Tramp administrasiyası Gürcüstanla münasibətləri bərpa etmək səylərini ləngidir, lakin Tbilisi “hər şeyi unutmağa” və “səbirlə gözləməyə” hazırdır.
NOCOMMENT.az gürcü KİV-nə istinadən xəbər verir ki, baş nazir İrakli Kobaxidze bunu İctimai Televiziyaya müsahibəsində bildirib.
“Əlbəttə, gecikir. Yeni administrasiya ofisinə daxil olan kimi biz strateji tərəfdaşlığı sıfırdan və dəqiq istiqamətlə yeniləmək istəyimizlə bağlı çox yüksək səslə ictimai bəyanat verdik”, – baş nazir deyib.
Kobaxidze amerikalı prezidentin və “Gürcü Arzusu” arasında “dəyərlərin tam uyğunluğu” baxımından ABŞ-nin addım atmamasını “təəccüblü” adlandırıb. O, hesab edir ki, sonrakı ləngimə hazırda ABŞ Dövlət Departamentinə böyük təsir göstərən “dərin dövlətin qələbəsinə” gətirib çıxara bilər.
“Biz səbirlə gözləyəcəyik və sonda kimin qalib gələcəyini görərik. Əsas odur ki, bizim bəyanatımıza cavab olaraq yeni administrasiya konkret addımlar atsın. Biz hər şeyi – inqilabın təşviqini, USAİD-i, NED-i, bütün bu problemləri unudacağıq. Təmiz vərəqdən və aydın yol xəritəsi ilə istənilən məsələni – Amerikanın maraqlarına, Gürcüstanın maraqların nələrin uyğun gəldiyini müzakirə etməyə hazırıq. Biz hər şeyin yeni sazişdə əks olunmasına hazırıq”, – Kobaxidze bildirib.
Gürcüstanın ABŞ ilə münasibətləri 2024-cü ildə ölkədə “xarici agentlər haqqında” qanunun qəbulundan sonra xeyli pisləşib. Kobaxidze bir il əvvəl Avropa İttifaqına üzvlük danışıqlarının dondurulduğunu elan edəndə, Vaşinqton Tbilisi ilə strateji tərəfdaşlığı tam dayandırdı.
Trampın seçilməsindən əvvəl “Gürcü arzusu” ABŞ-də hakimiyyət dəyişikliyinə və Vaşinqtonla münasibətlərin yenidən qurulmasına ümid etdiyini bəyan edirdi. Tramp seçildikdən sonra isə Kobaxidze və prezident Mixeil Kavelaşvili ona məktub yazaraq münasibətləri bərpa etməyə hazır olduqlarını bildirdilər. Lakin Ağ Evdən heç bir cavab gəlmədi.
Xatirə SADİQ