Kəlbəcərdəki mina məsələsi ilə bağlı daha bir açıqlamabackend

Kəlbəcərdəki mina məsələsi ilə bağlı daha bir açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva azad edilmiş ərazilərində mövcud olan mina təhlükəsi ilə bağlı açıqlama yayıb.

NOCOMMENT açıqlamanın mətnini təqdim edir:

“Azərbaycanın azad edilmiş ərazilərində mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoymuş və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olmuşdur. İkinci Qarabağ müharibəsi bitdikdən sonra mina partlayışları nəticəsində həlak olmuş və xəsarət almış azərbaycanlıların sayı 200-ə yaxındır.

Ötən gün Kəlbəcər rayonunun Günəşli kənd sakinlərinin öz evlərini ziyarət etməsi məqsədilə təşkil edilmiş səfərdə növbəti belə faciənin qarşısı alınmış oldu. Belə ki, Azərbaycan Ordusunun hərbi qulluqçusunun sakinlərdən birini müşayiət edərkən ehtiyatlı davranması nəticəsində evlərin sıx yerləşdiyi həmin kənddə tank əleyhinə mina aşkarlanmış, bununla kənd sakinləri, dövlət qurumları və KİV nümayəndələrinin daxil olduğu 20 nəfərin həyatı son anda xilas edilmişdir.

Kütləvi insan tələfatına səbəb ola biləcək həmin minaların 2020-ci ildə Kəlbəcər rayonunun boşaldılması üçün ermənilərə verilmiş müddət ərzində basdırıldığı ehtimal edilir. Təəssüf ki, Azərbaycanın humanist yanaşmasına cavab olaraq Ermənistanın cinayətkar əməlləri günahsız insanların həyatlarına təhlükə yaratmaqdadır. Ötən il iyun ayında da həmin rayonda tank əleyhinə minanın partlaması nəticəsində iki jurnalist və bir məmur həlak olmuşdu.

Ermənistan tərəfindən mülki əhalinin yaşayış yerlərinin yaxınlığında minalar basdırılması və Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına baxmayaraq dəqiq mina xəritələrinin təqdim edilməməsi beynəlxalq humanitar hüquqa zidd olmaqla, insanların bir çox fundamental hüquqlarının pozulmasına gətirib çıxarır. Bununla bağlı tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər edilsə də, nəticə əldə olunmamışdır.

Azərbaycan Ombudsmanı olaraq, bir daha minaların yaratdığı təhlükə ilə bağlı ciddi narahatlığımı bildirir, Ermənistana beynəlxalq hüquqa hörmət etmək öhdəliyini xatırladır və beynəlxalq təşkilatları ədalətli yanaşma sərgiləyərək, qəti münasibət bildirməklə bu məsələdə Azərbaycana dəstək ifadə etməyə çağırıram”.