Köhnə qatarlarda kondisioner niyə işləmir? – AÇIQLAMAbackend

Köhnə qatarlarda kondisioner niyə işləmir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Köhnə qatarlarda havalandırma sistemi heç istehsal dönəmində də olmayıb, indi də yoxdur.

NOCOMMENT xəbər verir ki, bunu yenisabah-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O, sovet dövründə istehsal edilmiş qatarlarda kondisionerin quraşdırılmasının qeyri-mümkün olduğunu açıqlayıb: “Köhnə qatarlarda havalandırma sistemi heç istehsal dövründə də olmayıb, indi də yoxdur. Mikroiqlim nəzarəti sistemi 4-cü nəsildən olan 19 qatarda mövcuddur. Metropoliten daim həmin qatarların monitorinqini aparır. Köhnə qatarlarda isə yay dövründə pəncərələr, nəfəsliklərin açıq saxlanılmasına xüsusi nəzarət yetirilir. Amma desəm ki, o qatarlarda hər hansı xüsusi tədbir görmək mümkündür, yalan olar.

2014-cü ildən bu qatarların mümkün soyuducu sistemlərlə təmin edilməsi üçün istehsalçılarla danışıqlar aparılıb, xüsusi yazışmalar da mövcuddur. Bu istiqamətdə dünyada mövcud olan bütün texnologiyalar araşdırılıb və sonda bu qənaətə gəlinib ki, köhnə nəsil qatarların soyuducu sistemlərlə təmin edilməsi faktiki olaraq mümkün deyil.

Metro vaqonu çox qəliz sistemlə qurulub. Təsəvvür edin, vaqonun kondisioner sistemi ilə təchiz olunması üçün hər vaqonun hər iki başında 400 litrlik çənlər qoyulmalıdır. O çənlər qoyulandan sonra xüsusi gücləndiricilər quraşdırılmalı, hava kanalları sökülüb yenidən yığılmalı, elektrik sistemləri dəyişdirilməlidir.

Bir sözlə, 1 yeni vaqonun alınmasından daha çox xərci çıxır. Odur ki, əsasən yeni qatarlarla köhnələrin dəyişdirilməsinə daha çox səy göstəririk. Təbii ki, onların istifadə müddəti bitəndə ya yeni müqavilə bağlanır, ya da yenisi ilə əvəz edilir..”

Qurum sözçüsü yeni qatarın anonsunu da verib: “2019-cu ildə yeni nəsil vaqonların istifadəsi üçün bağlanmış müqaviləyə əsasən, bu gün-sabaha yeni açıqlamamız, anonsumuz olacaq. Onu hələ tam açıqlamaq istəmirəm, amma bir neçə günə ətraflı anons təqdim ediləcək.”

B.Məmmədov sonda “Qarabağ” klubunun “Sürix”lə oyunu öncəsi və sonrası metro stansiyalarda xüsusi tədbirlərin həyata keçiriləcəyini, bu tədbirlərin tam olaraq nədən ibarət olduğunu oyun başlayan ərəfədə hər kəsin canlı şahid olacağını bildirib.