Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyi fərdi sahibkar Məhərrəm Əmirxəlil oğlu Atakişiyevlə satınalma müqaviləsi bağlayacaq.
NOCOMMENT.az xəbər verir ki, agentlik sahibkardan sink fosfid və alüminium fosfid dərman preparatları almağı planlaşdırır. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 609 600 manatdır.
Açıq mənbələrdə Məhərrəm Atakişiyev haqqında heç bir məlumata rast gəlinmir. Məlum olan odur ki, 2022-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Məhərrəm Atakişiyevin Çindən idxal etdiyi 3500 kq “TİTAN 350 SC” adlı pestisid məhsulunun təyinatı üzrə tətbiqinə icazə verməyib. Həmin vaxt AQTA-nın yaydığı məlumatda qeyd edilir ki, qurum əməkdaşları tərəfindən sözügedən məhsula keçirilən baxış zamanı götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində məhsulun saxtalaşdırıldığı, etiket məlumatları ilə tərkibinin uyğunsuz olduğu müəyyən edilib.\\Valyuta.az