Koronavirus pandemiyasının dünya iqtisadiyyatına mənfi təsiri qaçılmazdır – İlham Məmmədovbackend

Koronavirus pandemiyasının dünya iqtisadiyyatına mənfi təsiri qaçılmazdır – İlham Məmmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş verənlər və müşahidə olunanlar onu deməyə əsas verir ki, koronavirus pandemiyasının dünya iqtisadiyyatına mənfi təsiri qaçılmazdır. Təbii ki, sözügedən virusun mövcudluğu, yeni mutasiya növlərinin yayılması və daha geniş miqyas alması arxasınca iqtisadi böhranın gəlməsindən xəbər verir.

Artıq dünyanın yarıdan çox ölkəsində aşkar edilən virusla mübarizəyə dövlətlər özlərinin bütün resurslarını və imkanlarını səfərbər etməyə başlayıblar. “Ölüm virusu”na qarşı mücadilə ölkələri bir-biriləri ilə demək olar ki, təcrid edərək əlaqələri minimallaşdırıb, bəzi sahələrdə isə tam dayandırıb. Ölkələr arasında sərhədlərin bağlanması, insanların gediş-gəlişlərinin, yerli istehsalın dayandırılması pul dövriyyəsinə, bilavasitə isə pul balansına təsirsiz ötüşməyəcək. İnkar olunmaz bir faktor da ondan ibarətdir ki, dövlət və özəl sektorda çalışan insanların evə buraxılaraq uzaqdan idarəetməyə keçməsi, müəyyən sahələr istisna olmaqla, bir çox sahələrdə istehsalın dayanması, təhsilin və xidmət sektorunun, ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması, şəhər və rayonlardan mərkəz ilə əlaqənin minimallaşdırılması mövcud virusla mübarizədə qaçılmaz olan addımlardır. Dövlətin siyasətinin əsas mərkəzində insan faktoru durduğunu nəzərə alsaq, böyük fəlakətlərin, insan təlafatının qarşısının alınması üçün bunların həyata keçirilməsi labüddür.

Nəzərə alsaq ki, dünya birjasında neftin qiymətinin sürətlə düşməsi və insanlarda yerli valyutaya, xüsusən manata olan inamın tərəddüdlü olması, insanların dollara olan marağını artırdı, bu isə bir daha yerli valyutanın risk altına qoyulması deməkdir. Dövlətimiz manatın dayanıqlığını saxlamaq və insanlarda yerli valyutaya inamın qorunub saxlanılması üçün büdcə siyasətinə uyğun mümkün ehtiyatlarından səfərbər etməkdədir. Təbii ki, müstəqilliyini yeni qazanmış bir ölkə üçün bunlar bir o qədər də asan başa gəlmir.
Görünən odur ki, davam edəcəyi təqdirdə koronavirus pandemiyası özünün neqativ hallarını dünya iqtisadiyyatının bütün sahələrində göstərəcək. Azərbaycan da bu iqtisadiyyatın bir hissəsi olduğundan ölkəmizin bundan təsirsiz ötüşməsi bir qədər çətin görünür. Zavod və müəssisələrin dayanması, turizm sektorunun iflic olması bu krizisin ilkin simptomlarından xəbər verir.

İri avtomobil zavodları Avropada istehsalını dayandırmaq qərarını vermək üzrədirlər. Artıq Volkswagen Group, PSA Group (Peguot, Citroen, DS, Vauxhall və Opel), Fiat Chrysler və Daimler fəaliyyətlərini dayandırmaq barədə qərar veriblər. Renault isə İspaniyada istehsalı və satışı dayandırıb. Volvo Cars Qentdə koronavirus pandemiyasına görə özünün Belçika zavodunun fəaliyyətini dondurub. Hətta General Motors, Ford və Fiat da özünün ABŞ-dakı zavodlarının fəaliyyətini bağlayıblar. Koronavirusun geniş trayektoriyasını nəzərə alaraq BMW Avropada və Cənubi Afrikada avtomobil istehsalını aprelin 19-a qədər dayandırıb.
Bunlarla yanaşı, hava nəqliyyatı da bu proseslərdən kənarda qalmır və özünün bir çox ölkələrlə reyslərini təxirə salaraq uçuşlarını dayandırır. Bu isə beynəlxalq sərnişindaşımada dünya nəhəngləri olan aviaşirkətlərin gəlirlərinə ciddi təsir etməkdədir. Beynəlxalq ekspertlərin hesablamalarına görə, koronavirusun yayılması dünya aviaşirkətlərin sərnişin daşımalarından gəlirləri nə az, nə çox, 252 mlrd dollardan çox azalacağını proqnozlaşdırıblar. Bu isə təqribən ümumi gəlirlərin 44%-i deməkdir.

Avropa ölkələrininin öz sərhədlərini bağlaması, insanların bir-birindən təcrid edilməsi bu dövlətlərin sanki nə dərəcədə dayanıqlığını göstərir. Koronavirus pandemiyası virus yoluxmuş ölkələrin sanki hansının daha dözümlü və dayanıqlı olduğu, rəqabətə qabiliyyətli, hansının krizisə davamlılığını yoxlamaq üçün bir “peyvənd”dir.
Əminəm ki, ölkəmiz bu virusla mübarizədə və özündən sonra gətirə biləcəyi böhrandan qalib olaraq çıxacaq və dünyanın dayanıqlı iqtisadiyyatı və siyasəti olan dövlətlər sırasında adının hallanmasına nail olacaq.

İlham Məmmədov
Jurnalist, PR mütəxəssis