“Kölgə müharibəsi” açıq savaşa çevrilə bilər – Nələr olacaq?backend

“Kölgə müharibəsi” açıq savaşa çevrilə bilər – Nələr olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin iyununda İran və İsrail arasında illərlə davam edən gərginlik açıq müharibə müstəvisinə keçib.

İsrailin İrandakı hərbi və nüvə obyektlərinə hava zərbələri endirməsi regionda vəziyyəti daha da gərginləşdirib. İran cavab əməliyyatı təşkil edərək İsrailə yüzlərlə raket və dronlarla hücum edib.

Tərəflər atəşkəsə razılaşsa da, münaqişə regionun təhlükəsizlik balansını ciddi şəkildə sarsıdıb. İyun döyüşləri göstərdi ki, hər iki ölkə istənilən an daha genişmiqyaslı müharibəyə sürüklənə bilər. Hazırda isə atəşkəs kövrəkdir və yeni eskalasiya riski real olaraq qalır.

Züriyyə Qarayeva

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Züriyyə Qarayeva bildirib ki, İran–İsrail xəttində yenidən açıq müharibə ehtimalı real və artan risk kimi qiymətləndirilə bilər:

“Fordo kimi strateji obyektin hədəfə alınması Tehranın nüvə ambisiyalarına ciddi zərbə sayılsa da, İranın proqramı tamamilə sıradan çıxarılmayıb və Netanyahu da məhz bunu vurğulayaraq mümkün yeni zərbələr üçün siyasi əsas yaradır. İsrail üçün əsas risk nüvə silahına yaxınlaşan İran faktıdır, Tehran üçün isə açıq müharibə rejimin daxili sabitliyini və regional mövqelərini təhlükə altına sala bilər. Bu səbəbdən tərəflər hələlik birbaşa genişmiqyaslı savaşa deyil, təhdid, preventiv zərbə və psixoloji eskalasiya mərhələsinə üstünlük verirlər”.

Ekspert deyib ki, regiondakı güc balansı və beynəlxalq faktorlar açıq müharibəni hələlik məhdudlaşdırır:

“ABŞ və Qərb ölkələri İsrailin təhlükəsizlik narahatlıqlarını dəstəkləsə də, Yaxın Şərqdə genişmiqyaslı müharibənin enerji bazarlarına və qlobal sabitliyə təsirindən ehtiyat edir. İran isə cavab imkanlarını birbaşa İsrail ərazisində deyil, daha çox proksi qüvvələr (Hizbullah, regiondakı müttəfiq qruplar) vasitəsilə saxlamağa çalışır. Lakin nüvə obyektlərinə növbəti zərbələr və ya İsrailə qarşı birbaşa hücum olarsa, bu “kölgə müharibəsi”nin açıq savaşa çevrilməsi ehtimalı sürətlə yüksələ bilər”.