Misli Premyer Liqasının XVI turu lider dəyişikliyi ilə əlamətdar olub.
NOCOMMENT.az xəbər verir ki,Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Araz-Naxçıvan” “Səbail” üzərində 2:0 hesablı qələbə ilə xallarının sayını 39-a çatdırıb. Bununla da Elmar Baxşıyevin komandası 1-ci pilləyə yüksəlib. Bir xal geri qalan “Qarabağ”ın ehtiyatda bir oyunu qalsa da, Naxçıvan təmsilçisi turu zirvədə bitirib.
Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. “Araz-Naxçıvan” bunadək heç vaxt turu 1-ci yerdə bitirməyib.
Qeyd edək ki, Naxçıvan klubu Premyer Liqada 4-cü mövsümünü keçirir. Daha bir dəfə isə komanda yarışı başa vurmayıb.
Bundan başqa, XVI turda “Zirə”yə 0:4 hesabı ilə uduzan “Kəpəz” 39 qol buraxıb. Bu göstərici son 16 mövsümün antirekordudur. 2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.
Hansısa komandanın daha çox qola üzülməsi sonuncu dəfə 2008/2009-cu illər mövsümündə təsadüf edib. Həmin vaxt “Bakılı” 16 görüşdə 41 dəfə topu qapısında görüb.
Qeyd edək ki, tarixin antirekordu isə 1996/1997-ci illər mövsümünün 16 turunda 82 qol (texniki məğlubiyyətə görə verilən 0:3 hesabı nəzərə alınmadan) buraxan “Şəmkir”ə məxsusdur.