Əgər ABŞ “Tomahavk” qanadlı raketlərini Ukraynaya ötürmək qərarına gəlsə, bu, eskalasiyanın yeni mərhələsinə gətirib çıxara bilər.
NOCOMMENT.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
“Zelenski və Tramp tərəfindən “Tomahavk” məsələsi daim qaldırılır. Rusiya tərəfi Putin və Lavrovun simasında qiymət verib – biz bu barədə dəfələrlə danışmışıq. Bu, eskalasiyanın keyfiyyətcə yeni səviyyəsinə doğru çox mühüm addım olacaq”, – o bildirib.
Onun sözlərinə görə, Rusiyanın bu məsələdə mövqeyi “son dərəcə aydındır”: “Və bu, həm Vaşinqtonda, həm də Kiyevdə yaxşı məlumdur”.
Kremlin sözçüsü qeyd edib ki, ölkəyə qarşı “Tomahavk” raket zərbələri təhlükəsi yaranarsa, təhlükəsizliyin təmin edilməsi üçün hər şey ediləcək.
“Hərbçilərimiz nə edəcəyini bilir. Onların hərbi potensialı və bütün lazımi imkanları var. Təbii ki, ölkəmizin təhlükəsizliyini və maraqlarını təmin etmək üçün hər şey ediləcək. Eləcə də hər şey ediləcək ki, xüsusi hərbi əməliyyat bütün məqsəd və vəzifələrə çatana qədər davam etdirilsin”, – Peskov əlavə edib.
Peskov nəzərə çatdırıb ki, “prosesi siyasi və diplomatik kanala çevirmək” imkanı yaranarsa, “bu, həyata keçiriləcək”.
Xatirə SADİQ