Kritik həddə çatan problemli kreditlər – Banklar depozit faizlərini artırdıbackend

Kritik həddə çatan problemli kreditlər – Banklar depozit faizlərini artırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, 2024-cü ilin II rübündə cəmi istehlak kreditləri üzrə kredit standartlarında dəyişiklik nəzərə çarpmasa da, kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə əsasən, banklar əvvəlki rübdən fərqli olaraq əməkhaqqı kreditləri üzrə kredit standartlarında dəyişiklik müşahidə etmədiklərini bildirib. Banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı ekspert Asif İbrahimli deyib ki, kredit kartlarının alınması üsulları çox asandır. Belə olduğu halda da problemlər ortaya çıxır:

“Ümumiyyətlə, kredit kartları və digər kredit məhsulları ilə bağlı banklarda borcların geri ödənilməməsi ilə bağlı ciddi problemlər yaşanır. Kredit kartlarının əldə edilməsi şərtləri çox sadə olduğuna görə, həmin bankda əməkhaqqı kartı olan vətəndaşa hər hansı kredit kartları da təklif olunur. Vətəndaş da rahatlıqla əldə edib istifadə edir. Amma bir çox hallarda götürülən məbləği ödəməmə halları baş verir. Düşünürəm ki, bununla bağlı qərar veriləcək. Ümumiyyətlə, bank kartlarının alınması ilə bağlı həm təhlükəsizlik meyarlarının artırılması, həm də onların əldə edilməsi istiqamətində müəyyən beynəlxalq standartların tələblərinə uyğun tədbirlər həyata keçirilməlidir”.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə əsasən, banklar kredit şərtlərində sərtləşməyə ona görə getmək istəyirlər ki, banklar üçün pulun dəyəri artıb. Son bir neçə ayda banklar depozit faizlərini artırıblar. Pulun dəyərinin artmasının əsas səbəbi ötən ilin dekabr ayında Mərkəzi Bankın banklar üçün məcburi ehtiyat normalarını artırmasıdır. Məcburi ehtiyatlar ölkədə pul kütləsinin və bank sisteminin likvidliyinin tənzimlənməsində Mərkəzi Bank tərəfindən istifadə olunan pul siyasəti alətidir:

“Məcburi ehtiyatlar bankın Mərkəzi Bankda olan müxbir hesabında saxlanılır. Əvvəllər banklar üçün məcburi ehtiyat norması 0,5 faiz idi. Hazırda məcburi ehtiyat norması 20 faizdir. Məsələn, bank 1000 manat əmanət cəlb edibsə, bunun 20 faizini, yəni 200 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə bank cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 800 manatını kredit resursu kimi istifadə edə bilər. Ona görə də bank üçün həm pulun məbləği azalır, həm də pulun dəyəri artır. Kredit şərtlərində sərtləşmənin əsas səbəbi budur”.