyə haqqım yoxdur”. Ancaq onu da demək lazımdır ki, Heydər Əliyev birmənalı insan idi, nəinki Eduard Amvrosiyeviç Şevardnadze. Əliyevlə daha asan idi. Çünki kiminlə iş gördüyünü və cavabının nə olacağını bilirsən. Əlbəttə, çıxılmaz situasiyalar da olurdu. Məsələn, 1975-76-cı illərdə Dəmirçiyan Əliyevlə Gorusdan Qarabağa translyasiya xətti üzərində birgə işləmək barədə razılıq əldə etdi. Çünki vilayətdə efirdə erməni danışığı eşidilmirdi. Yalnız Azərbaycan və rus dilində yayım həyata keçirilirdi. Heydər Əliyev əvvəlcə razılıq verdi. Ancaq bu məsələnin həllini uzun müddət təxirə saldı. Tam səkkiz il. Karen Heydər Əliyevə təzyiq göstərməsi üçün Sov.İKP MK-nın katibi Mixail Andreyeviç Suslova müraciət etdi. Son nəticədə Dəmirçiyanın istəyi reallaşdı. Qarabağlılar öz ekranlarında Ermənistan SSR-dən yayımlara baxmağa başladılar. Üstəlik, Bakıda həftədə 60 dəqiqəyə qədər yayımlanan erməni dilində proqram meydana çıxdı. Buna da Karen nail oldu. Ancaq bu o vaxt idi ki, artıq Heydər Əliyev Azərbaycanı tərk etmişdi.

Bundan başqa tez-tez sərhəd torpaqları məsələsi ortaya çıxırdı: azərbaycanlılar tez-tez bizim torpaqlarımıza (?) daxil olur, otlaqlar düzəldir, yerləşirdilər. Biz tədricən bu torpaqları itirməyə başlamışdıq. Onlar isə demək lazımdır ki, olduqca məhsuldardırlar. Axı onların çobanlarına və kəndlilərinə daş lazım deyil. Karen Siyasi Büroya müraciət etdi ki, Ermənistan və Azərbaycan SSR sərhədlərini birdəfəlik dəqiqləşdirsinlər. O, bunun üçün 10 il çalışdı. Və burada, necə deyərlər, xoşbəxtlik yox, bədbəxtlik kömək etdi: azərbaycanlı kəndlilər kənd təsərrüfatı katibi Vladimir Movsesyanı döydülər. Dəmirçiyan bundan istifadə edərək Siyasi Büroya müraciət etdi və məhkəmə, istintaq tələb etdi. Bu, işə yaradı. Sərhədlər dəqiqləşdirildi.

– Eduard Şevardnadze və Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosuna üzv olduqları halda Dəmirçiyanın Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq qalması necə oldu?

– Yeri gəlmişkən, Dəmirçiyan demək olar ki, Sosialist Əməyi Qəhrəmanı adını alıb. O, iki beşillik planı parlaq bir şəkildə tamamladı və təltif olunmalı idi. Məsələ Leonid İliç Brejnevə çatanda o, Karenin hələ cavan olduğunu söyləyərək adını siyahıdan çıxarıb. Ancaq əsl səbəb başqa idi: Dəmirçiyan Brejnevi Ermənistan Rusiyanın birləşməsinin 150 illiyinə (?) dəvət etmişdi. Brejnev cavab vermişdi ki, vaxtı yoxdur. Özü isə birdən Azərbaycanı “Lenin” ordeni ilə təltif etmək üçün respublikaya getmişdi.

Və Leonid İliç Dəmirçiyanın Ermənistan SSR-ə səfər təklifindən bir daha imtina etdikdə, Karen dözə bilməyib və onun üzünə deyib: “Bakıya mükafatı vermək üçün vaxtınız var, amma erməni və rus xalqlarının əsrlik dostluğunu qeyd etmək üçün vaxtınız yoxdur? Karenin deməsinə görə, Brejnev heyrətlə ayağa qalxıb və deyib: “Sən mənimlə bu cür necə danışırsan?! Mən səni partiyadan çıxaracağam”. Karen sakitcə cavab verib: “Bu, sizin hüququnuzdur. Ancaq reallıq dəyişmir. Hamı mənim düşündüyüm kimi düşünür!”. Bundan sonra Brejnev və Dəmirçiyan arasındakı münasibətlər pisləşdi. Karen layiq olduğu mükafatı almadı.

– Rimma Ağasiyevna, Sumqayıt hadisələri, Qarabağdakı hadisələr… Karen Dəmirçiyan bütün bunları necə qəbul etdi? Onun Azərbaycan SSR rəhbərliyi ilə danışıqları olubmu?

– Bu çox maraqlı sualdır. Çoxları bilmir. Karen o vaxt artıq “əsir” idi…

– Sistemin “əsiri”?

– Bəli. Karen dedi: “Görünür, Qorbaçov onun tənqidlərinə görə qisas almaq üçün Qarabağ hərəkatını mənim düzüb-qoşduğumu düşünür”.

– Yeri gəlmişkən, bəli. Xatırlatmaq lazımdır ki, Karen Dəmirçiyan Qorbaçovun ilk tənqidçilərindən biri idi.

– O, ümumiyyətlə onun bütün “Yenidənqurma”sına qarşı idi. Ancaq bu ayrı bir söhbətdir. Artıq ona etibar etmirdilər. Nadir hallarda telefonla əlaqə qururdular, sonra isə tamamilə dayandılar. O, Moskvaya getməyi tələb etdi, amma icazə verilmədi. Yalnız qonşu otaqda ikinci girişdən işçilərini qəbul edib hadisələr haqqında məlumat əldə edə bilərdi. Kabineti dinləyirdilər. Mərkəzi Komitənin üzvləri Anatoli İvanoviç Lukyanov və Vladimir İvanoviç Dolqix Sumqayıt hadisələrinin, sadəcə, bir xuliqan dəstəsinin işi olduğunu söyləyərək onu aldatdılar. Karen bir sutka bunun yalnız ağılsız hərəkət olduğunu düşünürdü. Baş verənlər barədə ətraflı məlumat əldə etdikdə dərhal Mərkəzi Komitənin katibinə müraciət ünvanladı və rəsmən elan etdi: “Mən istefa verirəm. İstefamdan asılı olmayaraq elə indicə siyasi qiymətləndirmə, mühakimə və cəzalandırma tələb edirəm”.

Karenin Qarabağla bağlı hər zaman çox aydın bir proqramı olub. O, Ermənistandakı qarabağlılara qeydiyyat vermirdi. Buna görə də onu qarabağlıları sevməməkdə günahlandırmağa başladılar. Onun məqsədi Qarabağdakı ermənilərin oranı tərk etməməsi idi.

Dəmirçiyan siyasi cəhətdən korrekt idi və gizli şəkildə, belə deyək hiyləgərcəsinə dəstək verirdi. Hər dəfə Siyasi Büro üzvləri ilə görüşəndə hamıya Qarabağın tarixi barədə danışırdı. Dəmirçiyan Qarabağın statusunu muxtar vilayət statusundan müttəfiq respublika statusuna qaldırmaq, nisbi müstəqilliyi təmin etmək istəyirdi. Bu ideyanı akademik Andrey Dmitriyeviç Saxarov da dəstəkləyirdi. Bu, xilas olardı. Dəmirçiyan tələsirdi, hadisələri hiss edərək Qarabağa status verməyə çalışırdı. Onu Sov.İKP MK Siyasi Bürosunun üzvü Yeqor Kuzmiç Liqaçyov da “Buna nail olacaqsınız. Növbəti nəsillər Qarabağı Ermənistana birləşdirəcək” deyərək dəstəkləyirdi. Ancaq Qarabağ rəhbərliyi bu ideyadan imtina etdi. Təkcə ittifaq respublikası statusu onlar üçün yetərli deyildi. Dərhal Ermənistan SSR-in tərkib hissəsi olmaq istədilər. Qarabağın o vaxtkı lideri Poqosyan (Sov.İKP Dağlıq Qarabağ Muxtar Vilayəti Mərkəzi Komitəsinin birinci katibi Henrix Poqosyan nəzərdə tutulur-S.Həmid) minnətdarlıq əvəzinə belə də demişdi: “Öz problemlərimizi özümüz həll edəcəyik”. Sonra isə Karenə hücum etdilər ki, o, Qarabağla məşğul olmur. Bənzər ədalətsizliklər çox idi.

O, Sumqayıt hadisəsindən sonra Moskvadakı son iclasda təklif etdi ki, Qarabağ Azərbaycanın nəzarətindən çıxarılsın, əgər onu Ermənistanın tərkibinə vermək istəmirlərsə, Moskva öz yurisdiksiyası altına alsın. Qalan məsələlərə daha sonra qərar veriləcək. Yəni mərhələlərlə: əvvəlcə Qarabağ Azərbaycandan götürülsün, sonra onu Ermənistana qoşmaq daha asan olacaq. Beləliklə, qan tökülməsinin və uzun müddət davam edən müharibənin qarşısını almaq olardı.

Lakin Moskva onun planını qəbul etmədi. Bütün bunları Karen İrəvanda danışa bilməzdi. Əks təqdirdə, bu, anti-Rusiya əhval-ruhiyyəsinə səbəb olardı. O, partiyaya “satqın” ola bilməzdi. Baş düşürsünüz?.. Beləliklə, o, yuxarıda qəbul olunmadı, aşağıda başa düşülmədi və nəticədə həmişə olduğu kimi özü əziyyət çəkdi. Və ən əsası, o, meydanlara toplanan yüz minlərlə ermənini sakitləşdirə bilmədi. Axı, o, əvvəlcədən heç bir dəyişiklik olmayacağını bilirdi. Ancaq Zori Balayan, Silva Kaputikyan kimi insanlar gəlib dedilər: “Budur, daha bir az, budur, lap az qalıb…” Xalqı aldatdılar. Öz “şkuralarını” qorudular!