“Kupça”sız evi almağa dəyərmi?backend

“Kupça”sız evi almağa dəyərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar Bakıda sənədsiz evlərin ucuzlaşması ilə bağlı fikirlər səslənir.

Hətta sosial şəbəkələrdə belə məlumatlar öz əksini tapıb ki, “kupça”sız evlər 10-15 faiz ucuzlaşıb.

Əslində vətəndaşlar evlərin getdikcə daha da bahalaşmasından şikayətçidir. Əgər sənədsiz evlər həqiqətən də ucuzlaşırsa, o zaman yəqin ki, vətəndaşların həmin evlərə marağı daha da artacaq.

Bəs “kupça”sız evləri almağa dəyərmi?

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Cebheinfo.az”a bildirib ki, ucuzlaşma ilə bağlı söhbət çıxarışı olmayan evlərdən getmir:

“Ola bilsin ki, yeni bina tikilsin və onun çıxarışı alınmasın. Bəzi mənzillər var ki, vətəndaşlar onları satışa çıxarana qədər öz adlarına çıxarış almırlar. Yalnız yeni alıcı meydana çıxandan sonra çıxarış əldə olunur. Hansı evlər ucuzlaşa bilər?

Söhbət məhz müvafiq dövlət instansiyaları tərəfindən təhvil-təslim götürülməyən mənzillərdən gedir. Ötən il belə bir qərar qəbul olunub ki, hansı binalar təhvil götürülməyibsə, onların kommunikasiya vasitələrindən, kommunal xətlərdən istifadə etmək səlahiyyətləri yoxdur.

Yəni qaz, su, elektrik enerjisi həmin mənzillərə verilməyəcək və bu o deməkdir ki, həmin mənzillərdə yaşamaq mümkün olmayacaq. Bu baxımdan, təhvil götürülməyən binalarda təbii ki, mənzil almaq məqsədəmüvafiq deyil. Eləcə də, fərdi yaşayış evlərindən söhbət gedir.

Hansı evlər ki, özbaşına tikilib, müvafiq qanunvericiliyə uyğun tikinti işləri aparılmayıb, icazəsi yoxdur, həmin evlərin alınmasında problem olacaq və həmin evlərin ucuzlaşması mümkündür.

Ancaq hər hansı mənzil çıxarışa malik deyilsə, onun ucuzlaşmasından söhbət gedə bilməz. Yəni qanuna müvafiq olaraq tikilməyən mənzillərdən, binalardan və yaxud fərdi yaşayış evlərindən söhbət gedir. Onların ucuzlaşması mümkündür.

Hansı binalar ki, təhvil götürülməyib, o binalara müvafiq qadağalar tətbiq olunmayıb. Ancaq qanunvericiliyə görə bu tətbiq olunacaq və o evlərdə yaşamaq problem yaradacaq. Bunun həllinin bir yolu var ki, “əmlak amnistiyası” keçirilsin.

Həmin “əmlak amnistiyası” hansı evlər ki, qanunvericiliyə uyğun tikilib və yaxud da onun tikilişini, statusunu qanunvericiliyə uyğunlaşdırmaq olar, məhz evlərə sənədlər verilsin. Onlar məhz “əmlak amnistiyası”ndan yararlansınlar. Əks təqdirdə vətəndaşlar çox ciddi problemlərlə qarşılaşacaqlar. Bu da arzuolunan hal deyil”.

Onun sözlərinə görə, əgər ucuzlaşmanın səbəbi sənədsiz evlərdirsə, müvafiq şərtlərdən istifadə etmək imkanının olmamasıdırsa o evləri alıb eyni problemlə qarşılaşmaq heç kəsə lazım deyil:

“Elə bil ki, vətəndaş yaşayış üçün ev yox, ancaq dörd divar əldə edəcək. Çünki əsas şərtlərdən biri həmin tikilidən bu və ya digər şəkildə yaşayış üçün istifadə etmək şərtlərinin mövcud olmasıdır.

Yəni qışda qazı olmalıdır ki, qızına bilsin, yaxud suyu, elektiriki olmalıdır. Əgər hər üç istiqamətdə məhdudiyyət qoyulursa, həmin evin alınması məqsədəmüvafiq deyil. O ev deyil, boş tikilidir, vətəndaş ondan istifadə edə bilməyəcək”.