Kreml Brüsselin vasitəçiliyini əngəlləyir: Moskva Paşinyana təzyiq edirbackend

Kreml Brüsselin vasitəçiliyini əngəlləyir: Moskva Paşinyana təzyiq edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfər etməzdən bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov onun Kremldə keçirəcəyi görüşün hazırki beynəlxalq vəziyyətdə xüsusi əhəmiyyət kəsb edəcəyini bildirmişdi.

Buna görə də Ermənistan müxalifəti və Qarabağ separatçıları Nikol Paşinyanın Moskvada Ermənistan üçün məqbul olmayan hansısa sənədə imza atacağından narahat idilər. Ermənistandakı “Qarabağ klanı” ilə Qarabağdakı separatçıların Rusiya ilə sıx əlaqələri var. Buna baxmayaraq, onlar Ukraynada ağır müharibənin fonunda hesab edirdilər ki, Kreml eyni ilə Brüssel kimi Nikol Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edə bilər.

Müxtəlif istiqamətlərdən Paşinyana qarşı təzyiqlər başladı. Ermənistanın keçmiş təhlükəsizlik naziri, parlamentdəki müxalifət blokunun rəhbərlərindən biri Artur Vanesyan İrəvanın mərkəzində fasiləsiz aksiya təşkil edib və tərəfdarlarını hər gün mərkəzi meydana çağırır.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, mövzunu şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, İrəvanda Paşinyana qarşı aksiyalar təşkil edən Artur Vanetsyan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın təlimatlarını yerinə yetirir.

“Aksiyaya dəstək verənlər arasında Nikol Paşinyanın vaxtilə təyin etdiyi keçmiş xarici işlər naziri Ara Ayvazyan da var. O mediaya verdiyi açıqlamada Nikol Paşinyanın yalan danışıdığını sübut etməyə çalışıb. Ara Ayvazyan Nikol Paşinyanın “beynəlxalq təşkilatlar məndən Qarabağla bağlı tələbin azaldılmasını tələb edirlər” fikrinə etiraz edərək, onun nazir işlədiyi dövrdə guya, belə bir tələblə üzləşmədiyini vurğulayıb. Paşinyana etiraz edənlər arasında daha bir keçmiş xarici işlər naziri Vardan Oskanyan da var”.

Ekspert xatırladıb ki, Vardan Oskanyan son məqaləsində keçmiş prezident Levon Ter-Petrosyanla hazırki baş nazir Nikol Paşinyan arasında belə bir müqayisə aparıb: “Levon Ter-Petrosyan Laçın istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmağın yerinə Dağlıq Qarabağın statusunu sonraya saxlamağı təklif edirdi. Nikol Paşinyan isə statusdan vaz keçərək, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırdır”.

“Vardan Oskanyan Paşinyanın Azərbaycanla sülh sazişi imzalaması ideyasının əleyhinədir. Oskanyan Paşinyanın beynəlxalq aləmə istinadının yanlış olduğunu bu şəkildə izah etməyə çalışıb: “Tam əksinə, beynəlxalq aləm dağınıqdır, bundan istifadə edib Azərbaycanın xeyrinə addım atılmamalıdır””, – deyə siyasi şərhçi qeyd edib.

E.Şahinoğlu onu da xatırladıb ki, Nikol Paşinyan Rusiyaya səfər etməzdən bir gün əvvəl Qarabağ separatçılarının lideri Araik Arutunyan və separatçıların “Təhlükəsizlik Şurasının sədri” Vitali Balasanyan İrəvana gedərək baş nazirlə görüşdülər.

“Rusiya və Ermənistan saytlarının məlumatına görə, Araik Arutunyan Paşinyandan tələb edib ki, Ermənistanın baş naziri “Qarabağın müstəqillik” mövqeyindən geri çəkilməsin. Nikol Paşinyan adətən səfərlərdən sonra Qarabağ separatçılarının liderilə görüşüb onların mövqeyini nəzərə aldığını söyləyərdi. Bu dəfə isə Paşinyan səfərdən əvvəl separatçıların lideri ilə görüşdü”.

Bəs Paşinyan Rusiyaya səfər etməzdən əvvəl nədən separatçılarla görüşdü? Axı Qarabağla bağlı onlar arasında fikir ayrılığı var.

“Görünür, Paşinyan bu yolla xarici auditoriyaya mesaj göndərmək istəyirdi ki, onu Azərbaycanla sülhün əldə edilməsi məsələsində çox sıxmasınlar, çünki Qarabağ separatçıları ona təzyiq edir. Brüsselin Paşinyana mesajı aydındır: “Azərbaycanın ərazi bütövlüyünü tanımalısan, Qarabağla bağlı “status” tələbindən əl çəkməlisən”. Moskva da Paşinyana eynisini desəydi, məsələni bitmiş hesab etmək olardı. Ancaq Kreml Brüsselin dediyini təkrarlamadı”, – deyə ekspert bildirib.

E.Şahinoğlu Nikol Paşinyan Moskvaya getməyə hazırlaşdığı saatlarda ona Avropa İttifaqının rəhbəri Şarl Mişelin zəng etməsinin sıradan bir hadisə olmadığını vurğulayıb: “Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, tərəflər aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar. Bu telefon zəngi Kremli narahat edib. Rusiya hakimiyyətinə yaxın siyasi eskpertlər Şarl Mişelin Moskva səfəri öncəsi Paşinyana telefon zəngini Brüsselin Rusiya əleyhinə addımı kimi dəyərləndiriblər.

Vladimir Putin Kremldə Nikol Paşinyanla görüşün mətbuata açıq hissəsində dedi ki, Qarabağda hələ çox problem var. Bununla Kreml sahibi bölgədəki vəziyyətdən detallarına qədər xəbərdar olduğunu nümayiş etdirib. Bəli, Qarabağda problemlər var və bu problemi yaradanlar Rusiya hərbçiləriylə erməni separatçılarının birgə fəaliyyətidir. Vladimir Putinin bu açıqlamasından aydın oldu ki, Qarabağda Rusiya postlarının və bayraqlarının sayının artırılması təlimatını elə Kreml sahibi verib. Putin daha sonra dedi ki, Paşinyanla Qarabağın təhlükəsizliyi məsələsini müzakirə edəcək. Kreml sahibi bu cümləsiylə Qarabağın Ermənistana dəxli olmadığı reallığını qəbul etmək istəmir. Rusiya prezidenti Azərbaycana aid Qarabağ mövzusunu Ermənistanın baş naziri ilə müzakirə edirsə, burda xoş niyyət yoxdur.

Danışıqlar yekunlaşdıqdan sonra Kremlin mətbuat xidmətindən yayımlanan xəbərdə deyildi ki, tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqları bildirilib. Tərəflər Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini aktivləşdirməyi qərara alıb.

Kremldən yayımlanan bu xəbər Moskvanın atdığı addımlarla üst-üstə düşmür. Kreml İkinci Qarabağ müharibəsindən sonra eyni məzmunlu xəbərlər yayımlayır, ancaq ortada ciddi nəticə yoxdur.

Kremlin vasitəçiliyi ilə nə sərhədlərin müəyyənləşməsinə dair danışıqlar intensivləşib, nə də 3 ölkənin baş nazirlərinin müavinləri kommunikasiyaların açılması istiqamətində irəliləyiş əldə ediblər. Nikol Paşinyanın və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qısa müddət ərzində Moskvaya çağrılmasının tək səbəbi var: Kreml Avropa İttifaqının vasitəçiliyini əngəlləmək istəyir. Brüssel Kremlin planlarından xəbərdardır və bilir ki, Moskva İrəvana təzyiq etməklə gedişatı poza bilər. Ona görə Avropa İttifaqının rəhbəri Şarl Mişel Paşinyana Moskvaya yollanmazdan əvvəl zəng edib və izah edib ki, o Kremlin Brüsselin planlarını pozmağa imkan verməsin. Şarl Mişel Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaarı Bakıya göndərdi. Paşiyan Moskvada ikən prezident İlham Əliyev Toivo Klaarla görüşdü və ona bildirdi ki, rəsmi Bakı Brüsselin faydalı vasitəçiliyinə önəm verir. Əslində Paşinyan da Brüsselin vasitəçiliyindən faydalanmaq istəyir, sadəcə ona Kreml və Rusiyanın Ermənistandakı vassalları mane olur”.