Köçəryan Paşinyanı xain adlandırdıbackend

Köçəryan Paşinyanı xain adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ikinci prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyanın bir sıra keçmiş yüksək rütbəli məmurları günahlandırmasına və “onlar Qarabağla bağlı pis miras qoyub” ittihamına cavab verib.

Dünən parlamentdə çıxış edən Paşinyan deyib ki, Robert Köçəryan, onun xarici işlər naziri Vardan Oskanyan, üçüncü prezident Serj Sarkisyan, onun xarici işlər naziri Edvard Nalbandyan faktiki olaraq Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.

NOCOMMENT-in modern-ə istinadən xəbərinə görə, Köçəryanın ofisinin yaydığı açıqlamada vurğulanıb ki, Dağlıq Qarabağın danışıqlar prosesindən çıxarılması, “İstanbul xartiyası” və “Madrid prinsipləri” ilə bağlı məlumatlar tamamilə açıqdır və bu faktları təhrif etmək üçün ən azı Türkiyəyönümlü olmaq lazımdır.

Köçəryanın aparatı faktların saxtalaşdırılması cəhdini sübut etmək üçün yuxarıda qeyd olunan sənədləri bir daha ictimaiyyətə açıqlayacağına söz verib.

Köçəryanın aparatının koordinatoru Baqrat Mikoyan deyib ki, Azərbaycan vaxtilə “Madrid prinsipləri”ni sırf ermənipərəst sənəd sayaraq, onu kəskin şəkildə rədd edib.

““Madrid prinsipləri” və “İstanbul xartiyası” kimi şanlı qələbələr tarixdə qalır, təəssüf ki, xainlər də qalacaq”, – deyə Köçəryanın ofisi Paşinyanı xainlikdə suçlayıb.

Bundan əvvəl eks-xarici işlər naziri Vardan Oskanyan Ermənistan mediasında məqalə yazıb. O, məqaləsində hazırkı hökumətin xüsusilə beynəlxalq münasibətlər və diplomatiya sahəsində elementar biliyə malik olmadığını bildirib. Oskanyanın fikrincə, Ermənistanın məğlubiyyət və itkilərini də məhz bu hal şərtləndirir. O hesab edir ki, baş nazir Nikol Paşinyan 2018-ci ilin mayında hakimiyyətə gəldikdən sonra Qarabağ məsələsində bir sıra ölümcül səhvlərə yol verib.

Paşinyan isə ona cavabında deyib: “Aydın qeyd etmək istəyirəm, baxmayaraq ki, mən bunu artıq bir neçə dəfə demişəm. Hansısa hökumət Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbmı? Bəli, bu, Vardan Oskanyanın (Robert Köçəryanın hakimiyyəti dövründə xarici işlər naziri) dövründə edilib. Çünki Ermənistan danışıqlar üçün əsas kimi “Madrid prinsipləri”ni qəbul edəndə, o zaman Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı..

Serj Sarkisyanın masanın üzərinə qoyub getdiyi danışıqlar sənədi bu göstəricilər və düsturlarla dəyərləndirilsə, təslim sənədi idi. Serj Sarkisyan masada təslim kağızını qoyub getdi”.