Havaların soyuması ilə qiymətlərdə artım müşahidə olunur. Qiymət artımı ən çox da kənd təsərrüfatı məhsullarında özünü göstərir.
NOCOMMENT.az xəbər verir ki, qida mütəxəssisi Ağa Salamov Demokrat.az-a açıqlamasında bildirib ki, kəndlilər bio-imperializmin qurbanına çevriliblər:
“Bio-imperializm odur ki, toxumu gətirib kəndliyə verirlər. Hazırda bazarda qara pomidor belə tapmaq olar. Qara pomidor mənim milli mətbəximdə olmayıb. Necə gəlib bazara? Standart, gözoxşayan tərəvəzlər görürük. Ənənəvi növlərimiz məhv olub. Bazarda ənənəvi növ tapmaq mümkün deyil. 30-40 il əvvəl yetişən badımcanı, pomidoru və həmin ləzzəti tapa bilmirik. Məhv ediblər. Bu toxumlar hibriddir. Toxumları əkmək üçün kəndliyə pestisidlər lazımdır. Pestisidlər havayı verilmir. Əvvəl gübrə var idi. Məhsulun biri xarab olurdusa, digəri sağlam qalırdı. Kəndli məhsulu birtəhər əkib-becərib, bazara satışa çıxarırdı. İndi pestisidlər əsridir. Bir çiyələyi əkmək üçün iyirmidən çox pestisid lazım olur. Fermer məcbur olur ki, bəzi məhsulları əkəndə gəmiricilərə, yabanı otlara qarşı, bol məhsul əldə etmək üçün pestisidlərdən istifadə etsin. Bol məhsul çoxlu xərc deməkdir. Bu da gətirib çıxarır qiymət artımına. Ona görə də əvvəlki illərə nisbətən qiymətlər bahadır”.
O bildirib ki, insanlar hava soyuyan kimi qiymət artımına öyrəşib:
“Gedib regionları gəzsək, görərik ki, nə qədər məhsul xarab olur. Çünki kəndliyə şərait yaradılmır.Çıxış yolumuz kəndliyə şərait yaratmaqdır. İşğaldan azad olunan torpaqlarımız da var. Bol məhsul da götürə bilərik. Hər bir potensialımız var. Bəzi kəndlilərimiz də tənbəldir. Məncə, onlara şərait yaradılsa hər şey yaxşı olacaq”.