Kürdəmir Uşaq İncəsənət Məktəbi qəzalı vəziyyətdədir, kollektiv yeni binanın tikilməsini istəyirbackend

Kürdəmir Uşaq İncəsənət Məktəbi qəzalı vəziyyətdədir, kollektiv yeni binanın tikilməsini istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin binası qəzalı vəziyyətdədir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bina istismar müddətini çoxdan başa vurub.

Məktəbin dam örtüyü dağılıb, divarları çatlayıb, döşəmə və qapı-pəncərəsi yararsız vəziyyətə düşüb.

Belə ki, bina 1953-cü ildə tikilərək Kürdəmir rayon Yol İstismar İdarəsinin yataqxanası kimi istifadəyə verilib.1966-cı ildən isə ovaxtkı rayon rəhbərliyinin təşəbbüsü ilə uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. Əvvəlcə məktəbdə 3 müəllim və bir neçə şagirdlə 2 ixtisas üzrə fortepiano və tar ixtisası tədris olunub. Sonralar rayonda bu sahəyə tələbat artdıqca müəllim və şagirdlərin sayı artıb. Hazırda məktəbdə 9 ixtisas üzrə 313 şagirdin tədrisi ilə 83 müəllim məşğul olur.

Şagirdlərin sayı artdığına görə məktəbdə sinif otağı çatışmazlığı yaranıb. Buna görə məktəb rəhbərliyi bir sinfi iki yerə bölüb. Bu isə dərs zamanı siniflərdə səs-küyə səbəb olur və tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Bundan başqa, məktəbdəki musiqi alətləri də köhnəlib, istismara yararsız vəziyyətdədirlər.

Qış aylarında yağış və qurunt suları məktəbin içərisinə dolur. Müəllim və şagirdlər illərdir ki bu vəziyyətdə dərs keçirlər.

Məktəbin kollektivi yeni, müasir tələblərə cavab verən binanın tikilməsini istəyirlər.

Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin müdiri Qəndab Zülfüqarova “Report”un yerli bürosuna bildirib ki, binanın mövcud vəziyyəti ilə bağlı dəfələrlə aidiyyəti qurumlara məlumat verilib, lakin bu günə qədər heç bir əməli iş görülməyib.

“Hazırda bina tədris üçün yararsız haldadır. Buna baxmayaraq, biz işimizi dayandırmırıq”, – o qeyd edib.

Mədəniyyət Nazirliyindən “Report”un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, nazirlik tərəfindən hazırlanmış və müvafiq dövlət orqanlarına təqdim edilmiş “2024–2027-ci illər ərzində dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısı”nda Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbi üçün yeni binanın tikintisi nəzərdə tutulub. Bu məqsədlə vəsait ayrılacağı təqdirdə nazirlik tərəfindən müvafiq addımlar atılacaq.