KoronaVirus İnformasiya Portalı
“Koronavirusa inanmayan cərimələnsin” və ya “yaxşı ağlamayan güllələnsin”backend

“Koronavirusa inanmayan cərimələnsin” və ya “yaxşı ağlamayan güllələnsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Siyavuş Novruzovun təklifi Şimali Koreya liderinin qərarına oxşayır”

Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov karantin rejimi ilə bağlı tətbiq edilən cərimələrin daha da sərtləşdirilməsini təklif edib. O deyib ki, koronavirusa inanmayanlar cərimələnməlidir: “Bu, həm də onların sağlamlığının qorunmasıdır. Biz qanunu daha da sərləşdirməliyik. Bizim hər birimiz intizamlı olmalıyıq. Hesab edirəm ki, koronavirusla əlaqədar şayiə yayanlar barədə də ölçü götürülməlidir. Bəziləri sosial şəbəkələrdə yazırlar ki, pandemiya yoxdur. Bunlar barədə ölçü götürülməlidir”.

Lakin deputatın bu təklifi cəmiyyətdə birmənalı qarşılanmayıb və etirazlara səbəb olub. Maraqlıdır, cərimə tətbiq edilməsi üçün pandemiyaya inanmayanlar necə müəyyən oluna bilər? Belə bir təklif nə qədər mühüm və düzgündür?

NOCOMMENT.az KONKRET.aza istinadən xəbər verir ki, mövzu ətrafında açıqlama verən hüquqşünas Nicat Gözəlovun sözlərinə görə, deputatın təklifi hüquqa və məntiqə söykənməyən, hüquq prinsiplərinə uyğun olmayan və başa düşülməyən təklifdir: “Bu, bilirsiz nəyə oxşayır? Şimali Koreya lideri Kim Çer İr dünyasını dəyişəndə oğlu Kim Çen İn qərar vermişdi ki, kim yaxşı ağlamasa, güllələnsin. Bu təklif də ona bənzəyir”.

“Təsəvvür edin ki, bu təklifi deputat siyahısını tənzimləyən adam irəli sürür. Kimsə koronavirusa inanmırsa, yaxşı edir. Çünki texnologiya dövrüdür və insanlar hər yerdən məlumat əldə edir. Camaata hər gün üçün pulsuz tibbi maskalar versinlər və harada da qaydalara riayət edilmədiyini görsələr, cərimələsinlər. Yoxsa, kimsə küçədə tək gəzirsə və maska taxmırsa, o, niyə cərimələnməlidir? Əgər, 3-4 nəfər bir yerdə dayanıbsa və maska taxmayıbsa, əlbəttə ki, bu, qaydaları pozmaqdır və cəriməsi də yazılmalıdır. Bəs, biz maya dəyəri 3-4 qəpiyə olan maskanın 30 qəpiyə satılmasını hara yazaq? Əvvəllər 8-10 qəpiyə olan maskanın qiyməti indi niyə qalxıb? Bax, elə buna görə də camaat bu virusa inanmır”, – Gözəlov deyib.

AĞ Partiya sədri Tural Abbaslı da AYNA-ya açıqlmasında Novruzovun təklifini tənqid edib: “Deputatın düzgün yanaşma problemi var. Çünki Siyavuş Novruzov hansı mövzudan danışsa, cəza məsələsinə toxunur. Bunlar dövləti ancaq cəza mexanizmi ilə idarə olunan struktur kimi görürlər, bu da Siyavuş Novruzov təmsili insanların hələ də kommunist təfəkkürlü olduqlarının, 21-ci əsrin idarəçilik çağırışlarına cavab verə bilmədiklərinin göstəricisidir. Ki, bugünkü problemlərimizin kökündə də bu yanaşma dayanır”.

“Düşünürəm ki, bu cür məsələləri cəzalandırmaqla yox, maarifləndirməklə, cəmiyyətin müxtəlif sosial təbəqələrini proseslərə cəlb etməklə tənzimləmək lazımdır. İnsanları inandırmaqla müsbət nəticələr əldə etmək olar, nəinki, cəzalandırmaq və işgəncə verməklə”, – müsahibimiz bildirib.

Abbaslı, belə bir təklif qəbul edilərsə, Siyavuş Novruzovun koronavirusa inanıb-inanmayanları necə müəyyən edəcəyinin maraq doğurduğuna diqqət çəkib: “Yəni yolda polis vətəndaşı saxlayıb soruşacaq ki, “virusa inanırsan, yoxsa yox?” Yaxud, SMS sorğu göndərəcəklər ki, “virusa inanırsız, ya yox?” Bu, o qədər gülməli fikirdir ki, heç təklif kimi də qiymətləndirmək olmaz. “Oğru aləmi”nin qanunlarına görə, polis “qanuni oğru”nu saxlayıb onun “oğru” olub-olmadığını soruşanda, o, “yox” desə, “tac”ı düşmüş sayılır, “hə” desə, cinayət məsuliyyətinə cəlb edilir. İndi cənab Novruzovun təklifi də buna oxşayır. Ona görə də koronavirusla bərabər Siyavuş Novruzov kimi şəxslərdən də yaxa qurtarmaq lazımdır”.

ReAl Partiyasının icra katibi Natiq Cəfərli də mövzu ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, ölçüyəgəlməz bir məsələ ilə bağlı cəza tətbiq etmək heç bir məntiqə uyğun deyil: “Uzaqbaşı hörmətli Siyavuş müəllim sosial şəbəkələrdə yazılan statusları nəzərdə tuta bilər. Lakin kiminsə koronavirusa inanmaması cinayət deyil. Çünki bu, əməl yox, fikirdir. Əgər, kimsə bunu hər hansı bir formada əmələ çevirsə, qəsdən virus yaysa, cəzalandırılmalıdır. Azərbaycanda da bununla bağlı qanunvericiləyə dəyişiklik edilib. Amma inam məsələsinə görə cəza tətbiqi artıq inkvizisiyadır”.

“Hər insanın fikir azadlığı var. Dünyada çox tanınmış professorlar, virusoloqlar, hətta nobel mükafatçıları belə, koronavirusun deyildiyi qədər təhlükəli olduğuna inanmadıqlarına dair çıxışlar ediblər. O zaman onları həbs etmək lazımdır? İnam və inamsızlıq düşüncə azadlığına aid, maddi sübutu olmayan məsələdir. Ona görə də bununla bağlı cəzanın tətbiqi hüquqi məntiq baxımından da absurddur”, – deyə Cəfərli qeyd edib.

ReAL təmsilçisi əlavə edib ki, belə bir cəza tətbiqi mümkün olsa, cəzanı formal da olsa, məhkəmə verməlidir: “Lakin məhkəmədə həmin şəxs desə ki, “mən fikrimdən döndüm, artıq virusa inanıram”, onda nə olacaq, cəzalanmayacaq? Hətta, maska taxmaqla bağlı cəzaların sərtləşməsi də absurddur. Çünki maskanın taxılması insanın inam məsələsindən asılıdır ki, bu da təbliğatla mümkündür. Cəza mexanizmlərini sərtləşdirməklə hər şeyə nail olmaq mümkün olsaydı, dünyada heç bir cinayət əməli olmazdı, məhkəmlərə də ehtiyac qalmazdı. Bu təklif də fikri azadlığı ilə ziddiyət təşkil edir və Konsitutisiyaya uyğun gəlmir”.