Lənkəran Şəhər İcra Hakimiyyəti iddialara CAVAB VERDİbackend

Lənkəran Şəhər İcra Hakimiyyəti iddialara CAVAB VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qaynarinfo.az” saytında 22 yanvar 2023-cü il tarixdə dərc olunmuş “İcra başçısının oğlu Lənkəranda çəltik əkinini inhisara alıb? – İDDİA” adlı məqaləyə və bu məqaləyə istinadən NOCOMMENT.az saytında yayımlanmış eyniadlı məqaləyə dair Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmi AÇIQLAMASI.

Lənkəran tarixən yerləşdiyi coğrafi mövqeyi, iqlim xüsusiyyətləri nəzərə alınmaqla kənd təsərrüfatının, xüsusilə subtropik bitkilərin inkişafı üçün ən uyğun məkanlardan olub. Son dövrlərdə Lənkəran rayonunda ənənəvi əkin sahəsi olan çəltikçiliyin inkişafına diqqət daha da artırılıb. Çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsi çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin ümumi iqtisadi potensialının gücləndirməsinə də mühüm töhfə verir.

Lənkəran qədimdən çəltikçiliyi ilə məşhurdur və cənab Prezident İlham Əliyevin ölkədə aqrar sahəyə göstərdiyi xüsusi diqqət və dövlət dəstəyi “Cənub Mirvari”sində uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin inkişafı üçün geniş imkanlar yaradıb. “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq yeni məhsuldar çəltik sortlarının yaradılması, onların toxumçuluğunun təşkili, gübrə, becərmə texnikaları ilə təminat Lənkəran rayonunda sözügedən ənənəvi əkinçiliyin inkişafında lokomotiv rolunu oynayıb. Ötən il Lənkəranda ümumilikdə 832.1 hektar çəltik əkini sahələrindən 2143.1 ton çəltik əldə edilib. Qeyd edək ki, 10-a yaxın inzibati ərazi dairəsi üzrə ayrı-ayrı vətəndaşlara məxsus fərdi təsərrüfatlarda ümumilikdə 353.9 hektar sahədən 1231.3 ton, rayonda fəaliyyət göstərən Beta Firması, “Muğan düyü” MMC, RUZZ MMC, Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-nin Cənub Regional İdarəsinin Lənkəran üzrə Təsərrüfatı və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik İnstitunun Lənkəran üzrə Dayaq məntəqəsi ümumilikdə 478,2 hektar sahədən 911.8 ton çəltik əldə edib.

Müqayisə üçün bildirək ki, 2016-cı ildə Lənkəran rayonunda ümumilikdə 308.7 hektar sahədə çəltik əkini aparıldığı halda, 2023-cü ildə bu rəqəm 832.1 hektara, məhsuldarlıq isə eyni dövrlə müqayisədə 768,5 tondan 2143,1 tona yüksəlmişdir. Bütün bunlar təkcə Lənkəranda sosial-iqtisadi inkişafın statistik göstəriciləri deyil, eyni zamanda, dövlətin və dövlət başçısının rayonumuzun dinamik inkişafına göstərdiyi xüsusi diqqətin təzahürüdür.

Təəssüf ki, bir sıra “media” qurumları və təmsilçiləri Lənkəran rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə qara yaxmaqda maraqlıdırlar. İddia olunduğu kimi “Besta” düyüsü nəinki Lənkəranda əkilmir, ümumiyyətlə, bu düyü ölkəyə idxal olunur. “Avanqard”, “Meko”, “Qara düyü” çəltik sortları isə vaxtılə ”Muğan Düyü” MMC-də, “Okean” sortu isə fərdi sahibkar tərəfindən istehsal olunub. “Haşimi” sortu isə RUZZ MMC-də və fərdi sahibkarlar tərəfindən istehsal olunur. Heç bir fakta söykənməyən, söz yığınından ibarət olan iddiaları, qərəzli, böhtan və yalan məlumatları tirajlamaqla əslində kimlərə və nəyə xidmət etdiklərini açıq şəkildə ortaya qoyan sözügedən “jurnalist”lərin nəzərinə çatdırırıq ki, Lənkəran ŞİH başçısı Taleh Qaraşovun oğlu Samir Qaraşovun çəltik istehsalı ilə heç bir bağlılğı yoxdur, onun adına çəltik istehsalı ilə məşğul olan hər hansı müəssisə mövcud deyil. Eyni zamanda, Lənkəran rayonunda inhisarçılıqla mübarizə hər zaman xüsusi nəzarət altında saxlanılıb və heç kimin haqqsız və qeyri-sağlam rəqabət əsasında qazanc əldə etməsinə şərait yaradılmayıb. Bu istiqamətdə aidiyyəti dövlət qurumları hər zaman prinsipial mövqelərini daim ortaya qoyublar.

Bir daha media nümayəndələrini peşə fəaliyyətlərini qərəzsiz, dürüst və qanunvericiliyin tələblərinə uyğun davam etdirməsini xahiş edirik. Lənkəran ŞİH istənilən məsələ ilə bağlı qanunvericilik çərçivəsində media nümayəndələri ilə əməkdaşlıqda maraqlıdır.