Kreml Paşinyan üçün “Saakaşvili taleyi” planlaşdırıb?backend

Kreml Paşinyan üçün “Saakaşvili taleyi” planlaşdırıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyanın yanvarın 10-da keçirdiyi mətbuat konfransında Rusiyaya qarşı növbəti kəskin bəyanatları, xüsusən də KTMT təlimlərinin ölkəsi ərazisində keçirilməsinə icazə verməməsi, sözsüz ki, Moskvadakı Putin rejiminin narazılığına səbəb olub. Görünən odur ki, hakimiyyətə gəldiyi ilk günlərdən Kreml Paşinyana qarşı gizli-açıq mübarizə aparır. 44 günlük savaşda Ermənistanın ağır məğlubiyyətindən sonra yaranmış durumdan da onu devirmək üçün yararlanmağa çalışsa da, bu baş tutmayıb. Bəs görəsən, son 5 il ərzində Rusiyaya sərf etməyən Qərbyönümlü siyasət aparmasına görə Putin Paşinyan üçün də “Saakşavili taleyi” planlaşdırıbmı?…

NOCOMMENT.az xəbər verir ki, bunu siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:

“Paşinyanın əvvəldən və o cümlədən Rusiya və KTMT ilə bağlı son mətbuat konfransında da sərgilədiyi mövqe, şübhəsiz ki, Kremldə razılıqla qarşılana bilməz. Və Kreml onsuz da Ermənistan daxilindəki “5-ci kalon”u vasitəsilə daim Paşinyana qarşı siyasət yürüdüb. Düşünürəm ki, xüsusən KTMT-nin təlimlərinə ev sahibliyi etmək imtinasından sonra Rusiya-Ermənistan münasibətləri özünün yeni bir mərhələsinə keçir. Təbii ki, bu mərhələ münasibətlərin inkişafı baxımından müsbət kimi dəyərləndirilə bilməz. Və şübhəsiz ki, Rusiyanın da buna cavab tədbirləri olacaq. O cavab tədbirlərinin hansı şəkildə olacağını söyləmək çətindir. Amma daxildən hansısa güclər, təsirlər hesabına Paşinyanı devirmək ən azı indiki mərhələdə inandırıcı görünmür. Ermənistana hərbi müdaxilə etmək də qeyri-mümkündür. Çünki Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasının bunun üçün gücü yetərincə deyil. Kənardan güc yeritmək üçün isə Moskvanın imkanı çox məhduddur. Ona görə ki, Rusiyanın Ermənistanla birbaşa sərhədi yoxdur. Bu yalnız Gürcüstan və ya Azərbaycan vasitəsilə ola bilər. Ancaq rəsmi Tiflis və Bakının buna imkan verəcəyi də sual altındadır”.

Şərhçi hesab edir ki, Rusiya nə qədər Paşinyanı devirməyə çalışsa da, Ermənistanda ona qarşı etirazların kritik çəkiyə qalxmasına nail ola bilməyib.

“Bir sözlə, Rusiyanın Paşinyanın son bəyanatlarıyla bağlı mövqeyi bəllidir və görünür ki, Kreml Paşinyandan canını qurtarmağa çalışır. Və bu, yeni bir trend deyil. Artıq 44 günlük savaşdan sonra Moskva buna cəhd göstərdi. Onadək isə Paşinyana ciddi problemlər yaratmağa çalışırdı. Əgər 2020-ci ilin payızındakı müharibədə Ermənistanın ağır hərbi məğlubiyyətindən sonra Rusiya Paşinyanı devirməyə nail ola bilmədisə, hazırkı durumda onun buna nail olacağı daha az inandırıcı görünür. Amma unutmayaq ki, bütün zəifliyinə, Ukrayna müharibəsindəki məğlubiyyətinə və s. məsələlərə baxmayaraq Rusiya hələ də Ermənistanla, Azərbaycanla, digər postsovet ölkələri ilə müqayisədə kifayət qədər gücə və təsirə malikdir. Ən azı, Kremlin bir çox keçmiş müttəfiq respublika daxilində mövcud olan geniş şaxəli “5-ci kalon”ları bunu deməyə əsas verir. Bəs Moskva Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana Saakaşvilinin taleyini yaşada biləcəkmi? Bunu söyləmək çətindir. Və düşünmürəm ki, bunu etmək Rusiya üçün asan olacaq. Çünki Ermənistanda Paşinyan hökumətindən narazılıqlar olsa da, hələ onlar özünün, belə deyək, kulminasiya nöqtəsinə çatmayıb. Həm də həmin narazılıq, hökumətdən narazı kütlə kritik çəkiyə malik deyil. Paşinyana qarşı narazılıq və etirazlar kritik həddə çatarsa, bəlkə də Rusiya üçün ona “Saakaşvili taleyi”ni yaşatmaq imkanı yaranar. Amma hazırda bunun əlamətləri görünmür”- deyə siyasi analitik vurğulayıb./Moderator.az