Köçəryan Ermənistanı necə xilas etmək istəyir? Ermənistanın sabiq prezidenti Köçəryan növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Köçəryan artıq bütün planlarını açıqlayaraq, hədəflərini müəyyənləşdirib. Seçkilərə kimlərlə birlikə qatılacığı da artıq məlumdur. Köçəryan rəsmi şəkildə “ Hayastan” ittifaqını yaratdığını elan edib. Bu ittifaqa “Daşnaksustyun” və Dirçələn Ermənistan partiyası daxildir.
Sabiq prezident həmçinin bildirib ki, hakimiyyətə gəlsə, təcrübəsindən istifadə edərək, yenidən Ermənistanı dirçəldəcək. Köçəryan hakimiyyətə gələrsə, nə dəyişəcək?
NOCOMMENT xəbər verir ki, mövzu ilə bağlı siyasi şərhçi, bloger Vüsal Məmmədzadə modern.az-a danışıb.
Onun sözlərinə görə, Köçəryanın radikal milliyyətçilərin dəstəyinin alması ondan xəbər verir ki, Paşinyanın dövründəki atmosfer tamamilə dəyişəcək: “Paşinyanın yanaşması tam fərqlidir, nə qədər bizə qarşı ifadələr səsləndirsə də, ümumilikdə regional layihələrin olmasında maraqlıdır. Köçəryan 10 il hakimiyyətdə olub, ondan sonra hakimiyyətə gələn Serj Sarkisyan da sələfinin yolunu davam etdirib. Onların hakimiyyəti dövründə heç bir dəyişiklik olmayıb. Amma indiki vəziyyətdə regionda yeni imkanlar yaranır və bu imkanlar qonşu dövlətlər üçün əhəmiyyətlidir. Regional layihələrin həyata keçməsi qonşu dövlətlər arasında iqtisadi asılılıq yartdığına görə, sülhə də imkan yaradacaq.
Misal üçün, Azərbaycan və Ermənistan ortaq bir layihədə iştirak etsə, siyasi məsələlərdə də bir-birinə güzəştə getməyə məcbur olacaqlar. Belə olduğu halda, uzunmüddətli müharibə də gözlənilmir”.
Məmmədzadə həmçinin qeyd edib ki, Köçəryanın hakimiyyətə gəlməsi bu prosesləri ləngidə bilər: “Düzdür, Köçəryan üçtərəfli bəyanatı poza bilmək cəsarətində deyil. Çünki üçtərəfli bəyanatın tərəflərindən biri də Rusiyadır. Köçəryan da Rusiyanın qoyduğu tələblərə qarşı gedə bilməz. Təkcə Köçəryan yox, ümumiyyətlə, Ermənistanda elə bir siyasətçi yoxdur ki, Rusiyaya qarşı gəlsin. Ermənistan Rusiyadan siyasi baxımdan tam asılı vəziyyətdədir, müstəqil qərar qəbul edə bilmir.
Paşinyandan fərqli olaraq, Köçəryan radikal kəskin mövqedədir. Onun üçün bir variant var, bu da Qarabağın müstəqillik almasıdır. Bu fikrin reallaşacağını isə düşünmürəm”.