Bakı şəhəri 301 nömrəli tam orta məktəbdən narazılıqlar var.
Xatırladaq ki, bir neçə ay əvvəl məktəbin direktoru Sevda Sarıyeva müəllimləri “dərs dilənçiləri”, “hinduşkabaş” adlandırdığına görə vəzifədən kənarlaşdırılıb.
NOCOMMENT.az-a Bakı şəhəri 301 nömrəli tam orta məktəblə bağlı şikayət daxil olub.
Məktəbin direktoru öz fəaliyyəti dövründə yaxşı vəziyyətdə olan korpusu heç bir icazə olmadığı təqdirdə qəzalı adlandıraraq bağladıb və bir il müddətinə müəllim və şagirdlər 300 nömrəli məktəbə köçürülüblər.
Vətəndaş bildirir ki, idarə və bir sıra yerlərə qəzalı adlanaraq bağlanan korpusun təmiri ilə bağlı məktubla bir neçə dəfə müraciət etsələr də, bu müraciətlər nəzərə alınmır və bağlı korpus təmir edilmir. Məktəbin 700-800 nəfər şagirdi günə 2-3 növbə olmaqla, uyğun olmayan şəraitdə dərs keçirlər.
2024-cü ilin dekabr ayından direktorun idarəçiliyi əyani yox onlayn şəkildə etdiyi bildirilir, sonra isə direktor müəllimləri “dərs dilənçiləri”, “hinduşkabaş” adlandırdığına görə vəzifədən kənarlaşdırılıb. Aprel ayında direktorun vəzifədən kənarlaşdırılması ilə bağlı əmr verildikdən sonra bir həftəlik Jalə adlı xanım bu vəzifəni müvəqqəti icra edib. Bundan sonra isə məktəbə direktorun təyin olunmadığı bildirilir.
301 nömrəli tam orta məktəb apreldən indiyə kimi direktorsuzdur. Necə deyərlər məktəb “gözdən, könüldən uzaq” bir təhsil müəssisəsi kimi başsız qalıb.
Məktəbin əsas idarəedicisi, direktoru olmalıdır ki, bu məktəbə valideynlər uşaqlarını rahat etibar edərək göndərsinlər.
Məktəbin müəllimləri hər biri sertifikasiyada yüksək nəticə göstərən müəllimlərdir. Məktəb şagirdlərinin bir çoxunun bu ilki qəbul imtahanlarında 500-dən çox bal topladığı bildirilir.
“Mən bu gün bəzi müəllimlərlə söhbət etdim öz aramızda, dedilər məzuniyyətə getməmiş, iyulun 1-nə kimi gəlib çəkiliş. də olunsa lap yaxşı olardı.
Bizim çalışdığımız, istədiyimiz odur ki yalanna qəzalı vəziyyətdə deyildiyi, qapısı bağlı binanın heç olmasa əsaslı olmasa da təmiri olunardı sentyabrdan o binada dərslərimiz keçilərdi“,- deyə şikayətçi qeyd edib.
Bakı şəhəri 301 nömrəli tam orta məktəbə niyə baxılmır? Məktəb niyə aylardır direktorsuzdur?