Kim, niyə zəhərləyib, bilmədim, şübhələrim var” – Vüqar Biləcərlinin sevgilisi – FOTObackend

Kim, niyə zəhərləyib, bilmədim, şübhələrim var” – Vüqar Biləcərlinin sevgilisi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əhli-beyt” şairi, zəmanəsinin Füzulisi, əruzşünas Vüqar Paşayevin (Biləcərli) vaxtsız vəfatı ilə meyxana sənətində böyük boşluq yarandı.

NOCOMMENT.az Lent.az-a istinadən çoxsaylı qəzəlləri, şeirləri məşhur olan şairin uzun illər birgə yaşadığı sevgilisi, araşdırmaçı jurnalist, şairə Samirə Zeynalova ilə müsahibəni təqdim edir. Samirə xanım mərhum şairlə bağlı heç kimin eşitmədiyi məqamlardan da danışdı.

– Samirə xanım, Vüqarla necə tanış oldunuz?

– İllər öncə. Yadımdadı, “28 May” metrostansiyasının yaxınlığında, Cəfər Cabbarlının heykəlinin yanında tanış olduq.

Yaxşı xatırlayıram, həmin gün əynində göy idman paltarı var idi. Yaxınlaşıb salam verdi. Qeyri-ixtiyari dedim ki, sən meyxanaçısan? Hə, deyəndə, acıladım. Mənə nömrəsini verdi. Dedi, bilirəm siz mənə zəng vurmayacaqsınız, amma yenə də nömrəm sizdə qalsın. Mən də nömrəni ona görə götürdüm ki, nə vaxtsa meyxana, söz sənəti ilə bağlı suallarıma cavab alaram. Həmin gün vağzala bilet almağa getmişdim. O da arxamca gəldi. 3-4 gün sonra əlimdə çamadan vağzala gəlirəm. Platformaya yaxınlaşanda soruşuram ki, Ağstafa qatarı saat necədə çıxır? Oradakı işçilərdən biri mənə baxıb gülür və artıq tərpənmişqatarı göstərir.

Həmin kişi mənə dedi ki, qatar Biləcəridə vağzalda dayanacaq. Əgər tanışınızı varsa, maşinistdən xahiş etsin ki, 5 dəqiqə sizi gözləsin. Həmin an ağlıma heç kim gəlmirdi. Birdən yadıma düşdü ki, axı o gün gördüyüm oğlanın adı yarışlarda Vüqar Biləcərli gedirdi. Zəng edən kimi dedi ki, mən neçə gündür sizin zənginizi gözləyirdim. Tez sözünü kəsib dedim ki, bu haqda sonra danışarıq. Xahiş edirəm qatarın qarşısına çıx və 5 dəqiqəlik saxlatdır. Özümsə, taksiyə minib tərpəndim. Bircə o yadımdadı ki, pilləkənların aşağısında əlində bir dənə qızılgül məni qarşıladı. Məni qatara ötürdü və getdi. Həmin gün uzun müddət telefonda danışdıq. Sonda mənə dedi ki, icazə verirsinizsə, toya getməliyəm, hazırlaşım. Dedim, təbin rəvan olsun, şair. Cavabında, qayıtdı ki, sən əməlli-başlı xiridarsan ki?

Nə gözəl ki o illəri birgə yaşadıq. Hərdən mənə deyirdi ki, peşmansan? Əlbəttə, onunla yaşmağa, tanımağıma peşman deyildim.

– Arada ayrılıqlar olurdu?

– Olurdu. Dalaşırdıq, küsüb-barışırdıq. Əvvəl gündən ona deyirdim ki, bizimki alınmaz, olmaz. Sən subay oğlansan, mən iki uşaqla ayrılmış qadın və aramızda yaş fərqi var. Günün birində ailə qurmalı olacaqsan, mən o qadın deyiləm ki, ikinci olum. Sənin yanında ola-ola həyat yoldaşından gələn zəngi qəbul edə bilmərəm. İndi fikirləşirəm ki, kaş deməzdim. O, buna görə ailə qurmadı. Bilirdi ki, ailə qursa, ayrılacam. Mənim qəlbim qırılmasın, tək qalmayım deyə, həmişə deyirdi ki, kiminsə qızını sevmədən alıb, bədbəxt edə bilmərəm. Ayrılanda həmişə saatları sayardıq. Məsələn, deyirdi ki, 32, ya 26 saatdır danışmırıq.

Hətta mən onun maşınının şüşələrini belə qırmışam, o mənim maşınımın nömrələrini açıb aparıb, yəni bura qədər dalaşmışıq. Ciddi ayrıldığımız məqamlar olub. Biz dalaşanda nə mən mətbuat nümayəndəsi, nə də o şair olurdu. Bütün davalarımız, söz-söhbətlərimiz hamısı əxlaq kodeksində idi.

Mən hətta onun toyunun siyahısını da tutmuşdum. Hansı rayondan hansı dostları var, toya kimlər gəlsin. Yazıb, evlərinə vermişdim. Deyirdim ki, məcbur deyilsən bu dəqiqə gəlin gətirməyə. Bakılılarda adət var ki, gəlini sonradan da gətirirlər. Hər kəs məni günahkar bilirdi. Halbuki mən günahkar deyildim. İçimdən, qəlbdən deməsəm də, məcbur olub ona “get evlən”, deyirdim.

– Bir yerdə dost-ailə məclislərinə gedirdiniz?

– Çox az halda dost, ailə məclislərində olurduq. Mən görünmək istəmirdim, münasibətimizi gizli saxlayırdım. Kimsə məni göstərib deməsin ki, filankəs evlidir, zamanında bununla sevgili olub. Bunu qəbul edə bilməzdim. Düzdü, bəlli bir çevrəmizə demişəm. Bilməsi lazım olan insanlar, həm onlar tərəfdən, həm də biz tərəfdən biliblər. Hansı meyxanaçı, şair, müğənni sosial şəbəkələrdə, efirlərdə çıxıb deyir ki, bu mənim həyat yoldaşımdır?Bu gün çoxları deyir ki, biz o qadını heç tanımırıq. Əlbəttə, tanımayacaqsınız. Sənin həyat yoldaşını kimsə tanıyır?

Mənim həmişə bir ayağım qaçaq olub ki, ayrılıram. Amma Vüqar bir dəfə də olsun o sözü ağzına gətirmədi. Deyirdim ki, evimi, maşınımı sataram, nömrəmi dəyişərəm. Dedi yox, ölkədən get. Həmin vaxt da xaricdə oxuyurdum. Dedim çıxıb getsəm ayrılacaqsan məndən? Cavab verdi ki, mən niyə axtarıram, ölkənin “İnterpol”u var, axtaracaq, tapıb gətirəcək. Həmişə deyirdi ki, kişi qanadının altına çəkdiyi qadını necə başsız qoyar? Mən o kişilərdən deyiləm. Sanki mənim başıma fata qoyub, öz evimizdən gəlin gətirmişdi. Ona görə ayrılmaq istəyirdim ki, bir gün evlənəcək, bəri başdan mənim qəlbim yanmasın, qoy nə qədər tezdi, evlənsin. Heç kim deməyəcək ki, ay aşiq oldu, sevdi. Deyəcəklər, getdi qoşuldu filankəsə. Mən bunları eşitməmək üçün deyirdim ayrılaq, evlən. Mənim də həyatda öz prinsiplərim var idi, nələrisə əldə etmək istəyirdim. Hərçənd qoymadı. Peşman da deyiləm.

– Niyə ailə qurmurdu?

– Həmişə deyirdi ki, evlənmək necə olur, evliyik də. Normal ailələr necə olurdusa, biz də elə idik. Mən hara gedirəm, o hara gedir bir-birimizə məlumat verirdik, xəbər edirdik. Fevraldan sonra soyuqluq yarandı, zənglərimizin sayı azaldı. O azalmada belə bir –birimizin nəzarətində idik. Xoşlamadığımız nələrisə etmirdik. Yeni planlarımız, arzularımız var idi. Heç kim, heç nə evlənməyimizə mane olmurdu. Mən ailə qurmaq istəmirdim.

Onu məcbur edirdim ki, ayrılaq, ailə qursun. Deyirdi, Samirə, mənim yanımda toy haqqında bir kəlmə belə danışma, mənə evlənmək demə. Hətta mənə onu bəhanə gətirirdi ki, anam xəstədi. Anasının səhhətində son illərdə problem yaranmışdı. “Əgər mənim anam başına xonça qoyub, gedə bilməyəcəksə, toyumda qol qaldırıb oynamayacaqsa, o toy mənə lazım deyil”, deyirdi. Mən bu sözdən sonra ona necə deyim ki, özünə toy elə.

– Anasının sizə qarşı münasibəti necə idi, sizi qəbul edirdi?

– Biz küsəndə anası barışdırırdı. Zəng edib deyərdi ki, ay Samirə, oğlum yenə yemək yemir, danış yesin. Telefonun o biri başında utanırdım. Təzə vaxtlar deyirdim görən doğrudan anasıdır? Anası xəstə olandan sonra onunla görüşdüm. O qadın Allahın yer üzərində mələyidir. Əvvəllər adı ilə müraciət edib, Mətanət xanım deyirdim. “Xala”, “bibi” demirdim ki, ətrafdakılar elə bilər ki, nəyəsə görə şirinlik edirəm. Öz anam kimi çox istəyirəm.

– Aranızda maneə də yox, anası, ailəsi razı idi deyirsiniz. Siz niyə razı olmurdunuz?

– Mən bunu mənəviyyatıma sığışdırmırdım. Fürsətçil qadın kimi görünməkdən qorxmuşam, çəkinmişəm.

– Samirə xanım, meyxanalarını dinləyib, tənqid edirdiniz?

– Mən onun meyxanalarının, qəzəllərinin həvəskarı olmuşam. Sevdiyim insanın fakturasını saxlamaq üçün həmişə diqqətlə izləyirdim. Burada səhv dedin, bu söz ədəbiyyat, kitab sözü deyil. Fikirlərimlə razılaşırdı. Deyirdim ki, niyə on saniyə filankəsə gec cavab verdin? Ondan zəifsən? Deyirdi ki, mən camaatın toyuna gedib pul almışam: “Tez demək üçün ağzıma gələni deyə bilmərəm. On saniyə gec deyərəm, söz deyərəm”. Qarşındakı ona söz deməyib, on saniyə gecikməsi kənardan onu zəif kimi göstərə bilərdi. Həmişə deyirdi “Min nəfər üçün demirəm, anlayan bir nəfər üçün söz deyirəm”. Hətta geyiminə qədər diqqət edirdim.

– Ailəniz, övladlarınız biləndə necə qarşıladılar?

– Yoldaşımdan ayrıldığım üçün qohum-əqrəba ilə danışmırdım. Baxmayaraq ki, məni dəstəkləyirdi. Məhləmizdə bir oğlan var idi. Haqqımda artıq-əskik danışmışdı.

Vüqar onu elə döymüşdü ki… Bu hadisədən sonra evdə bildilər. Mənim üstümdə birini belə döyən adama nə desinlər? Əlbəttə ki, “gəl, keç yuxarı başa” da demədilər.

Uşaqlarım balaca idi. Onlar Vüqarın tərbiyəsi ilə böyüdülər. Həyat yoldaşımdan ayrılandan sonra heç vaxt tək yaşamamışam. Ya anamgillə, ya da qardaşımın ailəsi ilə birgə qalmışıq. İstəmirdim desinlər ki, filankəsin balasını gətirib salıb evinə. Son illər 1-2 ay bir yerdə yaşadıq. Gördük ki, o deyil, alınmır. Yaşadığımız çevrədəki insanlar uşaqlarıma Vüqarı göstərib deyirdi ki, atandı? Uşaqlar qohumumuzdu deyib, gəlib evdə ağlayırdılar. Deyirdim, qətiyyən deməyin, axı atanız deyil. Vüar da hirslənirdi.

Hər bir ayrılan qadın nəzir paylayar ki, həyatında belə biri olsun. O, şəxsiyyət idi. O, Allahın bizim dövrümüzə, ədəbiyyatımıza poeziyamıza bəxş etdiyi düha idi. Belə də qalacaq.

– Sizi sevgilisi kim təqdim edəndə necə hiss edirdiz özünüzü?

– İllərlə bunun mübarizəsi gedib aramızda. O mənə “arvad” deyirdi. Həmişə demişəm ki, mənə arvad demə. Mən arvad olsam, birinci özünə sevgili axtaracaqsan. Deyirdi, ay səni çoxbilmiş. And olsun Vüqarın izzətinə ki, mən istəməmişəm ailə kimi ortalığa çıxaq. Həmişə deyirdim ki, ölsən də sevgilin də, dostun da mən olacam.

– Sizə hansı qadağanı qoymuşdu?

– Bəzi geyimlərə qadağa qoyurdu, işləməyimi qəti istəmirdi. Ondan olsaydı, evdə oturardım. Tədbirlərə, təqdimatlara getməyimi istəmirdi. Avtobusa, metroya minə bilməzdim, piyada getmək olmaz. Əmimoğlu, dayımoğlu bizə gələ bilməzdi. Uşaqlarımın məktəbinə gedirdi. Deyirdim, getmə. Amma kimə deyirsən. Qızım gündəliyində də onun haqqında ata kimi yazıb.

Bir-birimizi baxışımızla anlayırdıq. Baxışı ilə bilirdim ki, paltarımı düzəltməliyəm, baxışımla bilirdi ki, kimə bax deyirəm. Baxışı ilə mənə çox güldün deyərdi. İnsan rayona istirahətə gedir. Mənim ixtiyarım nə idi ki, qadınların yanında səsim azca çıxa.

– Dalaşanda blok edirdiniz?

– O zaman, təzə tanış olanda “votsap” yox idi. Nömrəsini blok edirdim. Deyirdi məni, dənizə, okeana at, amma bloka atma. Sosial şəbəkələr işlətmirdi, işlədənlərə də pis

baxırdı. Gizli “İnstagram” profil açırdım, baxım ki, kim adına səhifə açıb? Baxırdım ki, kim şəkilinə ürək qoyub, xoş söz yazıbsa, mən də acı söz yazıb, səhifəni silirdim. “Youtube” videolarında xoşagəlməz nəsə yazılanda oğlan adı ilə girib həmin insanlara kobud cavab verirdim. Kompüterdə baxanda şərhləri oxuyurdu. Mənim saxta adla yazdığım şərhi görəndə deyirdi ki, bu nəsə mənə tanış gəldi. Buna görə də məni danlayırdı. Deyirdim ki, kim nə bilir o mənəm? Niyə sənin haqqında belə söz yazsınlar. Deyirdi ki, mən bilirəm o sənsən: “Sənə söyüş yazılsa, mən onu necə qəbul edim, sən məni qana vermək istəyirsən”.

Sərraf adam idi, aldatmaq mümkün deyildi. Dostları onu aldatmaq istəyəndə özünü aldanmış kimi göstərirdi. O, hər şeyi müşahidə edirdi.

– Mesajlarını saxlayırsınız?

– Həə, silməyə əlim gəlmir. İndi onları oxumağa ürək lazımdır.

– Sizə hansı şeir yazıb?

– Tanışlığımızın ilk ad günümə “Ölməz bu məhəbbət, ölə bilməz”, “Ad günü idi sevgilimin” şeirini ikinci ad günümə yazıb. Küsülü olanda “Bədbəxtdir o aşiq ki, könül sirdaşı getdi”nı yazmışdı. Şeirlərini mənə sms-lə yazırdı. Mən də onları köçürdərdim. Bu dəftəri ona göstərəndə deyirdi ki, bu şeir mənə tanış gəlir. Haradasa oxumuşam. Deyirdim, sənin şeirlərindir. Dəli olurdu ki, sən 2-3 il əvvəl yazdığım şeirləri necə köçürtmüsən?

– Sənət dostlarının bir neçəsi musiqili meyxana yolunu seçdi.

– Heç bir qadınla duet oxumadı. Xanımlardan heç kim ona yaxınlaşıb duet oxumaq istəyini deyə bilməzdi. O şəraiti yaratmırdı. Vüqar sözü, meyxananı həmişə dəyərində saxladı. Sənətə o zaman gəldi ki, meyxana bayağılaşmış, tərbiyəsizləşmişdi. O, söz ilə sənəti nəzmə çəkdi. Vüqar meyxanası ilə insanlar dinə, imana gətirdi. Artıq Vüqarın meyxanası sayəsində analarımız, bacılarımız da məclislərdə oturdular. Amma əvvəllər qadınları məclislərdən çıxardardılar. Nəzəriyyəni bilmək şərt deyil, amma yerində, ölçüsündə, üslubunda, səs tonunda cavab vermək hər insanın işi deyil. Vüqar meyxanaya bunu gətirdi. Bir də gözəl xüsusiyyəti vardı. Kiməsə söz veribsə, heç vaxt milyon da versən sözünü danmazdı, verdiyi vədədən dönməzdi. Onun sözü hər yerdən üstün idi.

Biz küsüb barışan kimi ilk sözüm o olurdu ki, nə yazmısan, göndər baxım. Zarafatla deyirdi ki, sən məni şair elədin. Küsəndə bir cür yazırdı, barışanda başqa cür. Tələb edirdim ki, yaz. Necə yəni, üç gündür küsülü qalmışıq deyə heç nə yazmamısan? Bu necə ola bilərdi, onda sən məni sevməmisən. Yazmayıbsa da, deyirdi yazmışam, evdədir.

– Samirə xanım, nədən rəhmətə getdi?

– Mən hələ inanmıram ki, o rəhmətə gedib. Yenə də onu axtarıram. Gedirəm, qəbri ilə söhbət edirəm. Ölümündən 4-5 ay qabaq görüşüb, danışdıq. Mənə dedi ki, əgər hansımız tez rəhmətə getsək, yuxumuza gələk, xəbər edək ki, haradayıq, necəyik. Avqustun əvvəlində görüşdük, hər şey qaydasında idi. Xəstə deyildi, heç yeri ağrımırdı. Dedilər, qanqrenadır. İndi hansı zəmanədir. Birinin başını kəsib, başqasının bədəninə qoyanda yaşayır. Qanqrena idi, ayağını kəsərdilər, qanını yuyardılar. Axı kasıb adam da deyildi. Dedilər, zəhərlənib. Kim, niyə zəhərləyib, bilmədim. Qardaşına dedim ki, gəl şikayət edək, araşdırılsın. Dedi, Allahın məhkəməsinə buraxaq. Məndən yaşca balaca olsa da, Vüqardan sonra sözü kecən adamdı. Nə deyə bilərəm? Mənim şübhələrim var. Zamanı gələndə əlbəttə, mən bunun iddiasını qaldıracam. Diaqnoz qanqrena oldu. Mən heç vaxt buna inanmayacam. Belə şey ola bilməz. Ölümündən on gün əvvəl əsəblərini sakitləşdirmək üçün xəstəxanada yatıb. İldə 1-2 dəfə müalicə alardı və həmişə yanında mən qalardım. Münasibətlərimiz soyuq olduğuna görə, bu dəfə yanında mən qalmadım. Əsəblərini sakitləşdirmək üçün müalicə alırdı, nə qanqrena? Qanqrena olsa, gəzəndə axsamaz? Əgər, orada gördülərsə, niyə müalicə eləmədilər? Ayın 19- u evə gəlib, avqustun 29-da rəhmətə gedib. Bu hansı qanqrenadı on günün içində öldürdü?