“Kristal Abşeron” QSC CƏRİMƏLƏNDİ – Şirkət qanunlara ƏMƏL ETMİRbackend

“Kristal Abşeron” QSC CƏRİMƏLƏNDİ – Şirkət qanunlara ƏMƏL ETMİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycanın ən böyük mənzil-tikinti kooperativlərindən biri olan “Kristal Abşeron” QSC-də əmək qanunvericiliyinin pozulması faktını aşkarlayıb. 

NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki,qanun pozuntusu ilə əlaqədar şirkətin qanuni təmsilçisi (qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs – red.) İbrahim Dostumaliyev cərimələnib. 

İ.Dostumaliyev İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə olunub.

Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. Qeyd edilən maddə üzrə pozuntu aşkar edildikdə fiziki şəxslər 1000 AZN-dən 2000 AZN-dək məbləğdə, vəzifəli şəxslər 3000 AZN-dən 5000 AZN-dək məbləğdə, hüquqi şəxslər 20 000 AZN-dən 25 000 AZN-dək məbləğdə cərimə edilir. İ.Dostumaliyev səlahətli şəxs olduğundan o, 3000 AZN-dən 5000 AZN-dək məbləğdə cərimələnib.

Əldə etdiyimiz məlumata əsasən, İ.Dostumaliyev dövlət xidmətinin qərarı ilə razılaşmayıb və məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Məhkəmə işi Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimovanın icraatına verilib. 

Əmək qanunvericiliyinin bu maddəsi pozulduqda işəgötürənlər oxşar halların təkrarlanmaması üçün Əmək Müfəttişliyi tərəfindən nəzarətə götürülür. Hazırda “Kristal Abşeron” QSC müfəttişliyin nəzarəti altındadır.

Qeyd edək ki, “Kristal Abşeron” QSC  2003-cü ildən fəaliyyət göstərir. Şirkətin fəaliyyətindən 21 il ötsə də, qurum 2008-ci ilin noyabrın 12-də dövlət qeydiyyatına alınıb və İ.Dostumaliyev həmin tarixdən şirkətin qanuni təmsilçisidir.

Şirkətin qanuni təmsilçisi İ.Dostumaliyev olsa da, mediada yayılan məlumatlara görə “Kristal Abşeron” QSC-nin faktiki sahibi millət vəkili Ağalar Vəliyevdir. İddilara görə, şirkət məhz həqiqi sahibinə arxalanaraq çoxlu sayda insanı uzun müddət qeyri-qanuni əsaslarla əmək fəaliyyətinə cəlb edib.

Onu da bildirək ki, Azərbaycanda tikinti sektorunda əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına daha tez-tez rast gəlinir. Belə hallar adətən kiçik həcmli işlər görən tikinti şirkətlərində müşahidə edilsə də, təəssüflər olsun ki, “Kristal Abşeron” QSC kimi iri inşaat şirkətlərində də aşkarlanır.