Küçədə avtomobil park edənlərə XƏBƏRDARLIQ!backend

Küçədə avtomobil park edənlərə XƏBƏRDARLIQ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yeni dələduzluq növü peyda olub. Vətəndaş bildirir ki, onun avtomobilinin nömrəsi oğurlanıb və Rusiya nömrəsi ilə onunla əlaqə saxlayan şəxslər nömrəni geri qaytarmağın müqabilində ondan pul tələb ediblər.

Sürücü çarəsiz qalıb və oğrularla razılaşaraq onların hesabına 500 manat ödəyib. Bundan sonra ona deyiblər ki, nömrə Sumqayıt yolunda, Ceyranbatan tərəfdə, ağacın altında gizlədilib. Sürücü də deyilən koordinatlarla gedib nömrəni tapıb.

O qeyd edir ki, məsələ ilə bağlı polisə müraciət etsə də, nəticəsi yoxdur. Bəs görəsən vətəndaşlar belə hallarla qarşılaşmamaq üçün nə etməlidir?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu cür hallarla bağlı qanunvericilikdə dəyişiklik edilməlidir.

“Açığı bu məsələdə sürücülərdə günah görmürəm. Maşınlar daha çox açıq ərazidə, binaların həyətində saxlandığı üçün dələduzlar üçün əlverişli şərait yaranır. Bununla bağlı qanunvericilikdə müəyyən boşluq var və dələduzlar bundan istifadə edirlər.

Düzdür, polis onları tapır və layiqli cəzanı verir, amma qanunvericiliyə də müəyyən qədər əl gəzdirmək lazımdır. Bizim yol hərəkəti haqqında qanunumuzda belə bir bənd var ki, hər hansı nəqliyyat vasitəsinin nömrəsinin biri olmadıqda sürülə bilməz. Yəni ön və arxa nömrənin hər ikisi yerində olmalıdır.

Digər tərəfdən nömrənin dublikatı verilmir. Əgər nömrənin biri itibsə, avtomobil sahibi ancaq gedib başqa nömrə almalıdır. Bu barədə heç polis də arayış vermir.

Belə bir hadisə ilə qarşılaşdıqda sadəcə maşını evakuatora yerləşdirib, yaxınlıqdakı yol polis məntəqəsinə aparıb yeni nömrə almaq mümkün olur. Amma qanunvericiyə dəyişiklik etsək, itən nömrənin dublikatını çıxarmaqla məsələni həll etmək olar”.

Ekspert avtomobil nömrələrində quraşdırılan GPS-in oğurlanma və itmə zamanı istifadə oluna biləcəyini qeyd edib.

“İndi nömrələrə GPS quraşdırılır. Buna görə də hansı nömrənin hansı maşına aid olduğunu tez bir zamanda müəyyən etmək mümkündür. GPS nömrə itən zaman onun yerinin təyin olunmasına kömək olur. Bu şərtlə ki, həmin nömrə torpağa bastırılmasın. Nömrələrin ön hissəsinə GPS ötürücü çiplər yerləşdirilir. Bu proses 2015-ci ildən başladı. 2013-cü ildə bununla bağlı qanunvericilik qəbul olundu və 2 il sonra artıq nömrələrə çiplər yerləşdirildi”.