Kəndlər niyə boşalır? – Miqrasiyaya təsir edən amillərbackend

Kəndlər niyə boşalır? – Miqrasiyaya təsir edən amillər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə İsmayıllı rayonunun Talıstan kəndində “COVİD-19, miqrasiya və media” mövzusunda tədbir keçirilib.

“NOCOMMENT” xəbər verir ki, tədbirdə AMEA Coğrafiya İnstitutunun əməkdaşları, İsmayıllı şəhəri və onun 10-dan artıq kəndindən olan sakinlər, kənd icra və bələdiyyə nümayəndələri iştirak edib.

“2000-ci illərdə İsmayıllıda 30-a yaxın kəndin əhalisi azalıb”

Tədbir Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimovun giriş sözü ilə başladı və Bakıdan gəlmiş alim və tədqiqatçı heyətini təqdim etdi. Rövşən Kərimov bildirdi ki, AMEA Coğrafiya İnstitutu ölkədə Avropa Komissiyasnın “Horizon-2020” Proqramı çərçivəsində ilk dəfə olaraq tədqiqat və innovasiya tipli layihənin həmqalibi olmuş təşkilatdır. “Biz insanların əlverişsiz və dağıdıcı təbii proseslər səbəbindən miqrasiyasının tədqiqinə dair layihə təklifi hazırlamışıq. Layihə Avropa Komissiyası tərəfindən maliyyələşməyə layiq görülüb. 2009-cu ildəki əhalinin siyahıyaalınması nəticəsində məlum olub ki, İsmayıllının 30-a yaxın kəndindən şəhərlərə miqrasiya olub. Bəzi kəndlər var ki, əhalisi barmaqla sayıla biləcək qədərdir. Rayonda hətta bir neçə ailənin yaşadığı dağ kəndləri var. İnsanların miqrasiya etməsinin əsas səbəblərindən biri iqlim dəyişmələri və əlaqədar təbii proseslərdir. Yağıntıların illik rejimi dəyişir, quraqlıq dövrü uzanır, su qıtlığı baş verir, sel, sürüşmə kimi təbii fəlakətlərin baş vermə riski artır, meşələr quruyur, torpaqlar deqradasiyaya məruz qalır və s. Bir-biri ilə bağlı olan bu əlverşisiz proseslər insanların yaşayışına, məişətinə mənfi təsir göstərir. Son illərdə bütün dünyada iqlim dəyişikliyi ilə bağlı əhalinin miqrasiya etməsi çox aktual bir məsələdir. Bu gün ölkəmizin əksər rayonlarında su qıtlığı müşahidə olunur, bunun səbəblərindən biri məhz iqlim dəyişikliyidir. Son dövrlər yağıntının azalması aydın hiss edilməkdədir. Çaylarda su qıtlığı müşahidə olunur. Bu səbəblərdən kənd təsərrüfatı ilə məşğul olan insanlar istədikləri kimi gəlir götürə bilmirlər.

Əhalinin kəndlərdən miqrasiya etməsinin səbəbi nədir?

İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Şahin Hüseynov qeyd etdi ki, rayondakı kəndlər əsasən dağlıq ərazilərdə yerləşir. Son dövrlər dağ kəndlərindən əhalinin köçü sürətlənib: “Bu kəndlərdəki miqrasiya problemi uzun illərdən bəri davam edir. Bir müddət əvvəl yerli televiziyalardan biri məsələni aydınlaşdırmaq üçün rayonumuzun dağ kəndlərində oldu. Kəndlərimizin boşalması ikinci dünya müharibəsindən sonra başlayıb. Əhalinin köç etməsinin səbəbləri daha yaxşı, daha rahat yaşamaq istəyi ilə bağlıdır”.

AMEA-nın Coğrafiya institutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov söylədi ki, insan miqrasiyası çoxaldıqca həm kəndlərdə, həm də şəhərlərdə ciddi problemlər yaranır: “Bu gün biz bu problemin mövcud olduğunu qəbul etməli və həlli yollarını axtarmalıyıq. Aparılan müzakirələrdə miqrasiyaya səbəb olan problemlər dilə gətirilməli və həll edilməsi üçün konkret işlər görülməlidir. Bizim məqsədimiz miqrasiyaya səbəb olan ekoloji problemləri araşdırılmaqdır, lakin buna səbəb olan digər problemləri də müəyyən etməliyik”.

Rövşən Kərimov İsmayıllının kəndlərində torpaq sürüşməsinin aktiv olduğunu bildirdi. O bir çox kəndlərdə aran rayonlarından mövsümi olaraq tərəkəmə icmalarının öz qoyun sürüləri ilə rayon ərazisinə gəlməsi ilə əlaqədar mövcud otlaqların heyvanların təbii yemə olan tələbatını ödəmədiyini, digər tərəfdən də sürüşməni yaradan əsas səbəblərdən birinin məhz dağ yamaclarındakı otlaqlarda heyvanların intensiv otarılması olduğunu vurğuladı.

“Kür çayında suyun quruması təkcə çay ətrafında deyil, digər bölgələrdə də su probleminə səbəb olacaq”

Xəzər universitetinin “Coğrafiya və ətraf mühit” departamentinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov söylədi ki, qlobal miqyasda iqlim dəyişikliyi baş verdiyi üçün regionda su problemi daha da artacaq: “Ölkədə istifadə olunan su kənarda yerləşən su mənbələrindən təmin olunur. Kür çayının suyunun quruması təkcə bu çayın hövzəsinin yerləşdiyi rayonlarda deyil, eyni zamanda digər rayonlarda da su probleminə səbəb olacaq. Ətraf ərazilərdə yaşayan insanların həyatı Kür çayı ilə bağlıdır. Xatırlayırsınızsa, bir neçə il öncə Kür çayında daşqınlar müşahidə edilirdi, amma indi tam əksi müşahidə olunur. Su çatışmazlığından əziyyət çəkən kənd icmaları öz yerlərindən köçməyə məcbur olur. Ümumiyyətlə, ekoloji miqrasiya təbii fəlakət nəticəsində köçmə və tədricən köçmə olmaqla iki yerə bölünür. Tədricən köçməyə ənənəvi gəlir yerlərinin yoxa çıxması səbəb olur. Əsasən, dağlıq ərazilərdə eroziya prosesi çox sürətlə gedir. Vaxtilə Azərbaycanın ən böyük yay otlağı bölgəsi olmuş Qarabağ ərazisinin 30 il işğalı altında qalması müxtəlif bölgələrimizdə qoyun sürülərinin digər dağlıq və dağətəyi rayonlara köç etməsinə səbəb oldu, bu isə eroziyanı daha da sürətləndirdi. Otarılma ilə yanaşı yaşıllıqların azalmasının digər səbəbi son dövrlər Azərbaycanda yağıntıların miqdarının xeyli azalması olub. Bu gün 1 milyona yaxın insan təmiz su çatımazlığından əziyyət çəkir. Bütün bunlar əhalinin öz yaşayış yerlərindən köçməsinə səbəb olur. Bakının Masazır və digər qəsəbələrində rayonlardan köçən ailələrə rast gəlmək olar”.

“Burdan köçən insanların əksəriyyəti Bakıda 15-20 manata fəhlə işləyir”

İsmayıllı rayonunun Burovdal kənd sakini Ağamir Ağayev rayonun bəzi kəndlərin inkişafına mane olan səbəblərdən biri kimi Girdiman çayının üzərində körpünün olmamasını qeyd etdi: “Bir neçə ildir ki, körpünün layihəsi Nazirlər Kabineti tərəfindən təsdiqlənsə də, körpü hələ də tikilməyib. Körpünün olmaması bu çayın ətrafında yaşayan əhalinin rayon mərkəzi və digər bölgələrlə əlaqəsini kəsir, kəndə gediş-gəlişi çətinləşdirir. Bu səbəbdən çayın hövzəsində məskunlaşan kənd əhalisi köçməyə məcbur olur. Hazırda rayonun bir çox kəndlərindən Bakı şəhərinə köçən əhali bələdiyyələrə körpü salınmasından sonra öz ata ocaqlarına köçəcəklərini deyirlər. Burdan köçən insanların əksəriyyəti Bakıda günlük 15-20 manata fəhlə işləyir. Lakin, onlar qayıdıb öz kəndlərində əkinçiliklə məşğul olsa, daha çox qazanar. Bu gün İsmayıllı rayonun Burovdal kəndi ən çox köç müşahidə olunan kəndlərdən biridir”.

İsmayıllıda yaşayan Axısqa türklərinin Türkiyəyə köçməsinin səbəbi nədir?

İsmayılı şəhər icra nümayəndəsi Əlişir Süleymanov söylədi ki, İsmayıllı rayonun Tubikənd yaşayış məntəqəsindən ermənilər köçüb getdikdən sonra kənddə Axıska türklərinin sayı çoxalmağa başladı. Eyni zamanda, Qoşakənddə 38 ailədən ibarət Axısqa türkləri məskunlaşıb: “Rayonda işlə təmin oluna bilmədikləri üçün burada məskunlaşan Axısqa türkləri Türkiyəyə köçür. Son vaxtlar kəndə asfalt, qaz çəkildi və investorlar cəlb olundu. İnvestorların dəvət olunması ilə işsizlik problemini qismən həll edə bildik. Lakin, bu maldarlığın inkişafına bəzi əngəllər törətdi. Təəssüf ki, bizim camaat avropalaşma ilə sovet dönəmi arasında qalıb. Biz sovet təfəkkürünü beynimizdən atmasaq, inkişaf edə bilməyəcəyik. Bu gün biz əhalini kəndə geri qaytarsaq, onlar kənddə nə edəcəklər? Necə dolanacaqlar? Biz əgər bu kəndlərə investorlar cəlb etsək, həm dövlətə dah çox vergi veriləcək, həm də əhali işlə təmin olunacaq. Bu gün burdan köçən gənclərə istədikləri qədər pul da təklif etsək, onları saxlaya bilmərik, çünki o pulu xərcləməyə yer yoxdur. İsmayıllı rayonun Keyvəndi kəndindən 27 ailə Türkiyəyə köçdü. Bu insanların köçməsinin əsas səbəbi kənddə suyun olmamasıdır. Türkiyədə kənd təsərrüfatını inkişaf etdirmək üçün Azərbaycan və Ukraynadan Axısqa türklərini aparıb həmin ölkədə ev və işlə təmin edirlər. Əgər Türkiyə kimi dövlət şəhərdəki əhalini kəndə gətirə bilmirsə, biz də edə bilmərik”.

İsmayıllı rayonun icra və bələdiyyə nümayəndələri media nümayəndəsi olduğumu biləndən sonra suallarıma ehtiyatla cavab verməyə başladılar. Onlar mediadan narazı olduqlarını, reket “jurnalistlərin” vaxtilə müəyyən problemləri işıqlandırdıqdan sonra onlardan pul tələb etdiklərini bildirdilər. Onlara media nümayəndlərini qəbul edib problemlərini danışmağı tövsiyə etdik. Reket “jurnalistlər” ilə qarşılaşdıqda isə polisə müraciət etməli olduqlarını bildirdik.

Nəcməddin Quluzadə