Kimlər pulsuz avtomobil ala bilər?backend

Kimlər pulsuz avtomobil ala bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli Qərarına əsasən, əlilliyi olan bəzi imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən minik avtomobilləri ilə təmin olunur.

NOCOMMENT.az xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na görə, bu imtiyazdan aşağıdakı kateqoriyalara aid şəxslər yararlana bilər:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

1990-cı il 20 Yanvar hadisələri ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslər;

Hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlillik qazanan şəxslər;

Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması zamanı əlillik alan şəxslər.

Qeyd edək ki, bu şəxslər haqqında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəyinə əsasən Sosial Xidmətlər Agentliyində avtomobil növbəsinə götürülür və növbəlilik əsasında avtomobillə təmin olunurlar.

Qərara əsasən, avtomobil pulsuz təqdim edildikdən sonra onun sahibi vəfat edərsə, nəqliyyat vasitəsi ailənin mülkiyyətində qalır. Bu halda avtomobil ailə üzvlərindən birinin adına keçirilərək qeydiyyatdan çıxarılır. Bunun üçün ailə üzvləri ölüm haqqında şəhadətnamə, avtomobilin qeydiyyat sənədləri, varislik haqqında arayış və şəxsiyyət vəsiqələrinin surətlərini Sosial Xidmətlər Agentliyinə təqdim etməlidirlər.

Qanunvericiliyə əsasən, əlilliyi olan şəxsə verilən avtomobil satıla və ya bağışlana bilməz. Lakin avtomobili idarə etmək hüququ həmin şəxsin özünə və onunla eyni yaşayış məntəqəsində yaşayan, sürücülük vəsiqəsinə malik ailə üzvünə verilə bilər.

Bunun üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

Avtomobil almış şəxsin və idarəetmə hüququ veriləcək ailə üzvünün şəxsiyyət vəsiqələrinin və sürücülük vəsiqəsinin surətləri;

Avtomobilin qeydiyyat şəhadətnaməsi;

Hər iki şəxsin yaşayış yerindən arayış;

Əlilliyi olan şəxsin yazılı ərizəsi.

Məlumat üçün bildirək ki, bu mexanizm əlilliyi olan şəxslərin sosial rifahını yaxşılaşdırmaq və onların gündəlik həyatını asanlaşdırmaq məqsədi daşıyır. Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə 7.8 min avtomobil təqdim edilib.