Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalif “Droi” partiyasının lideri Elene Xoştariyanın saxlanılması ilə bağlı açıqlama verib və onu sərt ittihamlarla tənqid edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Baş nazir bildirib ki, qanunvericiliyə görə, 150 laridən artıq zərər vurulduqda prokurorluq cinayət işi açmağa məcburdur.
“Ziyan 150 laridən çoxdur. Cinayət Məcəlləsi beş ilə qədər həbs nəzərdə tutur. Bu, 6 ay da ola bilər, hətta ümumiyyətlə həbs də tətbiq olunmaya bilər,” – Kobaxidze qeyd edib.
Kobaxidze Xoştariyanı həm də Rusiyadan maliyyə dəstəyi almaqda günahlandırıb:
“Bu adam radikal, guya antirusdur. Amma əslində, hər ay Rusiyanın dövlət büdcəsindən milyonlarla rubl alır. Cəmiyyət çox yaxşı görür, kim kimdir.”
Xatırladaq ki, hüquq-mühafizə orqanları Elene Xoştariyanı Tbilisi meri Kaxa Kaladzenin seçki bannerlərinə zərər vurmaqda ittiham edərək saxlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 187-ci maddəsi üzrə istintaq aparılır.