Könüllü maska taxan var?backend

Könüllü maska taxan var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə qurumları ölkədə qapalı məkanlarda maska taxmağı tövsiyə edib. Artıq hökumət nümayəndələri, rəsmilərdən bir çoxu tövsiyələrə əməl edərək tədbirlərə tibbi maska taxaraq qatılırlar.

Bəs, görəsən cəmiyyətin ayrı-ayrı nümayəndələri məcbur tələb olmadığı halda, tibbi maskadan istifadə edirlərmi?

NOCOMMENT xəbər verir ki, mövzu ilə bağlı modern.az müxtəlif peşə sahiblərindən məsələyə münasibət öyrənib.

Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, tövsiyə hələ ona çatmayıb: “Əgər maska taxmaq məcburi olarsa, o zaman məcburi şəkildə taxacam. Maskanın rənginin, formasının qoruyuculuğa adiyyatı yoxdur. Əlimdə hansı maska varsa, onu taxıram. Maskaların hamısı eynidir, heç bir qoruyuculuq fərqi yoxdur. Məni maraqlandıran tək şey güclü immunitetin olmasıdır”.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, səhiyyə orqanlarının tövsiyə xarakterli məlumatı bütün işçilərə çatdırılıb: “Heç bir işçini məcbur etmirik ki, maskanı tax. Tövsiyə olunubsa, maska taxmağımız daha yaxşı olar. Mən hazırda da tibbi maskadan istifadə edirəm. Tibbi maska məcburi olan dövrdə metropoliten əməkdaşlarının hər biri maska ilə təmin olunurdular. Maskaların qoruyuculuq səviyyələri fərqli olur, amma mən həmişə normal tibbi maskadan istifadə etmişəm. İş şəraitinə uyğun olaraq, tunelə düşəndə xüsusi maska tələb olunursa, ondan istifadə edirik. Zərurət hiss etdikdə xüsusi maskadan istifadə etmişəm”.

Xalq artisti Mənsum İbrahimov bildirib ki, tövsiyə olunsa da, hələ maska taxmır: “Ancaq artan koronavirus xəstələrinin sayı göstərir ki, qapalı məkanlarda maska taxmaq məcburi olacaq. Sağlamlıq hər şeydən önəmlidir. Bütün ölkələr kimi biz də koronaviruslu, ağır günlər yaşadıq. Maskanın hansısa ölkə istehsalı olmasının, rənginin heç bir önəmi yoxdur. Ən əsas məsələ keyfiyyətdir”.

Tanınmış həkim Aydın Əliyev deyib ki, maskadan istifadə etmir: “Ölkədə bir milyona yaxın insan koronavirusa yoluxub və sağalıb. Təxminən 3-4 milyon insan da qeydiyyata düşməyib, amma yoluxub və sağalıb. Bizim ölkəmiz kiçik ölkədi, 10 milyon əhalisi var, kollektiv immunitet formalaşıb. Yəni COVID-19 pandemiyasının bizim ölkə üçün heç bir təhlükəsi yoxdur. Bütün elmi açıqlamalara görə viruslar hər dəfə mutasiyaya uğradıqca onların öldürücülük qabiliyyəti azalır və yoluxan şəxslərin xəstəliyi ağır keçirmə dərəcəsi aşağı düşür. Maskanın tövsiyəsinin, tələbənin yersiz olduğunu düşünürəm. Buna görə də rənginin, keyfiyyətinin, hər hansı ölkə istehsalı olmasının mənim üçün qəti mənası yoxdur”.

Trend.az İnformasiya Agentliyinin əməkdaşı Samir Əlinin sözlərinə görə əsas məqsəd xəstəliklə mübarizə aparmaqdırsa, maskanın rənginin, formasının heç bir əhəmiyyəti yoxdur: “Əslində tövsiyə xəstəliyin artması ilə bağlıdır və bu əhalinin sağlamlığının xeyrinədir. Əgər vəziyyət ciddiləşməzsə, maska qıtlığı yaranmazsa, təbii ki, keyfiyyətli maskadan istifadəyə üstünlük verəcəm. Ümid edirəm ki, əhali bu xəstəlikdən qorunmaq üçün buster doza qəbul edəcək və bu xəstəliyin yayılmasının qarşısını ala biləcəyik. Hər birimiz çalışmalıyıq ki, tövsiyə və qaydalara riayət edək, birlikdə xəstəliyə qalib gələk, virusun yayılmasının qarşısını alaq. Ümid edirəm ki, bu belə də olacaq. Çünki ötən dövrdə vətəndaşların bir qisminin qaydalara əməl etməməsi, virusun öldürücü olmasına inanmaması yoluxma hallarının geniş yayılmasına səbəb oldu. Həddindən artıq vətəndaş həyatını itirdi. Düşünürəm ki, bu hadisədən sonra artıq hər bir vətəndaş ehtiyatlı olmalı, virusun yayılmasının qarşısının alınmasına yardım etməlidir”.