Kreml düyməyə basdı: Müharibə qaçılmazdırbackend

Kreml düyməyə basdı: Müharibə qaçılmazdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Politoloq Elxan Şahinoğlu Ukrayna və Rusiya arasında ehtimal olunan müharibə ssenarisindən danışıb. 

NOCOMMENT.az politoloqun Publika.az – a verdiyi müsahibəni təqdim edir:

– Şahin bəy, Ukrayna və Rusiya arasında olan gərginlik müharibəyə çevrilə bilərmi?

– Ukrayna ilə Rusiya arasında müharibənin olması istisna deyil. Ancaq iki ölkə arasında nə vaxt toqquşmanın olacağını dəqiq demək çətindir. Görünür, Amerikanın əlində kəşfiyyat məlumatları olduğu üçün müharibənin baş verəcəyi haqqında dəqiq vaxt söyləyirlər. Ancaq görünən odur ki, rəsmi Kreml Ukraynaya müdaxilə planını hazırlayıb. Gələcək zamanlarda iki ölkə arasında mövcud olan gərginlik daha da artacaq. Ukrayna prezidenti Qərb dövlətlərinin bu cür proqnozlarına narahatlığını bildirir ki, belə açıqlamalarla ölkə daxilində panika yaradırlar. Prezident özü də qeyd edir ki, ölkə müharibəyə hazırdır, ancaq tarixi göstərdikdə cəmiyyətdə təlaş yarandığını söyləyir. Müharibə başlayarsa, Rusiya ciddi sınaqlarla üz-üzə qalacaq. Beynəlxalq birlikdən adıçəkilən ölkəyə qarşı sərt sanksiyalar tətbiq olunacaq. Onları dəstəkləyəcək ölkələrin sayı azdır, Rusiya əsasən Çinin onun yanında olacağına ümid edir. Çünki bu yaxınlarda Rusiya prezidenti həmin ölkəyə səfər etdi və dəstək aldığı da istisna deyil. Ancaq görünür, Vladimir Putin öz seçimini edib və bütün çətinlikləri gözə alaraq Donbası Rusiyaya birləşdirmək istəyir.

– Müharibə Rusiya və Ukraynaya necə təsir edəcək?

– Müharibə Ukraynaya iqtisadi və digər cəhətlərdən zərbə vuracaq. Ancaq burada ən çox zərər görən tərəf Rusiya olacaq. Çünki adıçəkilən ölkənin iqtisadiyyatı onsuz da pisləşib, rubl dəyərini itirib və gələcəkdə sanksiyaların tətbiq olunması mövcud vəziyyəti daha da pisləşdirəcək. Müharibə zamanı artıq Rusiyanın şəhərlərinə zərbə endiriləcək və bu da cəmiyyəti narahat edəcək. Bunun nəticəsində Vladimir Putinin apardığı siyasətə qarşı ciddi etirazlar başlayacaq. Yəni, gələcəkdə müharibə olarsa, Rusiyanı ciddi təhlükələr gözləyir.

– İki ölkə arasında ehtimal olunan müharibə genişlənərək dünya savaşına çevrilə bilərmi?

– Belə bir təhlükə əlbəttə ki, mövcud olaraq qalır. Birinci Dünya müharibəsini xatırlasaq görərik ki, o zaman da dövlətlər döyüşə hazırlıq görərək ilk qığılcımı gözləyirdilər. 1914-cü ildə serb milliyyətçisi Avstriya taxt-tacının vəliəhdini qətlə yetirdi. Bu şəxsin ölümü gözlənilən qığılcım oldu və Birinci Dünya müharibəsi başladı. Böyük dövlətlərin müharibəyə qoşulması ilə 10 milyondan çox insan həyatını itirdi. Müharibədən sonra həmin dövlətlər hər şeyin danışıqlarla həll oluna biləcəyini etiraf etdilər. Sanki indi də həmin vəziyyətdir, çünki hər kəs müharibədən danışır və bütün dövlətlər həmin o qığılcımı gözləyirlər. Həmin o işarə də təxribat nəticəsində yaranacaq. Yəni, iki tərəf arasında olan gərginlik genişlənərək regional müharibəyə, hətta dünya müharibəsinə çevrilə bilər. Təhlükə ondadır ki, söhbət nüvə silahına malik olan dövlətlərdən gedir. Lokal toqquşmanın tərəflərin çoxalması ilə qlobal müharibəyə çevrilmə ehtimalı var. Rusiya prezidenti böyük dövlətləri nüvə silahı ilə qorxudur. Bu o deməkdir ki, adıçəkilən ölkəyə qarşı hər hansısa bir addım atılarsa, həmin silahlar işə düşə bilər, ancaq onu da bilməliyik ki, bu sözlər şantajdan başqa bir şey deyil. ABŞ həm birbaşa Rusiya ilə müharibə etmək, həm də Ukraynanı tək qoymaq istəmir. Əgər Ukrayna məğlub olarsa, Rusiya bununla dayanmayacaq. Yəni, əgər onu dayandırmasalar, gələcəkdə yeni fəsadlar ola bilər.

– Bəs, Rusiya ilə Belarus arasında olan müttəfiqlik baş verə biləcək müharibəyə necə təsir edəcək?

– Belarus tamamilə Rusiyadan asılı olan bir dövlətdir. Çünki onlar Rusiyanın bütün əmrlərini yerinə yetirir və göründüyü kimi, adıçəkilən ölkə Belarus ərazisində öz ordusunu yerləşdirib. Onların yaratdığı ittifaqa digər dövlətlərin qoşulacağı real deyil. Ermənistanın problemləri çoxdur və həmin ittifaqa qoşulsa, vəziyyəti daha da ağırlaşacaq. Bu koalisiyaya rəğbət bəsləyən ölkələrdən biri Çindir. Çünki onlar anti-Qərb siyasəti yürüdür, ancaq Ukraynanın işğal məsələsini birbaşa olaraq dəstəkləmir. Vladimir Putinin də Pekinə səfəri Çin dövlətindən dəstək almaq idi. Ancaq gələcəkdə Çinin güclənməsi Rusiya üçün böyük bir təhlükəyə çevrilə bilər. Çünki onun iqtisadi qüdrəti böyükdür və faktiki olaraq Rusiyanın daxili bazarında böyük yerə sahibdir.

– Ukrayna ilə Rusiya arasındakı gərginlikdə Türkiyənin rolu nə olacaq?

– Türkiyə iki ölkə arasında vasitəçi olmağa çalışır, ancaq vəziyyət elə bir həddə çatıb ki, Türkiyənin sülh danışıqları üçün addımları nəticə verməyəcək. Çünki artıq Rusiyanın planları ortadadır. Amerika ilə Rusiya arasındakı münasibətlər də gərgin olaraq qalır. İki ölkə arasında müharibə olması Türkiyənin də maraqlarına cavab vermir və bunun qarşısını almaq üçün addımlar atır. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da Qərb dövlətlərini panikanı artırmamağa dəvət edib. Müharibənin olmasını heç bir dövlət istəməsə də, gələcəkdə genişmiqyaslı toqquşmaların baş verməsi istisna deyil.