Laçında çəkilmiş fotosu gündəm olan Ruqiyə nənə: Elə bil, yuxu görürəm…backend

Laçında çəkilmiş fotosu gündəm olan Ruqiyə nənə: Elə bil, yuxu görürəm…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT Modern.az-a istinadən təqdim edir.

Ata-baba yurduna qayıtmaqla Laçın arzusu reallaşan sakinlərdən biri Ruqiyə Xəlilovadır. Prezidentlə Laçında keçirilən görüşdə çəkilən fotosu sosial şəbəkələrdə trend olan 78 yaşlı Ruqiyə Xəlilova təəssüratlarını bölüşüb.

Artıq bir neçə gündür ki, Laçın şəhərində olduğunu deyən sakin yaşadığı anların ona yuxu kimi gəldiyini deyib:

“Laçına qayıdışımız bizdə çox gözəl təəssüratlar yaratdı. 31 il sonra öz doğma yurd-yuvamıza qovuşduq. Biz öncə kədərləndik. Çünki uzun illərdir ki, yurdumuzdan ayrı düşmüşdük. Amma bu gün burada olduğumuza görə qürurlanırıq. Biz çox xoşbəxt və sevincliyik. Ən böyük sevinci Prezidentimiz İlham Əliyev ilə görüşdə yaşadım. Ona uzun ömür və cansağlığı arzu edirəm. Prezidentimiz Laçında bizə gözəl şərait yaradıb. Evimizi hər şey öz yerində olmaqla, ürəyimiz istədiyi kimi, gözəl şəkildə təmir ediblər”.

“Bir gün Laçına qayıdacağımı xəyalıma da gətirə bilməzdim. Amma indi burdayam. Xoşbəxtəm, arzularım çin olub. Laçınımın işğaldan azad olunması həyatımın ən böyük hədiyyəsidir. Prezidentimiz bizim dağılmış evlərimizi, torpaqlarımızı yenidən inşa edərək əvvəlkindən də gözəl vəziyyətə gətirdi. Allah Prezidentimizi, bütün Türk dünyasını qorusun. Biz qürurlanırıq ki, belə güclü dövlətimiz, qüdrətli Prezidentimiz var”, – Laçın sakini əlavə edib.

Ruqiyə Xəlilova Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsinə sevindiyini söyləyib.

“Çox sevinirəm ki, Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildi. Arzu edirəm ki, İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan daim birlikdə olsunlar. Allah hər ikisini qorusun. Həmişə onları görəndə sevinirəm, fəxr hissi duyuram. Elə bilirəm ki, Ərdoğan İlham Əliyevin öz doğma qardaşıdır. Hər iki Prezidentimizi alqışlayır və hər ikisinə uzun ömür, cansağlığı arzu edirəm”, – yerli sakin vurğulayıb.

Qeyd edək ki, R.Xəlilova Laçından sonuncu dəfə 1992-ci ildə çıxıb. O zaman 47 yaşı olub. 31 il sonra doğma yurduna dönən Ruqiyə Xəlilova ahıl çağlarını Laçında yaşayacağına görə özünü xoşbəxt hiss etdiyini bildirib.