“Laçın”a hücumu Rusiya təşkil edibbackend

“Laçın”a hücumu Rusiya təşkil edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Laçın” keçid məntəqəsinə hücumundan sonra Azərbaycan Laçın yolunu bağlayıb.

Bununla da Qarabağın erməni əhalisinin Ermənistana gediş-gəlişi, eləcə də yüklərin daşınması məhdudlaşdırılıb. Azərbaycan tərəfi güman ki, İrəvan bu təxribata görə məsuliyyəti üzərinə götürməyənə, baş verənlərlə bağlı tədqiqat aparmayana qədər yolu açmayacaq.

Maraqlıdır, “Laçın” keçid məntəqəsinə hücumu hansı qüvvələr təşkil edib və məqsəd nə idi?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Bakupost.az -a açıqlamasında bildirib ki, Laçın yolunda atəşkəsin pozulması təxribat xarakteri daşıyır. Bu isə daha çox Rusiyaya lazımdır.

Qabil Hüseynlinin sözlərinə görə, atəşkəsi pozan qüvvələr Azərbaycan ordusunu təxribata çəkməyə çalışır:

“Laçın” nəzarət məntəqəsi ermənilərin atəşkəsi pozması səbəbi ilə müvəqqəti bağlanıb. Yəni sülh yaratma prosesi dayanmayıb, davam edir. Amma eyni zamanda ortalığı qarışdıran qüvvələr var. Bunlardan biri də Rusiyadır. Avropa miqyasında isə Fransanın mənfi təsirini görürük. Həmçinin, ermənilər İranın fitvasına gələrək də bu cür təxribatlara əl atırlar. Bu nöqteyi-nəzərdən gərginlik qalır. Güman edirəm ki, çox da uzaq olmayan bir vaxtda Laçındakı nəzarət-buraxılış məntəqəsi yenidən fəaliyyət başlayacaq. Bu cür təxribatlar Rusiyanın işinə yarayır. Rusiya istəyir ki, bölgədəki silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirsin və Azərbaycan ordusunu bu cür təxribatların içinə çəksin”.

Politoloq qeyd edib ki, Xankəndində suverenliyimizin bərpası məsələsi gündəmdədir:

“Azərbaycan ordusu Xankəndində hələ əməliyyata başlamayıb. Başlamaq üçün beynəlxalq şəraitin əlverişli olmasını gözləyir. Çünki Fransa və Rusiya bölgədə irimiqyaslı müharibəyə başlamaq üçün hay-küy yaradacaqlar. Ona görə də Azərbaycanın bu əməliyyata başlama vaxtını dəqiq söyləmək mümkün deyil. Amma hər halda bunu uzun müddətə təxirə salmaq da olmaz. Çünki ərazi bütövlüyümüz üzərində süveren hüquqlarımız tanınıb. Ona görə də biz suverenliyimizi ərazilərimizin bütün hissələrinə yaymaq üçün hərəkətə keçəcəyik”.