Kürdəmir sakini lombarda qızıl qoyub, iki aydır ala bilmirbackend

Kürdəmir sakini lombarda qızıl qoyub, iki aydır ala bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir sakini lombarda qoyduğu qızılını geri ala bilmir.

NOCOMMENT.az xəbər verir ki, rayonun Yenikənd sakini Xəyalə Ağayeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, lombarddan götürdüyü pulu faizi ilə birlikdə qaytarsa da, qızılını geri ala bilmir:

“4 qrama yaxın qızılı girov qoydum, 160 manat pul götürdüm. Borcu qaytarmağa iki ay möhlətim var idi. Vaxtı çatanda borc götürdüyüm pulu qaytardım, faizini də fevralın 20-nə kimi ödədim. Amma üstündən iki aydan çox vaxt keçir, hələ də qızılımı lombarddan geri ala bilmirəm. Səbəbini soruşanda deyirlər ki, qızıl burada yoxdur, bir neçə günə gətirəcəklər”.

Bu qanunvericiliklə necə tənzimlənir? İqtisadçı vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, məsələ məhkəmə yolu ilə həll oluna bilər:

“Şikayətçi məhkəməyə müraciət etməlidir. Lombard qızılları pul ödənilən günü qaytarmalı idi. Görünən budur ki, həmin lombard da qızılı harasa girov qoyub. Dəfələrlə demişəm, lombard sahəsində biabırçılıqdır, istədiklərini edirlər, dövlət isə bu məsələni tənzimləmir”.

Əkrəm Həsənov vurğulayıb ki, uzun illərdir lombardlar haqqında qanun layihəsi gündəmdədir:

“Amma qəbul olunmur. Bildiyimə görə, əvvəlki layihə daha sərt idi, amma indiki qanunun yumşaq olduğunu deyirlər. Mən bilmirəm lombardları kim himayə edir? Onların fəaliyyəti tənzimlənməmiş qalır. Qanunda xeyli boşluqlar var, indiki halda vətəndaşların məhkəmədən başqa yolu yoxdur”.