Ermənistanın Baş naziri Nikol Paşinyan bu günlərdə İtaliyanın “La Repubblica” qəzetinə verdiyi açıqlamada Rusiya ilə bağlı Moskva administrasiyasını qəzəbləndirəcək təəccüblü açıqlamalar verib.
NOCOMMENT.az xəbər verir ki, Azərbaycanın Türkiyənin dəstəyi ilə Qarabağ bölgəsini işğaldan azad etməsində Rusiyanı günahlandıran Paşinyan bildirib ki, Moskva Ermənistanın təhlükəsizliyini qoruya bilməz.
Paşinyan həmçinin bəyan edib ki, təhlükəsizlik baxımından yalnız Rusiyadan asılı olmaq siyasəti strateji səhvdir.
Paşinyanın sözləri Moskvada diskomfort yaratsa da, İrəvan administrasiyasının sentyabrın 11-20-də ABŞ-la birgə təlimlər keçirməsi vəziyyəti daha da gərginləşdirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə G20 Liderlər Sammitinin bağlanmasından sonra keçirdiyi mətbuat konfransında vəziyyəti dəyərləndirib.
Ermənistanda bəzi rəsmilərin “Moskvanın Qarabağı Azərbaycana verdiyi” bəyanatları səsləndirdiyini xatırladan Lavrov bu açıqlamaların tamamilə yanlış və “vicdansız” olduğunu vurğulayıb.
Lavrov xatırladıb ki, Ermənistan özü də bu regionun Madrid prinsipləri ilə Azərbaycanın bir hissəsi olduğunu qəbul edir.