Keçmiş müstəmləkələrdən Parisə “soyuq duş”: Makron hökumətinin Bakı qərəzi ifşa edildi – ANALİZbackend

Keçmiş müstəmləkələrdən Parisə “soyuq duş”: Makron hökumətinin Bakı qərəzi ifşa edildi – ANALİZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir neçə ildir ki, Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri neokolonializmə qarşı mübarizədir. 2023-cü ildə bu məqsədlə Bakı Təşəbbüs Qrupunun yaradılmasından sonra bu istiqamətdə yeni mərhələ başlayıb. Rəsmi Bakının Fransanın müxtəlif regionlarda, o cümlədən Afrikada davam etdirdiyi müstəmləkəçilik siyasətini ifşa etməsi artıq öz bəhrəsini verir. Görünən odur ki, Paris də narahat olmağa başlayıb.

Belə ki, bu yaxınlarda Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanat yaymışdı.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu günlərdə Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavab verib. Sənəddə Fransanın baş nazirinin hələ öz hökumətini formalaşdırmasa da, istefaya gedən daxili işlər nazirinin addımları və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı həyəcan xəbərdarlıqlarının heç kəsi çaşdırmadığı bildirilib:

“Hökumətin növbəti addımı, şübhəsiz ki, “Fransa vətəndaşlarına” sözügedən ölkəni ziyarət etməyi tamamilə qadağan etmək olacaq. Bu qərar “insan hüquqları” və “insan və malların sərbəst hərəkəti” ilə ziddiyyət təşkil edir və tamamilə qeyri-qanuni olacaq. Fransa dövlətinin addımlarının yalnız bir məqsədi var: Bakı Təşəbbüs Qrupunun Birləşmiş Millətlər Təşkilatı çərçivəsində ona Qoşulmama Hərəkatı tərəfindən verilmiş mandatı yerinə yetirməyə davam etməsinə yol verməmək. Bakı Təşəbbüs Qrupunun missiyası dünyada kolonializmə son qoymaqdır”.

Bəyanatda qeyd olunub ki, Fransa beynəlxalq səviyyədə imicinin pisləşdiyini yaxşı anlayır: “Bunun kökündə Bakı Təşəbbüs Qrupunun təşkilata üzv olan ölkələrin ərazilərinin “insan hüquqları ölkəsi” (Fransa) tərəfindən necə zəbt edildiyini və yerli xalqlara qarşı necə davrandığını, bu gün də davranmağa davam etdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması durur. Kanakinin (Yeni Kaledoniya) cari vəziyyəti bunun ən yaxşı nümunəsidir”.

Qeyd edək ki, bəyanatı Fransa müstəmləkəsi altında olan ərazilərdəki 14 siyasi hərəkat rəhbəri imzalayıb.

Ümumiyyətlə, rəsmi Parisin Azərbaycana səyahət xəbərdarlığı tamamilə absurddur. Daha əvvəl rəsmi Bakının da bildirdiyi kimi, Azərbaycanda bir neçə fransız konkret cinayətlərə görə həbs olunub. Amma Azərbaycanda qarşı tərəfin iddia etdiyi kimi, fransalılara qarşı heç bir təqib yoxdur.

Fransanın bu absurd xəbərdarlığının arxasında hansı məqsədin dayandığı məlumdur: Fransa başa düşür ki, Azərbaycan onun iç üzünü açır, ifşa edir. Bu, rəsmi Parisin dünyadakı nüfuzuna təsir edir. Ona görə Yelisey sarayı belə yollarla bir növ “əvəz çıxmaq” istəyir. Oxşar cəhdlərin gələcəkdə də davam etməsi mümkündür.

Proseslərin hazırkı mərhələyə çatmasının əsas səbəbi məhz Fransadakı Emmanuel Makron hökumətinin Cənubi Qafqaz və Azərbaycanla bağlı qərəzli mövqeyidir. Belə ki, rəsmi Paris İkinci Qarabağ müharibəsi nəticəsində rəsmi Bakının regionda yaratdığı yeni reallıqları qəbul etmək istəmir. Çünki bu reallıqlar üçüncü güclərin bölgəyə müdaxiləsinin qarşısını alır. Bu isə Fransaya sərf etmir. Odur ki, Fransa özünün bölgə ilə bağlı maraqlarını təmin etmək məqsədilə Ermənistandan istifadə edir. Ermənistanın sürətlə silahlandırılması, verilən qərəzli bəyanatlar məhz buna hesablanıb. Görünən odur ki, elədiklərinin nəticə vermədiyini anlayan Paris artıq yeni varianta – Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb.

Fransa Koloniyalarının Azadlıq Cəbhəsinin yaydığı bəyanata gəldikdə isə deməliyik ki, bu, ilk növbədə, göstərir ki, Fransa müstəmləkəsindən əziyyət çəkən şəxslər artıq Azərbaycana inanır, etibar edirlər. Onlar, bəlkə də, neokolonializmə qarşı mübarizədə rəsmi Bakıya ümid yeri kimi baxırlar. Bu, çox ciddi məsələdir.

Əlbəttə, Azərbaycan otuz il işğaldan əziyyət çəkən dövlət kimi həmişə haqqı tapdanan tərəfindədir. Bu mənada, Azərbaycanın kolonializmə qarşı mübarizə aparması tamamilə təbiidir.

Ehtimal etmək olar ki, Fransanın sözügedən absurd xəbərdarlığının bir məqsədi də sadə fransızların, kolonializmə qarşı mübarizə məqsədilə Bakıda keçiriləcək növbəti tədbirlərdə iştirakçı fəallığına təsir etməkdir. Amma bu addımların Paris üçün müsbət nəticə verəcəyi ağlabatan görünmür. Əksinə, Fransanın Azərbaycana qarşı aqressiv, qərəzli bəyanatlarının nəticəsində Makron hakimiyyətinə qarşı nifrət daha da güclənə bilər. Bu isə öz növbəsində onsuz da getdikcə zəifləyən Makron hökumətinə təsir edəcək. Necə deyərlər, sirkə nə qədər tünd olarsa, öz küpünü çatladar.