Lavrov Bakıya Ermənistan əleyhinə təkliflər GƏTİRİRbackend

Lavrov Bakıya Ermənistan əleyhinə təkliflər GƏTİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 27-28 fevral tarixlərində Bakıda səfərdə olacaq. Səfərin proqramına əsasən, o, Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirəcək, fevralın 27-də Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclasında iştirak edəcək.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, Rusiya XİN başçısının səfərinin təkcə bununla kifayətlənmədiyi, Bakıya Azərbaycan və Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh sazişi ilə bağlı yeni təkliflər gətirəcəyi ehtimal olunur.

Lavrovun Bakı səfərini şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Rusiya Azərbaycanla mövqelərini gücləndirmək istəyir.

O fikirlərini belə əsaslandırıb: “Rusiya Cənubi Qafqazdan sıxışdırılıb çıxarılır. Bu, Rusiyanın üzləşdiyi ən böyük təhlükədir. Prosesdə Ermənistanın siyasi hakimiyyəti, ilk növbədə baş nazir Nikol Paşinyan əhəmiyyətli rol oynayır. Rusiya ABŞ başda olmaqla Qərb ölkələrinin Cənubi Qafqaza marağının artdığını görür. Qərb mülki missiya adı altında bölgəyə qüvvə yerləşdirməyə başlayıb. Ermənistanın bu addımları bölgədə hərbi bazası olan, strateji müttəfiqi Rusiyanı sözün əsl mənasında şoka salıb. İndi Rusiya Azərbaycanla mövqelərini möhkəmləndirməyə çalışır. Moskva ötən il fevralın 23-də imzalanmış müttəfiqlik haqqında müqavilənin daha geniş şəkildə işə düşməsi üçün Azərbaycanla danışıqlar aparmağı zəruri hesab edir”.

Politoloqun sözlərinə görə, Lavrovun səfəri zamanı bir sıra məsələlər müzakirə olunacaq:

“Həm ikitərəfli əlaqələr, həm də Ermənistanla Azərbaycan arasında sülhyaratma prosesində Rusiyanın rolu müzakirə ediləcək. Rusiya Azərbaycanın köməyilə bu problemin həll edilməsində öz vasitəçiliyini qoruyub saxlamağa çalışır. Həm də moderatorluq funksiyası ilə bölgədə Qərbin, ABŞ-ın geosiyasi maraqlarının reallaşmasına əngəllər yaratmağı hədəfləyir. Cənubi Qafqaz üstündə ciddi mövqe döyüşləri gedir. Rusiya bölgədə öz mövqeyini itirməyə başlayıb. Bu səbəbdən Lavrovun Azərbaycana səfəri vəziyyəti birgə təhlil etmək, vəziyyətdən çıxış yollarını müzakirə etmək, eyni zamanda Azərbaycanla müttəfiqlik əlaqələrinə nəzər salmaqdan ibarətdir. Alınacaq ya, yox deyə bilmərəm”.

Q.Hüseynli Lavrovun Azərbaycana səfərindən əvvəl Ermənistanın hərbi təxribat törətməsinə də münasibət bildirib:

“Münhen Təhlükəsizlik Konfransı regionda gedən proselərdə hərəkətlilik yaradıb. Bu məsələdə ABŞ dövlət katibi Antoni Blinkenin tərəflərə xoşməramlı təsirini yaddan çıxarmamaq lazımdır. Azərbaycan Prezidenti Blinkenlə görüşdən sonra jurnalistlərə danışıqların konstruktiv keçdiyini bildirib. Bütün bu proseslərin fonunda Ermənistan daxilində müəyyən qüvvələrin, orduda hələ də güclü olan “Qarabağ klanı”nın atəşkəsin pozulmasına təsiri ola bilər. Eyni zamanda Rusiyanın 5-ci kalonunun da müdaxiləsini istisna etmirəm. Bununla da sülhyaratma prosesini uzatmaq və qarşılıqlı inamsızlığa səbəb olmaq məqsədi güdülür”.

Bəs Lavrovun səfəri Azərbaycana nə vəd edir?

Qabil Hüseynli suala cavabında deyib: “Rusiya Azərbaycanla əlaqələrində ehtiyyatlı davranır. Rusiya tərəfindən Ermənistan əleyhinə təkliflər gələ bilər. Buna Azərbaycanın reaksiyası necə olacaq, bunu zaman göstərəcək. İndiki məqamda Lavrovun gətirdiyi təkliflərlə bağlı konsensusun əldə ediləcəyini demək çətindir”.