Konqresmenlər Trampa qarşı – erməni lobbisi sülh prosesini hədəfə alıb – ŞƏRHbackend

Konqresmenlər Trampa qarşı – erməni lobbisi sülh prosesini hədəfə alıb – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni lobbisinin anti-Azərbaycan kampaniyası səngimir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Birləşmiş Ştatların erməni lobbisi növbəti dəfə yemlədikləri konqresmenləri Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmaq üçün səfərbər edib. İddialara görə, 87 konqresmen ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edib. Onlar Ağ Evin mövqeyinə zidd çıxaraq Qarabağı könüllü tərk edən ermənilərin bölgəyə qayıtmasına dəstək verilməsinə çağırıblar.

Hər iki palatadan olan konqresmenlərin imzaladığı sənəd Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşünün nəticələrini heçə endirməyə yönəlib. Görünən odur ki, erməni lobbisini həm Azərbaycan, həm də Ermənistanın Əbu-Dabi danışıqlarından razılıqla ayrılması və bundan sonra tərəflərin vasitəçiyə ehtiyacı olmadığını deməsi narahat edib.

Müraciətə imza atanların adlarına nəzər salaq – Frenk Pallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadaon. Bu adların hər biri Azərbaycana və Türkiyəyə yaxşı tanışdır. Erməni lobbisinin bütün anti-Azərbaycan təşəbbüs və təbliğat kampaniyalarında öndə gediblər. Əgər Azərbaycan torpaqlarının işğalı illərində Ermənistana dəstək nümayiş etdirirdilərsə, indi fərqli mövqedədirlər. Ermənistan hakimiyyətinin bölgədə sülh təşəbbüslərinə belə qarşıdırlar.

Azərbaycana qarşı antipatiyasını heç vaxt gizlətməyən, ölkəmizi bütün ağılasığmaz günahlarda ittiham etməyi sevən Pallone, gizli deyil ki, erməni lobbisindən maliyyələşir. Pallone ABŞ Konqresinin irqçi düşüncəli, korrupsiyaya uğramış üzvü kimi tanınır. O, COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı ölkəmizə böhtanlar atmağa çalışması ilə yadda qalmışdı. Bu şəxs onilliklərdir erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr quraraq Azərbaycana və regionda sülhün bərqərar olunmasına qarşı sistematik fəaliyyət göstərib. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, kütləvi qətliam, mədəni irsin dağıdılması kimi cinayətlərini dəstəkləyib, azərbaycanlılara qarşı etnik və dini əsaslı nifrət siyasəti yürüdüb.

Bəs Ermənistan və ABŞ rəhbərliyi belə Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranmasına çalışdıqları halda, adlarıçəkilən konqresmenlər nədən bu siyasətə qarşı çıxsınlar? Yada salaq ki, 1992-ci ildə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul edənlər də məhz bu konqresmenlər və onlara bənzərlər olub. Onlar o vaxt da Ermənistanın işğalçılıq siyasətini dəstəkləməklə qanlı müharibəyə rəvac vermişdilər. Bu gün də eyni qüvvələr münaqişənin bərpası və sülhə imkan verilməməsi üçün çalışırlar.

Ermənistanla Azərbaycanın sülh prosesinə, bölgədə əmin-amanlığa qarşı çıxan əsas iki qüvvə – erməni lobbisi və erməni kilsəsi olub. Məhz Baş nazir Nikol Paşinyan da bu qüvvələrə qarşı total müharibəni bu səbəbdən başlayıb. Hər ikisini də zərərsizləşdirmək üçün hücuma keçib. Erməni diasporu həmişə Ermənistanı müharibəyə sürükləyib, bunun üçün maliyyə və siyasi dəstək verib. Bunu da ilk başa düşən Paşinyan olub və o, xalqını bu həqiqəti başa düşməyə hazırlayır.

Digər bir məsələ, erməni lobbisi üçün indiki ABŞ Prezidenti Donald Tramp ən ciddi təhlükə kimi görülür. Xəbər verildiyi kimi, Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə onunla bağlı söylədiyi fikirlərdən ibarət çıxışını paylaşıb. Dövlət başçısı İlham Əliyev də öz növbəsində Donald Trampa təşəkkürünü bildirib.

Prezident II Şuşa Qlobal Media Forumunda Donald Tramp haqqında çox müsbət fikirlər səsləndirmişdi və bu münasibət Azərbaycanın ABŞ ilə tərəfdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir. Yeri gəlmişkən, Tramp da ilk dəfə idi ki, Cənubi Qafqaz ölkəsinin bir liderinin çıxışını sosial şəbəkədə paylaşırdı ki, bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Eyni zamanda, Azərbaycan Prezidentinin Xankəndidən verdiyi doğru mesajların ünvanına çatması deməkdir. ABŞ Prezidenti ilk prezidentliyi dövründə də Ermənistan-Azərbaycan münaqişəsinə neytral yanaşma sərgiləyib, İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın öz ərazilərini azad etməsinə qarşı çıxmayıb. Bu da erməni lobbisinin narazılığına səbəb olub.

Beləliklə, erməniprəsət konqresmenlərin bəyanatı, ilk növbədə, Prezident Trampın Cənubi Qafqazda sülhə töhfə vermək planlarına təhdiddir. Hədəf isə bəllidir – yenidən münaqişəni alovlandırmaq, Trampın dəstək verdiyi sülh gündəliyini aradan qaldırmaq. Eyni zamanda, bu mövzunu ortalığa atmaqla həm Trampın, həm Respublikaçıların mövqelərinin zəiflədilməsi hədəf götürülüb.

Heç şübhə yoxdur ki, konqresmenlərin bu müraciətinin arxasında əsas bir məsələ var. Bəllidir ki, Tramp korrupsioner konqresmenləri həbsə atmaqda israrlıdır. Onların müraciəti həm də qorxudan irəli gəlir. Hazırda Kaliforniyadan olan məşhur senator Adam Şiffin həbsi gündəmdədir. “Truth Social“ sosial şəbəkəsindəki paylaşımında Ağ Ev rəhbəri yazıb ki, “hiyləgər Adam Şiff fırıldaqçıdır. İndi öyrənirəm ki, Fannie Mae-nin maliyyə cinayətləri şöbəsi Adam Şiffin daimi olaraq ipoteka fırıldaqçılığı ilə məşğul olduğu qənaətinə gəlib. Adam Şiff daha ucuz ipoteka əldə etmək və Amerikanı soymaq üçün əsas yaşayış yerinin Merilenddə olduğunu söyləyib, halbuki o, Kaliforniya konqresmeni olduğu üçün Kaliforniyada yaşamalı idi”.

Şiffdən hələ rəsmi reaksiya gəlməyib, lakin maliyyə cinayətləri şöbəsinin məlumatları ilə dəstəklənən belə konkret ittihamın özü bu siyasətçinin fəaliyyətinin, yumşaq desək, qeyri-şəffaflığı ilə bağlı uzunmüddətli şübhələri gücləndirir.

Burada Adam Şiffin kim olduğunu xatırlatmaq yerinə düşər. O, Ermənistanın və artıq tarixə qovuşmuş Qarabağdakı separatçı rejimin maraqlarının uzunmüddətli və sadiq lobbisidir. Çoxillik karyerası ərzində Şiff ardıcıl olaraq antiazərbaycanyönümlü düşmən təşəbbüslərlə çıxış edib və müntəzəm olaraq erməni diasporuna yaxınlığını nümayiş etdirib.

Xüsusilə, Şiff “Artsax”ın qondarma müstəqilliyini tanıyan və Azərbaycana təzyiq göstərilməsini tələb edən qətnamələr irəli sürüb. Bundan əlavə, o, ABŞ administrasiyasını Azərbaycanı “təcavüzdə” ittiham edərək Bakıya qarşı sanksiya və diplomatik siyasətin sərtləşdirilməsinə çağırıb. Lakin tarix göstərir ki, məhz sinik və yalançılar ənənəvi olaraq ölkəmizin təqibçiləri rolunda çıxış edirlər.

Adam Şiff erməni lobbisi ilə sıx əlaqəli olan və eyni zamanda, cinayət işlərinə qarışan amerikalı siyasətçilər arasında yeganə deyil. Buna parlaq nümunə – ABŞ Senatının beynəlxalq məsələlər komitəsinə rəhbərlik edən və Vaşinqtonda ermənilərin ən fəal müttəfiqlərindən biri olan Robert (Bob) Menendesdir. Maraqlıdır ki, erməni lobbi strukturları Menendesin hərəkətlərini heç vaxt pisləməyib, baxmayaraq ki, söhbət federal səviyyədə korrupsiyadan gedirdi. Əksinə, erməni mətbuatı onu erməni xalqının dostu kimi təqdim etməyə davam edib.