Kərkidəki ermənilərdən son xəbərbackend

Kərkidəki ermənilərdən son xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxınlıqdakı yaşayış məntəqələrinin təhlükəsizliyi və təbii ki, Ermənistanın cənubunun loqistik təminatı da bu kənddən asılıdır…”

Qəsbkar Ermənistan 10 Noyabr razılaşmasına əsasən, Azərbaycana qaytarılmalı olan Qazax rayonunun 7 kəndi kimi, Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin də geri verilməməsində inad edir.

NOCOMMENT moderator.az-a istinadən xəbər verir ki, bu günlərdə işğalçı ölkənin “ProArmenian” internet kanalının müxbiri Kərki kəndində olub və orada qanunsuz olaraq miskin durumda sülənən ermənilərlə söhbət edib.

“Bu kənddən Ermənistanın şimalını Süniklə birləşdirən və İranla sərhədə aparan yeganə avtomobil yolu keçir. Yəni əslində bu, Naxçıvanla həmsərhəd olan strateji cəhətdən əhəmiyyətli bir kənddir. Yaxınlıqdakı yaşayış məntəqələrinin təhlükəsizliyi və təbii ki, Ermənistanın cənubunun loqistik təminatı da bu kənddən asılıdır”, – deyə erməni jurnalist “Tiqranaşen” adlandırdığı Kərkinin təcavüzkar ölkəsi üçün strateji əhəmiyyətini vurğulayır.

Kənddəki təxminən 100-ə yaxın erməni guya buradan heç yana getmək istəmir, guya onlar üçün Ermənistan hökumətinin Kərkinin Azərbaycana qaytarılması haqda imzalayacağı heç bir sənədin əhəmiyyəti yoxdur. Halbuki, videogörüntülərdən də hayların necə miskin bir durumda yaşadıqları bəlli olur. Belə mövcudluqdan artıq bezdikləri də simalarında yazılıb…

Xatırladaq ki, 2021-ci ilin yanvar-fevral aylarında artıq Kərkinin boşaldılaraq Azərbaycana qaytarılması haqda xəbərlər yayılsa da, Ermənistanda xaricdən təhrik olunan revanşist qüvvələr buna imkan vermir.

Yaddaş üçün:

Azərbaycanın ən qədim kəndlərindən olan Kərki Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidinə daxildir. Hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kərki kəndi 1990-ci ildə ermənilər tərəfindən işğal edilib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni qəsəbə salınıb. Məcburi köçkünlər Yeni Kərki qəsəbəsində məskunlaşıb.

1990-cı il yanvar ayının 15-dən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçiriblər. Həmin gündən davam edən şiddətli döyüşlərdən sonra yanvarın 18-də keçmiş SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndi ermənilər tərəfindən işğal olunub. Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olanların sayı saatbasaat artırdı. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak oldular. Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri müqavimətə rast gəldilər və Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Naxçıvanlılar bir yumruq kimi birləşərək, qədim diyarın müdafiəsində iştirak etdilər.

1990-cı il yanvarın 18-də səhərə kimi Kərki kəndi inadla müdafiə olundu. Lakin qüvvələr nisbəti qeyri-bərabər olduğuna, silah çatışmazlığına və dörd bir tərəfdən mühasirə şəraitində olduğuna görə, vəziyyət faciə ilə nəticələnə bilərdi. Kərki kəndinin müdafiəçiləri qəhrəmanlıqla vuruşub, son ana qədər düşmənə ciddi müqavimət göstəriblər. Həmin gün kənd səhər saat 4 radələrindən saat 18-19-a qədər şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş ləvazimatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar. Kərki də, digər işğal olunmuş ərazilərimiz kimi, xəyanət nəticəsində düşmənin əlinə keçib. 12–14 km-lik döyüş zolağı olan Sədərəyin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib. Kərkidə hazırda Bakıdan və Gəncədən qayıdan ermənilər məskunlaşıb. Kənd ərazisindəki şəhidlikdə, keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var.

Kərki kəndi – Sədərək rayonu, Arpa çayı sahilində, düzənlikdədir. Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınıb. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur.

İnşallah, digər ərazilərimiz kimi, Kərki də yaxın müddətdə əsl sahiblərinə – Azərbaycan türklərinə qaytarılacaq.