Kiçik məktəblərin ləğvi bu tarixdən başlayacaqbackend

Kiçik məktəblərin ləğvi bu tarixdən başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblər ləğv olunur: Şagird və müəllimlərin aqibəti necə olacaq?

Artıq bir müddətdir ki, ölkədə kiçik məktəblərin ləğv olunaraq, böyük məktəblərə birləşdiriləcəyi ilə bağlı məsələ geniş müzakirələrə səbəb olub. Bəzi müəllimlər və yaxud valideynlər məktəblərin birləşməsini normal hesab edir, digərləri isə həm şagirdlər, həm müəllimlər üçün çətinlik yaradacağını deyirlər. Müəllimlər isə əsasən məktəblər birləşdikdə iş yerlərini itirəcəkləri düşünürlər.

Xatırladaq ki, hələ ötən ilin sonunda Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov bildirmişdi ki, 2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub:

“Bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur. Bu il də bənzər addımlar atılıb.

Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir. Şagird sayı az olan məktəblərin uşaqlarının yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınması nəzərdə tutulur”.

Agentlik rəhbəri bildirib ki, şagirdlərin bu hallarda daşınması üçün avtobuslar ayrıla bilər:

“Belə təcrübə hazırda da var. Lakin bəzi hallarda biz çalışırıq ki, bu tip hallar minimum sayda olsun.

Məsələn, məktəblər əgər təmirə bağlanırsa, biz daşınmanı təmin edirik. Bu tipli məsələlərdə də həmin vəsaitlərin daha səmərli istifadəsi məqsədilə uşaqların daşınmasını təmin etmək şərtilə uşaqların daha yaxın ərazidə yerləşən məktəblərə cəlbini daha məqsədəmüvafiq hesab edirik. Belə hallar çoxdur.

Bu halların hamısını ölçmək, qiymətləndirmək, daha düzgün qərarlar vermək üçün vaxt lazımdır. Bu, bir günlük, bir saatlıq iş deyil. Elə qərarlar verilməlidir ki, sonradan yan təsirləri olmasın. Düşünürük ki, gələn il bu istiqamətdə çox ciddi addımlar atılacaq”.

Onu da xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev şagird sayı 0-30 olan məktəblərdə bir şagirdə ildə 7 min manat vəsait xərcləndiyini, bir şagirdi olan məktəbə isə ildə 64 min manat vəsait köçürüldüyünü açıqlamışdı. Nazir təhsilin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin qeyri-bərabər bölüşdürüldüyünü, bu mənada bərabərliyi təmin etmək üçün lazımi addımların atılmasının vacibliyini vurğulamışdı.

Bəs kiçik məktəblər ləğv olunarsa, həmin məktəblərin şagird və müəllimlərinin aqibəti necə olacaq?

NOCOMMENT.az Musavat.com-a istinadən bildirir ki, mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov bildirib:

“Məlum olduğu kimi ölkədə 4432 orta ümumtəhsil məktəb var. Onlardan da 32-si özəl, digəri dövlət məktəbidir. Dövlət məktəblərindən təxminən 114-ü ibtidai, 3447-i orta, digərləri isə tam orta məktəbdir.

Elm və təhsil naziri Emin Əmrullayev bu yaxınlarda keçirilən brifinqdə 2026-cı ildən adambaşına düşən maliyyələşmə sisteminə keçidin başlayacağı ilə bağlı məlumat verdi və ilkin olaraq 100 məktəbin bu sistemə keçəcəyini bildirdi. Məsələ belədir, təhsilin bütün pillələrində, o cümlədən də ümumtəhsildə hər bir təhsilalana düşən maliyyə normativləri müəyyən olunur, o cümlədən də ümumtəhsildə. Ümumtəhsilin 14 növü var və hər növünə ayrılan maliyyə normativləri dəyişə bilir. Buna görə də ilk öncə ümumtəhsil məktəbləri publik hüquqi şəxsə çevrilməlidir. Nazir Emin Əmrullayev ümumtəhsil məktəblərinin publik hüquqi şəxsə çevrilməsi ilə bağlı hüquqi normativ sənədləri Nazirlər Kabinetinə təqdim edib və yaxın aylarda bu haqda qərar olacaq. Artıq bundan sonra biz məktəblərin adambaşına düşən maliyyələşmə sisteminə keçidinə başlaya bilərik.

Adambaşına düşən maliyyələşmə sistemi nədir? Məsələn, ümumorta məktəblərdə tutaq ki, bir şagirdə onun təhsili üçün ildə 1000 manat pul ayrılır. Bu vəsait ümumtəhsil məktəbinin hesabına köçürüləcək. Bundan sonra ümumtəhsil məktəbləri daha çox maraqlı olacaq ki, onların məktəbində şagird daha çox olsun, təhsil daha yüksək səviyyədə olsun.

Qeyd edim ki, ölkəmizdə hələ 20 il əvvəl adambaşına düşən maliyyə sisteminə keçidə cəhd olunmuşdu, amma təəssüf ki, baş tutmadı.
Beləliklə də, ucqar bölgələrdə olan kiçik məktəblərin maliyyə rentabelliyi olmadığı üçün yaxınlıqda olan böyük məktəblərə birləşmə ehrimalı yaranır. Amma bu prosesin necə keçiriləcəyi ilə bağlı mexanizm hələ hazır deyil. Məsələn, uşaqların qonşu kəndə vaxtı-vaxtında aparılıb-gətirilməsi bağlı nəqliyyatın ayrılması və sairə məsələlər öz həllini tapmalıdır. Bu baxımdan hesab edirəm ki, 2026-cı ildən adambaşına düşən maliyyələşmə sisteminə keçid ilk növbədə şagird sayı 1000-dən yuxarı olan şəhər məktəblərindən başlayacaq və 2030-cü ilə qədər onun əhatəliyi artacaq. Buna görə də şagird sayı 100-dən aşağı olan ucqar bölgələrdəki məktəblərin müəllimləri narahat olmasınlar. Üstəlik əgər həmin məktəblərin yaxınlığında birləşə biləcək böyük məktəblər yoxdursa elm və təhsil naziri normadan üstün maliyyələşmə barədə qərar qəbul edə bilər.

Beləliklə istənilən halda, kiçik məktəblərin ləğv olunaraq, böyük məktəblərə birləşdirilməsi prosesi 5-6 ildən sonra başlaya bilər”.