Kuznetsov: Ermənistan Qafqazda təcavüzünün hərəkətverici qüvvəsi olubbackend

Kuznetsov: Ermənistan Qafqazda təcavüzünün hərəkətverici qüvvəsi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə və mülki infrastruktura raket-artilleriya zərbələri endirilməsi barbarlıqdır. Hüquq elmi dilində bu, müharibənin aparılması qaydalarının, beynəlxalq humanitar hüquq normalarının pozulması və müharibə cinayəti adlanır. Məhz bu cür cinayətlərə görə Hitler Almaniyasının rəhbərləri və ən məşhur nasistlər Nürnberqdə Beynəlxalq Hərbi Tribunal tərəfindən mühakimə edilmişdi.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

O xatırladıb ki, erməni tərəfi hələ Qarabağda son döyüş əməliyyatları başlanana qədər Azərbaycanın mülki infrastrukturuna zərbələr endirəcəyini dəfələrlə demişdi.

O.Kuznetsov deyib:

“Lakin erməni hərbçilərinin bu cinayətkar əməllərini danışıqsız pisləməklə bərabər, biz aydın başa düşməli idik ki, Qarabağda və onun ətrafında döyüş əməliyyatları başlanana qədər Ermənistan siyasi elitası Azərbaycanın mülki infrastrukturuna – dinc şəhərlərə, Mingəçevir Elektrik Stansiyasına, Abşeronun neft yataqlarına, neft və qaz kəmərlərinə zərbələr endirilməsi barədə əmr veriləcəyini dəfələrlə demişdi. Yəni döyüş əməliyyatları başlanandan xeyli əvvəl Ermənistan ordusu və bu ölkənin hakimiyyət orqanları Azərbaycan xalqını cismən məhv etməyə, yəni ona qarşı soyqırımı törətməyə hesablanmış müharibə aparmağa hazırlaşırdı. Başqa sözlə desək, onlar heç vaxt gizlətmirdilər ki, lap əvvəldən cinayətkar vasitələr və üsullarla cinayətkar müharibə aparmağa hazırdırlar”.

O.Kuznetsovun fikrincə, Ermənistan Gəncəyə zərbələri Moskvada humanitar məqsədlərlə müvəqqəti atəşkəs barədə sənəd imzalanandan sonra endirib. O.Kuznetsov vurğulayıb:

“Beləliklə, rəsmi İrəvan növbəti dəfə göstərib ki, o, Dağlıq Qarabağ münaqişəsinin sazişə əməl etməyə qabil olmayan, öz hakimiyyətini qoruyub saxlamaq naminə ermənilər və azərbaycanlılar tamamilə qırılana qədər müharibə aparmağa hazır olan tərəfidir. İkinci Dünya müharibəsi illərində nasistlər alman xalqı və Avropa ölkələrinin digər xalqları ilə məhz bu cür rəftar edirdilər. Hərçənd, nasist Qaregin Njdenin ideyalarının apologetlərindən və ardıcıllarından başqa hərəkət gözləmək olmazdı. Onların Adolf Hitlerin ideyalarının təsiri ilə ifadə etdikləri tsexakron nəzəriyyəsi – nasizmin erməni növü Ermənistanın Cənubi Qafqaz regionunda təcavüzünün hərəkətverici qüvvəsi olub, bu gün də belədir, sabah da belə olacaq. Ona görə bu gün Azərbaycan ordusunun qarşısında bu təhlükəni məhv etmək və onun daşıyıcılarının mühakimə edilməsi üçün şərait yaratmaq kimi sivil bir missiya var”.

Tarixçi alim deyib: “Qarabağın erməni işğalından azad edilməsi uğrunda müharibə təkcə Azərbaycan xalqının öz ölkəsinin ərazi bütövlüyünə nail olmaq uğrunda Vətən müharibəsi deyil. Bu, həm də sivilizasiyanın orta əsr barbarlığına qarşı müharibəsi, bəşəriyyətin mənəvi dəyərlərinin erməni millətçiliyə xas olan klerikal eqoizmə qarşı müharibəsi, Avrasiyanın mühüm rayonlarından birində sülh və sabitlik uğrunda müharibədir. Buna görə mən bir daha Azərbaycan ordusuna qələbə, Azərbaycan xalqına mərdlik arzu edirəm”. Axar.az