Abşeron Rayon Məhkəməsində keçmiş arvadına işgəncə verməkdə təqsirləndirilən Tural Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Tural Səfərov 25 noyabr 2023-cü il tarixdə, saat 11:20 radələrində ailədaxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə həyat yoldaşı, zərərçəkmiş Maya Məmmədovanın (şərti) üzərinə hücum edib qolundan dişləyib əli ilə saçından tutub dartmaqla yerə yıxıb. Sonra o, yumruq və təpik zərbələri ilə qadının sifət baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib. Təqsirləndiriln şəxs hadisədən bir müddət sonra zorakı hərəkətlərini davam etdirərək həyat yoldaşını yaşadıqları mənzildə döyərək ona güclü fiziki ağrı və psixi istirablar verib. Maya 10 yanvar 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsində Turaldan boşanıb və azyaşlı qızı onun himayəsində saxlanılıb. 14 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış komplekslərinin birində Tural Səfərovla keçmiş arvadı Maya arasında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman o, dabankeşlə zərərçəkmiş şəxsin sol baldır və digər nahiyələrindən qəsdən çoxsaylı zərbələr vuraraq ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirib.
Bundan başqa, təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdə, saat 20:00 radələrində qadının yaşadığı mənzilin qarşısında zərərçəkmiş şəxsin idarə etdiyi avtomobilinin sağ qabaq oturacağına əyləşib. O, avtomobilin salonunda qısqanclıq zəminində yaratdığı növbəti mübahisə zamanı maşının arxa oturacağında əyləşmiş azyaşlı qızlarının gözləri qarşısında Mayanın əvvəlcə ağzından, sonra isə boyun nahiyəsindən qəsdən tutub bərk sıxaraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurub. Hadisədən sonra Maya Məmmədova keçmiş ərindən şikayətçi olub və Tural saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.