Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib.
Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükurovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində qətimkan tədbirin seçilməsi ilə bağlı təqdimat və vəsatətə baxılıb.
Məhkəmənin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Hər iki şəxs Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində saxlanılıb.
Xatırladaq ki, Prezident Administrasiyasının uzun illər rəhbəri olmuş 87 yaşlı Ramiz Mehdiyev dövlət hakimiyyətini zorla ələ keçirməyə cəhd, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham edilir. Bu maddələr ağır cinayətlər kateqoriyasına daxildir və nəzərdə tutulan cəza müddəti uzun illərdir, bəzi hallarda ömürlük azadlıqdan məhrum etmə ehtimalı da mövcuddur. Buna baxmayaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev barəsində istintaq müddəti üçün dörd aylıq ev dustaqlığı qərarı verib.
Belə olan halda ortaya bir sual çıxır: nə üçün Ramiz Mehdiyevin özü də tutularaq barmaqlılar arasına göndərilməyib?
Hüquqşünas Şamil Paşayev NOCOMMENT.az-a bildirib ki, Cinayət‑Prosessual Məcəllənin 163‑cü maddəsinə əsasən, qətimkan tədbiri seçilərkən müttəhimlə bağlı risklər, yəni qaçmaq, dəlillərə təsir etmək və ya ictimai təhlükə yaratmaq ehtimalı nəzərə alınır:
“Mehdiyevin yaşı, sağlamlıq vəziyyəti, həmçinin uzun illər boyunca dövlət idarəçiliyində əldə etdiyi status və nüfuz, onun barəsində ev dustaqlığı qərarının verilməsində mühüm rol oynayıb.
Ev dustaqlığı “yüngülləşdirilmiş həbs” deyil, preventiv tədbirdir və istintaqın gedişi boyunca həm hüquqi, həm də ictimai balansı qorumaq üçün seçilmiş bir addımdır”.
Paşayevin sözlərinə görə, Mehdiyev məsələsi təkcə hüquqi deyil, həm də siyasi mesaj daşıyır:
“Onun kimi uzun illər dövlətin mərkəzində olan bir şəxsin barəsində irəli sürülmüş ittihamlar və ev dustaqlığı qərarı ictimaiyyətdə “hər kəs qanun qarşısında eynidir” prinsipi ilə bağlı müzakirələrə səbəb olub.
Qeyd edim ki, bu addım keçmiş “köhnə şəbəkə”nin sıxışdırılması, nüfuz dairələrinin yenidən tənzimlənməsi və daxili siyasi stabilliyin qorunması məqsədini güdür”.
Hüquqşünas Şamil Paşayevin fikrincə, bu iş yalnız bir şəxsin məsuliyyət məsələsi deyil:
“Ev dustaqlığı qərarı həm istintaqın gedişinə nəzarət etməyə, həm də ictimai qıcıq və gərginliyi minimuma endirməyə yönəlmiş “tarazlaşdırılmış addım”dır.













