KTMT Qazaxıstanı nəzarətsiz qoyacaq?backend

KTMT Qazaxıstanı nəzarətsiz qoyacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda baş verən hadisə və prosesləri lokal problem kimi xarakterizə etmək olmaz. Çünki bu, təkcə bir ölkənin milli təhlükəsizlik məsələsi deyil, regional xarakter daşıyır və ciddi beynəlxalq nəticələrə səbəb ola bilər.

Ona görə də məsələ dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Ayrı-ayrı ölkələr, regional və beynəlxalq təşkilatlar hadisələri müzakirə edir, müxtəlif çağırışlar və bəyanatlarla çıxış edirlər. KTMT-dən sonra Türk Dövlətləri Təşkilatının da bu məsələni müzakirəyə çıxarması bu kontekstdə xüsusi qeyd edilməlidir.

NOCOMMENT xəbər verir ki, bu fikirləri axar.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Politoloqun sözlərinə görə, həm Qərb dairələri, xüsusilə ABŞ rəsmiləri tərəfindən, həm də KTMT-nin videokonfrans formatında keçirilən iclasında səsləndirilən fikirlər hadisələrin konturlarını müəyyən etməyə və geosiyasi təfərrüat barədə bəzi nəticələr hasil etməyə imkan verir: “Tərəflər dünyanın ərazicə ən böyük 9-cu ölkəsində baş verən hadisələr ilə əlaqədar müəyyən qədər bir-birini ittiham etsələr də, Qərb cəbhəsində qəribə sükunət – daha çox loyal və məsafəli yanaşma müşahidə edilir. Hətta bəzi siyasi analitiklər bu proseslərdə Birləşmiş Ştatlarla Rusiyanın sinxron hərəkət etdiyini, müəyyən anlaşma – razılaşma çərçivəsində davrandığını iddia edirlər.

Düşünürəm ki, Qazaxıstan hadisələri Mərkəzi Asiyada və Avrasiyada yeni geosiyasi mexanizmin formalaşmasında mühüm rol oynayacaq. Burada əsas aktorlar Rusiya, kollektiv Qərb (Birləşmiş Ştatlar və Avropa) və Çindir”.

“Sülhməramlıların Qazaxıstan ərazisindən bir neçə gün ərzində çıxacağı bəyan edilsə də, məsələnin bu qədər sadə və asan olduğunu düşünmürəm. Çünki bu ölkədə hazırda iğtişaşlar olmasa da, təhlükəsizlik kontekstində gərginlik hökm sürür, eyni zamanda, ölkədaxili vəziyyət regional proseslərə ciddi təsir göstərir. Birləşmiş Ştatlar və Çin prosesləri diqqətlə izləyir, Rusiya başda olmaqla, KTMT cəbhəsi isə situasiyanı nəzarətsiz buraxmaq niyyətində deyil. Ona görə də kontingentin mərhələli çıxarılması təmin olunsa da, hərbi-siyasi mövcudluq və nəzarət davam edəcək. Biz hələ proseslərin ilk raundunu izləyirik. ABŞ-Rusiya-Çin geosiyasi üçbucağında strateji rəqabət Mərkəzi Asiyada qarşıdakı müddətdə də müxtəlif formalarda özünü göstərəcək”, – deyə politoloq Nurlan Qələndərli əlavə edib.