Çin istehsalı olan “Labubu” adlı kolleksiya kuklalarını xatırlayırsınız. Sosial şəbəkələrdə dovşanqulaq, geniş təbəssümlü fiqurların açılış videoları ard-arda paylaşılırdı. “Pop Mart” şirkətinin satışları bir neçə dəqiqəyə tükənir, nadir nüsxələr onlayn satış platformalarında minlərlə dollara təklif olunurdu. Şirkətin ilkin səhmlərinin yerləşdirilməsi 1,8 milyard ABŞ dolları həddinə çatmış, “The Monsters” brendi üzrə 2024-cü ilin ortalarına qədər gəliri 6,3 milyard yuan (təxminən 870 milyon dollar) təşkil etmişdi.
Lakin son günlərdə Şanxaydan Britaniyanın Blekpul şəhərinə qədər bir çox ölkədə keçirilən reydlər zamanı saxta “Labubu” fiqurlarının müsadirə olunur və bu, brend üçün dönüş nöqtəsi kimi qiymətləndirilir.
NOCOMMENT.az xəbər verir ki, brendin orijinallığı ilə bağlı şübhələr ön plana keçdikcə, bu fenomenin populyarlığı təhlükə altına düşür.
350 faiz artan gəlirlə “Labubu” çılğınlığı
2025-ci ilin iyulunda Pekindəki “Pop Land” əyləncə parkında nümayiş etdirilən Labubu kuklaları şirkətə 350 faizlik mənfəət artımı qazandırdı. “Labubu” bəzi ölkələrdə uzun növbələrə və hətta qarşıdurmalara səbəb oldu. Saxta məhsulların qara bazarda yayılması isə bu çılğınlığın digər tərəfini nümayiş etdirir.
Hongkonglu rəssam Kasing Lanq tərəfindən 2015-ci ildə yaradılan “Labubu” personajı ilk dəfə 2019-cu ildə “Pop Mart” tərəfindən rəsmi şəkildə satışa çıxarılıb. Məşhur müğənnilər – Rihanna, Dua Lipa və “Blackpink” qrupunun üzvü Liza bu kuklaları sosial şəbəkələrdə paylaşaraq onların qlobal status qazanmasına səbəb oldular.
Saxtakarlıq etimad itkisini yarada bilər
Bu yay Şanxay polisi 5 minə yaxın saxta “Labubu” fiqurunun satışını həyata keçirən cinayətkar şəbəkəni ifşa edib. Saxta fiqurlar orijinal dizayna əsasən hazırlanıb və 60–70 faiz aşağı qiymətə satılıb. Ümumilikdə şəbəkə 12 milyon yuan (təxminən 1,67 milyon dollar) gəlir əldə edib. Həmçinin Çin gömrük orqanları digər şəhərlərdə də on minlərlə saxta fiquru sosial mediada “Lafufu” adlandırılan məhsulları ələ keçirib. Qeyd olunur ki, bu hadisələr təkcə saxta məhsulların yayılması ilə bağlı deyil, həm də kolleksiyaçılar arasında inamın sarsılması ilə nəticələnib. “Pop Mart” orijinallığı qorumaq üçün müxtəlif tədbirlər – ticarət nişanlarının qeydiyyatı, orijinallıq bələdçiləri, QR kod sistemləri tətbiq etsə də, artıq bu uğursuzluq brendə zərbə vurub.
Düşünülür ki, “Pop Mart” ilkin dövrdə öz izləyicilərini sadəcə gəlir mənbəyi deyil, brendin təbliğatçıları kimi dəyərləndirsəydi, fərqli bir tarix yaza bilərdi. Məsələn, eksklüziv dərəcələr, erkən çıxış imkanı, fiqurların əfsanəsinə uyğun seriyalar və ya azarkeşlərin iştirakı ilə dizayn müsabiqələri təşkil olunardı. Lakin bunun əvəzinə məhdudluq və nəzarətli satışlar prioritet götürüldü. Bütün bunlara baxmayaraq, brend hələ də yüksək seqmentdə öz çəkisini saxlayır. Luvr muzeyində eksklüziv seriyalar, “Keith Haring”, “One Piece” və “Coca Cola” ilə əməkdaşlıqlar bu uğurun nümunəsidir. Pekində 4 fut (təxminən 120 sm) ölçülü mint-yaşıl “Labubu” 170 min dollara satılıb. Lakin əsas kütləyə yönəlməyən hekayələr nəticədə yalnız elita tərəfindən dəstəklənir və pərəstişkarlar arasında parçalanma yaranır.
“Reddit” və “TikTok” platformalarında “Labubu”nun ikinci bazar qiymətləri 50 faizədək azalıb, çoxları bu trendin artıq zirvəni keçdiyini düşünür.\\Valyuta.az