Kollec tələbələrinə ŞAD XƏBƏR: Əsgərliyə getməmək təklifi müsbət qarşılandıbackend

Kollec tələbələrinə ŞAD XƏBƏR: Əsgərliyə getməmək təklifi müsbət qarşılandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda kolleclərə qəbul olunan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi planlaşdırılır. Elm və Təhsil Nazirliyi bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, eləcə də digər aidiyyəti qurumlara müraciət ünvanlayıb. 

Elm və təhsil nazirinin müavini İdris İsayev bu yaxınlarda mətbuata açıqlamasında deyib ki, söhbət tam möhlət hüququnun verilməsindən getmir.

“Bildiyiniz kimi təhsil proqramını bitirməmiş tələbələri müddətli həqiqi hərbi xidmətə çağırırlar. Təklifimiz odur ki, onlar proqramı bitirdikdən sonra hərbi xidmətə getsinlər. Lakin təklifimizi nə dərəcədə dəyərləndirəcəklərini deyə bilmərəm”, – nazir müavini vurğulayıb.

Bəs kollec tələbələrinə əsgərlikdən möhlət hüququnun verilməsi bu təhsil pilləsində nəyi dəyişə bilər?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov belə bir addımın təqdirəlayiq olduğunu düşünür.

“Hesab edirəm ki, bu cür addımın atılması təqdirəlayiq haldır. Hazırda bu təklif və təşəbbüsdür. Fikrimcə, kollecə qəbul olan tələbələrə müəyyən möhlət hüququ verilə bilər. Bu, onların təhsildən tam azad olunması demək deyil. Burada əsas hədəf təhsilə töhfə vermək və gənclərimizin kollec təhsilinə marağının artırılmasıdır. Düşünürəm ki, hədəf və əsas məqsəd yalnız bundan ibarətdir. Belə addımın atılması isə normal haldır”.

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, alim Elçin Süleymanov isə kollecə qəbul olunan oğlan tələbələrlə bağlı təklifi müsbət qiymətləndirdiyini söyləyib.

“Hesab edirəm ki, kolleclərə qəbul olunan tələbələrə möhlət verilsə, yaxşı olar. Çünki şagirdlər 18 yaşına çatana qədər oxuyur, daha sonra hərbi xidmətə gedirlər. Hərbi xidmət başa çatdıqdan sonra yenidən gəlib təhsilə davam edirlər. Daha əvvəl ali təhsildə belə qayda var idi ki, tələbə bakalavr təhsilini tamamladıqdan sonra hərbi xidmətə gedirdi, sonra qayıdıb magistr pilləsi üzrə təhsil almaq istəyəndə isə çoxu biliklərini unutmuş olurdu. Nəticədə həvəsdən düşdükləri üçün təhsillərini davam etdirmək istəmirdilər. Bu səbəblə Milli Məclis bakalavrdan sonrakı mərhələyə qəbul olan tələbələrə möhlət hüququ verilməsi qərarını qəbul etdi.  Eyni zamanda mən də təklif edərəm ki, kollecə qəbul olan tələbələrə təhsillərini bitirənə kimi möhlət hüququ verilsin. Xüsusilə 9-cu sinifdən kollecə qəbul olanlar üçün hərbi xidmət müddəti il yarım olur. Nəticədə onların təhsili və bilikləri yarımçıq qalır. Təhsilin fasiləsizliyi üçün bu cür addımın atılmasının doğru olacağını hesab edirəm”.

Təhsil eksperti Namiq Hacıheydərli isə universitet və akademiyalarda olduğu kimi, kolleclərdə də hərbi xidmətdən möhlət hüququnun tətbiq edilməli olduğunu düşünür.

“Düşünürəm ki, universitet və akademiyalarda olduğu kimi, kolleclərdə də hərbi xidmətdən möhlət hüququ tətbiq edilməlidir. Tələbə təhsilini yarımçıq buraxıb hərbi xidmətə göndərilirsə, öncə hərbi nizam-intizama, daha sonra isə yenidən kollec və ya universitet auditoriyasına adaptasiya olunması zərurəti meydana çıxır. Bu və digər səbəblərdən əyani təhsil alan tələbənin tam kursu bitirdikdən sonra hərbi xidmətə göndərilməsi daha məntiqli, həm də daha effektli ola bilər. Mən də bu təklifi yüksək qiymətləndirirəm”.