İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 120 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.
NOCOMMENT.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.
“Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 120-dən çox belə obyektdə qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.
Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər”, – məlumatda deyilir.